"Rusiyada prezident Vladimir Putinin qurduğu rejimin kökü vaxtilə Boris Yeltsinin sırf şəxsi səbəblərdən verdiyi qərara gedib çıxır. O, şəxsi təhlükəsizliyini, sərvətini, ailəsini qoruyacaq birini - Putini varisi seçdi. Yeltsinin nazirlərindən olan Sergey Stepaşin daha demokratiyaya meylli idi. O, 1994-cü il ilk çeçen müharibəsinə azacıq rəğbətini də büruzə vermişdi".
Bunu Nyu-Yorkda Yeni Məktəbin dekanı və Dünya Siyasət İnstitutunda Rusiya layihəsinin rəhbəri Nina Xruşçeva yazıb. Onun məqaləsini "Project Syndicate" saytı dərc edib.
Müəllif yazır ki, Yeltsinin seçimi şəxsi maraqlarına cavab versə də Rusiyanı avtoritarizmə qaytardı. Yeltsin həm Rusiyanın demokratik gələcəyə açılması, həm də ölkə tarixində həmin fəslin bağlanması üçün məsuliyyət daşıyırdı: "İndi də Türkiyənin gələcəyi bir kişinin əlindədir - keçmiş prezident Abdullah Gülün. Türkiyə seçiciləri noyabrın 1-də ikinci dəfə parlament seçkilərinə gedir. Gül prezident Rəcəb Tayyib Ərdoğana arxa durmaqla bağlı qərar verməlidir. Onun seçimi Türkiyənin demokratik qalacağı, yaxud Ərdoğanın yaratdığı putinizmə doğru gedəcəyini müəyyənləşdirəcək".
Nina Xruşçeva yazır ki, iyundakı seçkilərdə Ərdoğanın AKP-si səs çoxluğu qazana bilməyəndən sonra A.Gül belə bir vacib mövqeyə yüksəlib: "Putinlə Ərdoğan arasında böyük fərq var. Yeltsin gedəndə Putin heç kəsdən asılı deyildi, Kremlin ağası idi. Ərdoğan isə AKP-ni tərəfdaşı Güllə birlikdə yaradıb. Yeltsindən fərqli olaraq Gül vəzifədən gedəndən güclü mövqeyini saxlayıb".
Müəllif A.Gülün daim Ərdoğanın kölgəsində qalmasından, vaxtilə Gül hökumətində xidmətləri olmuş AKP üzvlərinin partiyadan çıxarılmasından bəhs edir: "Con Kennedi yazırdı: "Adam etməli olduğunu etməlidir - şəxsən özünə aid olan nəticələrin acığına, maneələrin, təhlükələrin və təzyiqlərin acığına. Və bu, bütün bəşər mənəviyyatının təməlidir..." Gül üçün həmin məqam indidir..."
Cia.az
