Elman Fəttah: “Bu, çox absurd bir məsələdir”; Ənvər Ağazadə: “60-dan çox namizədi qeydə alınmış qurum olmayacaq”
Bəybala Əbil: “Efirlər bütün namizədlərin üzünə açıq olmalıdır”
Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkiləri öncəsi təbliğat-təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək. Hakim partiya buna səbəb kimi alternativliyin olmamasını əsas gətirib.
Belə ki, seçkilərdə 60-dan çox namizədi qeydə alınmış siyasi qurum ödənişsiz efir vaxtı əldə edir. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata açıqlamasında bu şansı yalnız onların əldə edəcəklərini, heç bir siyasi qurumun 60-dan çox namizəd irəli sürə bilməməsini, bunun üçün imtina etdiklərini bildirib: “Biz bütün seçkilərdə, o cümlədən 2010-cu ilin parlament və 2014-cü ilin bələdiyyə seçkilərində partiya olaraq iştirak etmişik. Belə olanda YAP-a pulsuz efir vaxtı ayrılır, dövri mətbuatda təşviqatın aparılmasına şərait yaradılır. Amma biz bundan imtina edirik, çünki başqa partiyalar 60 dairədən namizəd irəli sürməyə adam tapmırlar. Belə olanda da alternativlik olmur. Ona görə də dövlətin ayırdığı ödənişsiz efir vaxtından imtina edirik. Mərkəzi Seçki Komissiyası bütün namizədlərin efir vaxtından istifadə hüququnun olması ilə bağlı qərar verə bilər. 2010-cu ilin parlament seçkilərində hər bir dairədən olan namizədlərin ”dəyirmi masa"ları keçirildi. Yəqin ki, bu il də belə olacaq".

Qeyd edək ki, hazırda namizədlərin imzatoplama kampaniyası, qeydə alınmaları prosesi davam edir. Heç bir siyasi qurumun 60-dan çox namizədi qeydə alınmayıb. Hakim partiyanın bu qədər iddiaçısının hələ də qeydə alınmamasına baxmayaraq, belə bir qərar verməsi ilə bağlı ekspertlərin bəzi qənaətləri var. Onlar hesab edirlər ki, hakimiyyət bununla seçkidə iştirak edən siyasi qurumlara mesaj göndərib. Yəni heç bir siyasi qurumun 60-dan çox namizədinin qeydə alınmaması ilə bağlı. Hazırda müxalif namizədlərə imzatoplama kampaniyasında və qeydiyyat prosesində yaradılan süni-əngəllər ekspertlərin bu fikrini dolayısı yolla təsdiqləyir. Seçkilərdə iştirak edən müxalif qurumların əksəriyyəti 60-dan çox dairədən iddiaçı irəli sürüb. Bu o deməkdir ki, qarşıdakı günlərdə müxalifət namizədlərinin “vurulması” prosesi artan xətlə davam edəcək.
60-dan çox dairədən namizəd irəli sürən qurumlardan Müsavat Partiyasının iddiaçılarının qeydə alınmasında ciddi manelər var. İndiyə qədər partiyanın sabiq Məclis sədri Arzu Səmədbəylinin, Divan üzvü Vəfa Cümşüdlünün, Ağcabədi Təşkilatının sədri Rəşid Nəcəflinin namizədliyi qeydə alınmayıb. Müsavatın keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin isə imza vərəqələri qəbul edilməyib. Seçkilərdə iştirak edən digər qurumlarda da bu cür problemlər var.

Müsavat başqanının müavini Elman Fəttah hakimiyyətin əsas hədəfinin müxalifəti seçkilərdən kənarda qoymaq olduğunu söylədi: “Hakimiyyət əvvəllər olduğu kimi, bu dəfə də seçkiyə olan marağı, əhalinin siyasi fəallığını aşağı səviyyədə saxlamaq istəyir. Bu məqsədlə ödənişsiz efir vaxtından imtina etdi. Çünki pulsuz efir vaxtı əldə etmək şansı olan, potensial namizədlər irəli sürən qurumlar var. Bunlardan biri də Müsavat Partiyasıdır. Hədəf bu qurumları kənarda saxlamaqdır. Bu, çox absurd bir məsələdir. Seçkiöncəsi prosesdə iştirak edən bir siyasi qurum əsas təbliğat vasitəsi olan pulsuz efirdən imtina edirsə, bununla hakimiyyət seçkiyə olan münasibətini ortaya qoyur. YAP Azərbaycanda seçki adına heç nəyin olmadığını, seçki prosesinin olmasını istəmədiyini büruzə verdi. Bu hələ ki YAP-ın qərarıdır.
Seçki strategiyamız seçki ilə bağlı bütün imkanlardan istifadə edərək, rejimə qarşı fasiləsiz, ardıcıl şəkildə mübarizə aparmaqdır. Bunun ən əhəmiyyətlisi xalqla təmasları intensivləşdirmək baxımından efir vaxtı idi. Əgər seçki vaxtı heç bir instrument qalmırsa, o zaman yəqin ki, o prosesdə iştirakımız dayanacaq. Çünki məqsədimiz bu instrumentlərdən istifadə etmək idi. Bu yoxdursa, demək, biz də o prosesdə yoxuq”.

Ümid Partiyası sədrinin müavini, namizədliyi qeydə alınmayan Ənvər Ağazadə builki seçki prosesinin əvvəlkilərdən heç də fərqlənmədiyi qənaətindədir: “Əvvəlki seçkilərdə olduğu kimi, proses yenə də icra strukturlarının tam nəzarəti altında keçirilir. Namizədlərin qeydə alınması prosesi başa çatmamış, YAP belə bir qərar verir. Artıq onlar bilirlər ki, 60-dan çox namizədi qeydə alınmış qurum olmayacaq. MSK başda olmaqla, dairə seçki komissiyalarına bu barədə göstərişlər verirlər. Buna uyğun da hərəkət edilir. Seçkilər tam şəffaf olmayacaq. Hakimiyyət 2010-cu ildə olan ənənəni davam etdirir. Qanuna zidd addımlardır. 60-dan çox dairədən namizədimiz irəli sürülüb. Ən azından gözləmək lazım idi. Namizədlərimizə qarşı böyük basqılar var. 72 saylı dairədən namizədliyim qeydə alınmadı. Digər sədr müavini Araz İsayevin də namizədliyi qeydə alınmadı. İmza verən insanlara imtina etmələri üçün təzyiqlər edilir. İnsanları çörəklə imtahana çəkirlər. Bununla bağlı MSK-ya şikayət etmişik. Prokurorluğa da müraciət edəcəyik. Təəssüf ki, yuxarı orqanlara etdiyimiz şikayətlərə baxmayaraq, bu proses davam edir”.

“Azadlıq-2015" seçki blokunun Seçki Qərargahının sədri Bəybala Əbil sona qədər 60-dan çox dairədə namizədlərinin qeydə alınması üçün mübarizə aparacaqlarını qeyd etdi: ”Bu qərarı YAP-ın mesajı kimi də qəbul etmək olar. 70-dən çox namizədimiz iştirak edir. YAP-ın əsas məqsədi seçkini xalqın üzünə bağlamaqdır. Azad seçki mühiti yoxdur. Buna görə də, ciddi problemlər yaradılır. Yap demokratik seçki fonu yaratmağa çalışır. Əslində qalsa isə, seçki prosesinə ciddi zərbə vururlar. Efirlər bütün namizədlərin üzünə açıq olmalıdır".
Cia.az
