Bahar Muradova: “Biz müstəqilliyimizin itirilməsi məsələsində hər hansı güzəştə getməyəcəyik”; Elxan Mehdiyev: “BMT-dəki Qarabağ “danışıqları” ATƏT həmsədrlərinə hesabat üçün lazımdır”
Arzu Nağıyev: “Rusiya Qarabağdakı hərbi birləşmələrini ”sülhməramlı" adı ilə leqallaşdırmağa cəhd göstərə bilər"
Qarabağ məsələsinin həllində Rusiyanın “açar” rolunu oynayacağı barədə mülahizələr yenidən ciddi şəkildə dövriyyəyə buraxılıb. Xüsusilə də bu məsələnin artıq Qərb dairələrində müzakirə olunması “status-kvo”nun dəyişəcəyi haqda mülahizələri xeyli çoxaldıb.
Tezliklə Dağlıq Qarabağda status-kvonun dəyişə biləcəyi barədə ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik şirkətinin iddiası da kifayət qədər həssas yanaşmalar doğurub. ABŞ kəşfiyyatının fikirlərini özündə əsk etdirən təşkilatın “Tezliklə Dağlıq Qarabağda status-kvo dəyişə bilər.
1994-cü ildə atəşkəsin elan olunmasından sonra bu ərazi faktiki olaraq Ermənistanın nəzarətindədir, münaqişə isə dondurulub. İndi isə Dağlıq Qarabağa Rusiyanın sülhməramlı qoşunları daxil ola bilər” - açıqlamasından az sonra Moskvada Türkiyə və Rusiya prezidentlərinin bir araya gəlməsini bəzi müşahidəçilər tamam fərqli kontekstdə izah edirlər.
Məsələ burasındadır ki, 23 sentyabrda Moskva Cümə məscidinin açılışı ilə bağlı keçirilən mərasimdə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin prezidenti Mahmud Abbas, habelə bir sıra müsəlman ölkələrinin nümayəndələri, səfirlər və Rusiyada fəaliyyət göstərən digər dini konfessiyaların rəhbər şəxsləri iştirak edib. Rusiya prezidentinin mərasimdən sonra türkiyəli həmkarı ilə görüşündə bir sıra digər mühüm məsələlərlə yanaşı, Qarabağ müzakirəsini də aparacağı haqda hələ əvvəldən iddialar səslənirdi.
Xatirladaq ki, bundan əvvəl Putin və Ərdoğan arasında qapalı xarakterli görüş iyunun 13-də Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində baş tutub. Güman olunur ki, Qərbin Qarabağ məsələsi ilə bağlı çalışmalarını əngəlləməyi bacaran Moskva, nəhayət, bölgədə irəliləyiş xarakterli addımlar atmağa qərarlıdır və Rusiya XİN başçısı S.Lavrovun sentyabrın əvvəllərində Bakıya səfəri də detalların müzakirəsi məqsədi daşıyıb. Məhz bunun ardınca rus sülhməramlılarının bölgəyə yeridilməsi barədə davamlı məlumatların yayılması Türkiyənin də diqqətini təbii olaraq cəlb edib. Moskvanın sülhməramlı qərarına Azərbaycanla yanaşı, ölkəmizin strateji müttəfiqi qardaş Türkiyənin də razılıq verməsi isə təbii ki, zəruri sayılır.
Elə “Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi” də adlandırılan “Stratfor”un təhlilçiləri də bildirir ki, Ankara ilə Moskva arasında gərgin münasibətlər təkcə Suriyaya görə yaranmayıb. Rusiya son vaxtlar Türkiyənin Qafqazdakı ən əsas müttəfiqi Azərbaycanla da danışıqlar aparır.

