MSK Sərdar Həmidovun oğlunu qeydə aldı, ona problem yaradan DSK-ya xəbərdarlıq etdi
Sentyabrın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK sədri iclasda məlumat verib ki, 23 sentyabra qədər Milli Məclisə seçkilərlə əlaqədar 1183 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Bunlardan 543 nəfərin namizədliyi siyasi partiyalar, 57 nəfərin namizədliyi “Azadlıq-2015" siyasi partiyalar bloku tərəfindən, 3 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 680 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Namizədliyi irəli sürülənlərdən 1027 nəfərin namizədliyi təsdiq olunub.
Namizədliyi təsdiq olunanlardan 270 nəfərə imza vərəqələri qaytarılıb, 111 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
İndiyə qədər MSK-da 102 müşahidəçi qeydə alınıb. Onlardan 91 öz təşəbbüsü, 10 nəfər QHT təşəbbüsü, 1 nəfər xüsusi icazə əsasında müşahidəçi kimi qeydə alınıb.
MSK-nın iclasında həmçinin məlumat verilib ki, komissiyanın internet saytında deputatlığa namizədliyi qeydə alınanlarla yanaşı, deputatlığa namizədliyinin irəli sürülməsi qeydə alınanlar barədə də məlumatlar yerləşdiriləcək.
Qeyd edək ki, belə bir təşəbbüslə MSK üzvü Akif Qurbanov çıxış edib. O, bələdiyyə seçkilərində olduğu kimi, namizədliyinin irəli sürülməsi təsdiq edilənlər barədə də MSK-nın saytında məlumatların yerləşdirilməsini zəruri sayıb. Məsələni araşdıran MSK sədri bildirib ki, deputatlığa namizədliyi qeydə alınanlar barədə məlumatlar ətraflı yoxlanıldığı üçün qeyri-dəqiqliyə rast gəlinməsə də, deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənənlər barədə məlumatlarda qeyri-dəqiqlik ola bilər. Bununla belə, MSK sədri texniki imkanların təkcə namizədliyi qeydə alınanlar yox, həm də namizədliyinin irəli sürülməsi qeydə alınanlar barədə də məlumatların yerləşdirilməsinə imkan verdiyini söyləyib. O, MSK Katibliyinin İnformasiya Mərkəzinə müvafiq göstəriş verib. Deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənənlər barədə məlumatlar saytda yerləşdirilərkən xüsusi qeyd də veriləcək ki, MSK bu məlumatlarla bağlı məsuliyyət daşımır.
İclasda Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası da müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə 35 gün qalmış seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası təsdiqlənməlidir. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Milli Məclisə seçkilərlə bağlı Milli Məclisin mətbəəsində 5 milyon 344 min 431 seçki bülleteni dərc ediləcək.
MSK iclasında quruma daxil olmuş müraciətlərə də baxılıb. Belə ki, 95 saylı Tərtər seçki dairəsində öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Şəhriyar Məcidzadə imza vərəqələrini təqdim etdiyi halda deputatlığa namizəd kimi qeydə alınmaması ilə əlaqədar MSK-ya şikayət edib. Məsələ barədə məlumat verən MSK üzvü Validə Kazımova bildirib ki, məsələ araşdırılıb və məlum olub ki, Ş.Məcidzadənin təqdim etdiyi imza vərəqələrində 550 imzanın 529-u həqiqidir. Bu da namizədin qeydə alınması üçün yetərlidir. V. Kazımova Ş. Məcidzadənin deputatlığa namizədliyinin qeydə alınmasını vacib sayıb. MSK məsələni səsverməyə çıxararaq qəbul edib.
MSK sədri Məzahir Pənahov namizədlərin qeydə alınması prosesinə qanunsuz maneə yaradılmasının yolverilməz olduğunu bildirib. O, 95 saylı Tərtər Seçki Komissiyasına xüsusi xəbərdarlıq ediləcəyini söyləyib.
MSK Müsavat Partiyası tərəfindən 82 saylı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülən Rəşid Rəcəblinin imza vərəqələrinin və digər sənədlərin yoxlanılması prosesində iştirakının təmin edilməsi ilə bağlı müraciətinə də baxıb. R. Rəcəblinin imza vərəqələrinin və digər sənədlərinin yoxlanılması prosesində iştirakının təmin edilməsi barədə qərar verilib.
Cia.az
