|
İlham Əliyev səfirləri qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria Rovena Mendoza Sançezin etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

M. Sançez Filippin prezidenti III Beniqno Akinonun salamlarını dövlət başçısına çatdırıb. Ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışan səfir xalqlarımızın ümumi dəyərlərə malik olduğunu məmnunluqla qeyd edib.

Azərbaycanla Filippin arasında ikitərəfli münasibətlərin inkişafını yüksək dəyərləndirən prezident İ.Əliyev isə əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı filipinli həmkarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş edib.

Azərbaycan prezideni bu gün həmçinin Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonun etimadnaməsini qəbul edib. Səfirlə söhbət zamanı dövlət başçısı Azərbaycanla Qvatemala arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyən prezident İ. Əliyev ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün də imkanların araşdırılmasının vacibliyini qeyd edib. Dövlət başçısı səfirin bu əlaqələrin inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Öz növbəsində H. Koronado Qvatemala prezidenti Otto Fernando Perez Molinanın salamlarını dövlət başçısına çatdırıb. O, ölkəsinin prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

Azərbaycan prezidenti qvatemalalı həmkarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qvatemala dövlət başçısına çatdırmağı xahiş edib.

Azərbaycan prezidenti İ. Əliyev həmçinin Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tharit Çarungvatın etimadnaməsini qəbul edib. Səfirlə söhbət zamanı Azərbaycanla Tailand arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan prezident İ. Əliyev ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edən dövlət başçısı iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğulayıb.


Tailandın yeni təyin olunmuş səfiri isə Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib və əldə olunan uğurlar münasibəti ilə Azərbaycan prezidentini təbrik edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev bu gün Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenin etimadnaməsini qəbul edib. Azərbaycanla Avstraliya arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı Avstraliya baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı apardıqları müzakirələri məmnunluqla xatırlayıb. Prezident İ. Əliyev ölkələrimiz arasında əlaqələrin perspektivləri, qarşılıqlı biznes və investisiya imkanlarının öyrənilməsi istiqamətində işlərin aparılmasının vacibliyini qeyd edib.


C. Larsen isə ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, təhsil və digər sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib. O, ikitərəfli münasibətlərimizin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı bu gün Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Conatan Endryu Karrın etimadnaməsini də qəbul edib.


Görüşdə Azərbaycanla Yeni Zelandiya arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən prezident İ.Əliyev bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün güclü qarşılıqlı siyasi iradənin olduğunu vurğulayaraq biznes, sərmayə qoyuluşu və digər sahələrdə imkanların araşdırılmasının zəruriliyini qeyd edib.

Səfir C. Karr isə Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.