Bəzi məlumatlara görə, Moskva ilə Bakı bu danışıqlar zamanı Azərbaycanla Ermənistan arasındakı dondurulmuş münaqişəni - Qarabağ münaqişəsini birdəfəlik həll etməyə çalışırlar. “Stratfor”un təhlilçilərinin qənaətinə görə, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Bakını hərbi qarantı rolunda əvvəllər Türkiyə çıxış edirdi. İndi isə Rusiya bu regiondakı vəziyyətə təkbaşına nəzarət etmək istəyir. Analitiklər hesab edir ki, Rusiya Suriya problemindən və Qarabağ münaqişəsindən “Türk axını” layihəsinin gələcəyi məsələsi ilə bağlı Türkiyəyə təzyiq göstərmək üçün istifadə etməyə çalışır. Xatırladaq ki, “Türk axını” layihəsi üzrə işlər bu yaxınlarda tam dayandırılıb.
Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka yola düşüb. Səfər çərçivəsində nazir Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək toplantılarda iştirakı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. ATƏT-in mandatı çərçivəsində heç bir həll yolu tapılmayan Qarabağ məsələsinin BMT-də müzakirə olunacağı barədə də gözləntilər var.
Milli Məclisin sədr müavini Bahar Muradova “Yeni Müsavat”a açıqlamasında dedi ki, rus sülhməramlıları ilə bağlı xəbərlər rəsmi mövqeni əks etdirmir: “Kimlərsə ictimai rəyi yoxlamaq üçün fikirlər səsləndirə bilər. Amma əsas olan Azərbaycan dövlətinin mövqeyi, Azərbaycan xalqının iradəsidir. Bu, imkan vermir ki, söylənilən fikirlər reallığa çevrilsin. Nə qədər ki, Azərbaycan dövlətinin gücü var, bu kimi məsələlərə müqavimət göstərəcək və kimsə bundan bədgüman olmasın, kimsə də bundan şübhələnməsin. Azərbaycan iqtidarı Azərbaycan dövlətinin suverenliyinə, onun siyasi iradəsinə yönəlmiş hər hansı bir cəhdlərə müsbət cavab verə bilməz. Biz müstəqilliyimizin itirilməsi təhlükəsinə yönəlmiş hər hansı münasibətlərdə güzəştə getməyəcəyik, bu, birmənalıdır”.

Sülhməramlıların yerləşdirilməsi problemin həll variantlarından biri kimi nəzərdən keçirilə bilərmi? B.Muradova: “Bölgədə sülhməramlıların yerləşdirilməsi məsələsi ATƏT-in sənədlərində öz əksini tapıb. Bu, konkret bir ölkənin sülhməramlıları ola bilməz, aydın şəkildə orda da göstərilib. Qarabağ məsələsinin mərhələli həllinə Azərbaycan hər zaman razılıq verib və biz mərhələli həll variantını qəbul edirik. Əlbəttə ki, ilkin mərhələ üçün ərazidən qoşunların çıxarılması və işğal olunmuş ərazilərin azad olunması məsələsi var və bu, mərhələli şəkildə yerinə yetirildikcə növbəti mərhələnin də şərtlərinə əməl etməklə Azərbaycan həll variantına razılıq verib. Əks təqdirdə, bilirsiniz ki, bir neçə həll variantı təqdim olunmuşdu və Azərbaycan bunlara razı ola bilərdi.
