Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin törətdiyi cinayətin şok görüntüləri ortaya çıxıb. Saytların yayımladığı videogörüntülərdə Tamerlan Əsədullayevin bu ilin aprel ayında Yasamal rayonunda, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı “Senator” restoranında ofisiantla mübahisəsi öz əksini tapıb. Yada salaq ki, qanlı olay aprelin 10-da baş vermişdi.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanmışdı. Olaydan sonra belə məlumatlar vardı ki, Şərif Əsədullayevin oğlu, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısı oğlu olan Tamerlan Əsədullayev cəzadan kənarda qalacaq.
Amma həmin vaxt general-mayor Şərif Əsədullayev oğlunu istintaqa təhvil vermiş, onun qanunda nəzərdə tutulan qaydada cəzalandırılmasına tərəfdar olduğunu bəyan etmişdi. “Hamı qanun qarşısında bərabərdir. Oğlumun günahı varsa, cəzasını çəkəcək, yoxdursa, azad olunacaq” - deyə hüquq müdafiəçisi Elçin Behbudovun sorğusuna general-mayor cavab vermişdi.
Belə bir açıqlamadan sonra T.Əsədullayevin yaxınlarda azad olunacağı gözlənilən deyildi. Lakin əksi baş verdi və avqustun 15-də T.Əsədullayev sərbəst buraxıldı.
Redaksiyamıza daxil olan məlumata görə, Tamerlan Əsədullayev birbaşa dayısı Hacı Allahşükür Paşazadənin xahişi ilə atasının iradəsinə zidd olaraq azad olunub. T.Əsədullayev azad edildikdən sonra A.Paşazadənin evlərindən birində yaşaması xəbəri də var.
Onun törətdiyi cinayətin anbaan qeydə alınan videosundakı görüntülərə yəqin ki, xahişini edən yaxınları baxmayıblar.
Burada 2 gəncin sözünün çəpləşməsi, birinin bu zəmində o birinə bıçıq xəsarəti yetirməsindən söhbət getmir. General-mayorun oğlu hansısa səbəbdən gənc ofisiantı restoranın içində dəqiqələrcə qovur. Ofisiant qaçıb mətbəxdə gizlənir. Amma xeyri olmur, Tamerlan gəlib qapının şüşəsini sındırır, içəri keçir, əlində bıçaq ofisiantı təqib edir. Ofisiant masaların başına fırlanır, Tamerlanın əlindəki bıçaqdan qorunmağa çalışır. Ofisiantın əlindən bıçağı alıb onun üstünə əks-hücuma keçmək imkanının olması da açıq-aşkar görünür. Lakin ofisiant bunu etmir.
Belə görünür ki, o, Tamerlanın kimin bacısı oğlu, kimin oğlu olması haqda məlumatlıdır. Üstəlik, restoranın digər işçiləri də Tamerlanı zərərsizləşdirməyə o qədər də həvəsli görünmürlər. Səbəb sadədir - heç kim ağrımayan başına dəsmal bağlamaq istəmir. Tamerlanın bunu bilərək ofisiantı söyə-söyə ona çatmaq, dəlmə-deşik etmək istəyi də tükənmir. O, restoranın işçilərinin yalvar-yaxarına da əhəmiyyət vermir. Daha sonra ofisiant özünü birtəhər liftə çatdırır, general oğlu bir saniyə fərqlə bağlanan liftə çata bilmir, liftin qapısını təpikləyir, hiddəti isə azalmır.
Sonra kadrlar sürətlənir, adamlar ora-bura qaçışırlar. Nəhayət, o, məqsədinə çatır: ofisiant artıq bıçaqlanıb, qanı axır, general-mayorun oğlu bir qədər sakitləşib. İndi restoranın işçiləri bıçaqlanmış ofisiantın qisas aktının qarşısını alırlar. Ona Tamerlana cavab haqqı tanımırlar, Tamerlanı aparırlar. İş bitmir, o, yenə gəlir, ofisiant qanlı köynəyi çıxarır. Dava təzədən qızışır. Axırda fiziki cəhətdən cüssəli ofisiant özündən zəif birinin qabağından qaçmaqdan bezir, yaralı olduğu halda general oğlunu bir həmlə ilə götürüb yerə çırpır. Bu da o demək olur ki, bayaqdan bəri ofisiant canının qorxusundan yox, general oğluna xəsarət yetirib tutulmaqdan, azadlığını itirməkdən qorxurmuş. Film bundan ibarətdir və heç də Hollivud trillerlərindən geri qalmır.
Videoda olanları yazıya çevirdik, videoya baxmağa imkanı və ya istəyi olmayan dayılar oxuyub bəlkə azadlıqda olan bacı oğluna bir dərs verdilər.
Cia.az