Amma hətta Azərbaycanın hədəf götürdüyü həll variantında hansısa kiçik bir dəyişikliyə belə gətirib çıxara bilən variantdan hər zaman rəsmi Bakı imtina edib. Ona görə də ”müəyyən prinsiplər razılaşdırılıb, artıq ilkin addımlar atılacaq" kimi proqnozlar heç zaman özünü doğrultmadı. Bəzi hallarda elə vəziyyətlər olub ki, çox qısa müddətdə müəyyən nəticələrin olacağına hər kəsdə inam olub. Amma görürsünüz ki, orda azacıq da olsa, bizim mövqeyimizə xələl gətirə bilən məqamlar olduğuna görə, Azərbaycan heç zaman ona getməyib və bundan sonra da getməyəcək. Həqiqətən də Azərbaycanın müəyyən etdiyi qəti mövqe var, ondan bir addım da geri çəkilən deyilik. Bununçün də həm ölkəmizi inkişaf etdiririk, həm hərbi qüdrətimizi artırırıq, iqtisadi imkanlarımızı genişləndiririk, ən əsası da beynəlxalq hüququn prinsiplərindən istifadə edirik, bu məsələnin danışıqlar yolu ilə həllinə üstünlük veririk. Hazırkı məqam üçün... Əlbəttə, kimsə də bundan kənar öz iradəsini qəbul etdirmək istəyəcəksə, digər imkanlarımız, digər rıçaqlarımız işə düşəcək. Təmas xəttində baş verən insidentlər zamanı Azərbaycanın tutduğu mövqe də bunu açıq-aşkar göstərir. Hər kəs bundan özü üçün nəticə çıxartmalıdır".

Konfliktoloq Elxan Mehdiyev Moskva görüşündən Qarabağla bağlı ciddi addımlar gözləmir: “Ərdoğanla Putin arasında Qarabağla bağlı anlaşmanın olacağı fikri fantastik fikirdir. Birincisi, Ərdoğanın gündəmində Qarabağ məsələsi heç bir zaman Azərbaycanın ondan gözlədiyi kimi durmayıb və ümumiyyətlə, bu məsələ Türkiyə-Rusiya münasibətlərinin gündəminə çevrilməyib. İkincisi də bu məsələ heç bir zaman Türkiyənin xarici siyasətində nəzərəçarpan yer də tutmayıb. Bütün bunları Türkiyənin baş naziri və prezidentinin müxtəlif beynəlxalq forumlarda çıxışları da təsdiq edir. Əgər Qəzzaya BMT-dəki çıxışda 11 dəqiqə, Somaliyə 3 dəqiqə və Muanmara 2 dəqiqə sərf edilirsə, Qarabağın adı da çəkilmir. Ona görə gəlin, özümüzü aldatmayaq. Dördüncüsü, Rusiya bu məsələni Türkiyə ilə yox, ABŞ və Fransa ilə müzakirə edir”.
Rusiya sülhmərmalılarının Qarabağda yerləşdirilməsinə gəlincə, E.Mehdiyev bildirdi ki, Rusiya birtərəfli olaraq anlaşmaya nail olarsa və tərəflər rus sülhməramlılarına razılıq verərsə, bu, realdır: “BMT-dəki Qarabağ ”danışıqları" isə ATƏT-in həmsədrlərinə hesabat üçün lazımdır".

Politoloq Arzu Nağıyev isə hesab edir ki, R.T.Ərdoğanın Rusiyaya səfəri və Putinlə görüşməsində bir neçə məqam daha diqqətçəkəndir: “Birincisi, məlumdur ki, Ərdoğan Moskvada məscidin açılışı mərasiminə qatılıb və orada namaz qıldıqdan sonra rəsmi açılış olub. Bu, ilk baxışdan sadə görünsə də, məhz Türkiyə kimi böyük bir müsəlman dövlətinin liderinin bu mərasimə dəvəti zərurətdən doğur və Rusiya bununla tərəfdaş olduqlarını göstərməyə çalışır”.
A.Nağıyevin sözlərinə görə, səfərdə ikinci məqam yəqin ki, “Türk axını” layihəsinə yenidən baxılması ilə bağlı olacaq: “Burada yaranmış bəzi anlaşılmazlıqlara aydınlıq gətirilməsi yəqin ki, iqtisadi sahədə prioritet istiqamət sayılacaq. Ən əsas məsələ yəqin ki, Suriyada baş verən son hadisələr və Rusiyanın Bəşər Əsəd rejiminə göstərdiyiy siyasi və hərbi dəstək barəsində olacaq. Məlumdur ki, istər ABŞ olsun, istərsə də İsrail və Türkiyə, bu gün Bəşər Əsəd rejiminə qarşı olan əsas qüvvələrdir. Burada da hərənin öz marağı var. İsrail İranın nüfuzunun artacağından çəkinir, Türkiyənin PKK və İŞİD qorxusu var, ABŞ və digər Qərb dövlətləri də məhz Rusiyanın regionda nüfuzunun artacağından çəkinirlər”.
Bununla belə, ekspert zənn edir ki, görüşdə Rusiya ilə Qağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də müvafiq danışıqların aparılacağı istisna olunmur: “Çünki Rusiya artıq sülhməramlı kontingent adı altında İranla Azərbaycanın nəzarətsiz olan və Dağlıq Qarabağ ətrafındakı Zəngilan, Cəbrayıl, Füzuli ərazilərindəki sərhədi, ABŞ-la İranın yaxınlığından çəkinərək nəzarətə götürə bilər. Bundan başqa, Dağlıq Qarabağ ərazisində olan hərbi birləşmələrini bu adla leqallaşdırmağa cəhd göstərər və 102 saylı hərbi bazanın yerdəyişməsi prosesini həyata keçirər. Lakin inandırıcı deyil ki, BMT və ATƏT-in müvafiq mandatı və münaqişə tərəflərinin razılığı olmadan bu addım atılsın”.
*****
Putinin Qarabağ müzakirələrində önə çıxmağa çalışdığı indiki məqamda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin mövqeyi də maraq doğurur. “Dağlıq Qarabağ problemi ”dondurulmuş" münaqişə deyil" deyən diplomat BBC-nin Azərbaycan bölməsinə müsahibəsində bildirib ki, təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca gərginlik çox yüksəkdir: “Biz atəşkəsin pozulması hallarından və tərəflərin artilleriya da daxil olmaqla, ağır silahlardan istifadə etməsinə dair xəbərlərdən narahatıq. Toplardan və ağır silahlardan istifadə yolverilməzdir. Biz xüsusilə də dinc əhali arasında itkilərdən narahatıq və tərəfləri belə zorakılıqların qarşısının alınması üçün bütün mümkün addımların atılmasına çağırmışıq. Biz situasiyanın sabitləşdirilməsi naminə tərəflər arasında etimadın və danışıqlar üçün daha konstruktiv atmosferin yaradılması üçün tədbirlərimizin müzakirəsini davam etdiririk. Mən inanıram ki, tərəflər həmsədrlərin münaqişənin dinc və danışıqlar yolu ilə həlli məqsədinə tərəfdardırlar. Biz hərtərəfli sazişin elementləri üzərində işləmək məqsədilə region liderləri ilə görüşürük. Gələn həftə keçiriləcək BMT Baş Assambleyasında xarici işlər nazirləri ilə görüşərkən gərginliyin azaldılması və atəşkəsə ciddi riayət edilməsi əsas məsələ olacaq”.
Diplomatın fikrincə, hazırda çatışmayan Ermənistan və Azərbaycanda sazişin əldə olunması üçün siyasi iradədir: “Mən bir neçə yerdə dəfələrlə demişəm ki, prezidentlər müharibə ritorikasından əl çəkməli və ictimaiyyətlərini sülhə hazırlamalıdırlar. Həmsədrlər tərəflərlə birlikdə sazişin detalları üzərində işi davam etdirirlər, lakin sazişin yekunlaşdırılması ilk növbədə prezidentlərin siyasi iradəsindən asılıdır”.
Göründüyü kimi, ABŞ yenə də balansı qorumağa və təcavüzkarla təcavüzə məruz qalanı fərqləndirməməyə çalışır. Bu cür mövqe isə Rusiyaya Azərbaycanı öz tərəfinə çəkmək üçün əlavə şans və arqumentlər qazandırır.
Cia.az
