|
Ziya Məmmədovun qoçuları “mütəşəkkil dəstə” yaradıb
Rəsmi geyimli nəqliyyat müfəttişlərinin, həmçinin Nəqliyyat Nazirliyinin mülki geyimdə olan qoçularının sürücülərin başına açdığı oyunlar haqda dəfələrlə yazılıb.  Lakin problem nəinki həll edilməyib, hətta əvvəlkindən də pis vəziyyət yaranıb. Məsələn, paytaxtın “20 Yanvar” metro stansiyası yaxınlığındakı magistral yolda mülki geyimli şəxslər nəqliyyatın hərəkətinə “nəzarət edirlər”. 
Üzərlərində kim olduqlarını bildirəcək  heç bir nişan olmasa da, onlar müffəttişlərdir. “20 Yanvar” metro stansiyası yaxınlığında müşahidə apararkən çox acınacaqlı halların şahidi olduq. İdmançı görkəmində olan bu şəxslər “Azərsu” ASC-nin binası qarşısında, həmçinin Sumqayıta işləyən maşınların dayanacağında  dayanır, taksi sürücülərinə qəfil hücumlar edirlər. Onlar həmin ərazidə özlərinin nəzarətində olan, onlara “haqq” verən taksi fəaliyyəti göstərən sürücülərdən başqa kimsənin sərnişin götürməsinə və ya düşürməsinə imkan vermirlər. Lakin özlərinin razılaşdıqları sürücülərin həmin ərazidə asanlıqla sərnişin götürməsinə və dayancaq kimi istifadə etməsinə icazə verirlər.  
 
Qeyd edək ki, əvvəllər “20 Yanvar” istiqamətində gələn marşrutlar metronun yaxınlığında sərnişinləri düşürürdülər. Bu isə tıxac yaranmasına səbəb olurdu. Tıxacın qarşısını almaq məqsədilə marşrut avtobuslarının dayanacaqları həmin ərazidən köçürüldü, avtobusların həmin ərazidə sərnişin götürməsinin qarşısı alındı. Lakin bu qaydanın tətbiqi çox çəkmədi, hazırda həmin dayanacaqlarda taksi sürücüləri müştəri gözləyir. Təəccüblü olan bir məqam da odur ki, nəqliyyat müffəttişlərinin himayəsində olmayan kənar taksi sürücüləri həmin ərazidə nə müştəri götürə, nə də avtomobilini park edə bilir. Müşahidə apardığımız zaman da taksi sürücülərinin həmin ərazidə sərnişin düşürmək istəyərkən mülki geyimdə olan müffəttişlərin təzyiqi ilə qarşılaşdığının şahidi olduq. Bəs görəsən, kənar sürücülərin avtomobili bir neçə dəqiqəlik saxlamasını qanunsuz hesab edən nəqliyyat müfəttişləri 2-3 cərgə ilə dayanan, tıxaca səbəb olan taksilərin fəaliyyətinə niyə göz yumur?
 
Biz ərazidə olduğumuz zaman mülki geyimli şəxslərin magistral yolun ortasında taksi sürücüsü ilə mübahisəsinin şahidi oluruq. İdman geyimində olan iki şəxs və müffəttiş geymində olan nazirlik nümayəndəsi sürücü ilə mübahisə edirdi. Onlara yaxınlaşıb kim olduqlarını öyrənməyə çalışdıq.Müffəttiş geyimində olan şəxs özünü təqdim etsə də, mülki geyimli olan iki şəxsdən biri vəsiqəsinin vaxtı bitdiyini, digəri isə olmadığını dedi. Mülki geyimdə olmalarının səbəbini soruşduqda isə sualdan  yayınmağa çalışdılar. Nəqliyyat müffəttişi isə burada qeyri-qanuni fəaliyyət göstərən taksi sürücülərini saxlayıb, onlara müvafiq cərimələr tətbiq etdiyini bildirdi. 
 
Məsələ ilə bağlı taksi sürücüsü ilə həmsöhbət olduq. Adının çəkilməsini istəməyən sürücü nəqliyyat müffəttişlərinin yanında olan şəxsləri sürücüləri qorxutmaq üçün xidmətə buraxdıqlarını dedi: “Sürücülər bu ərazidə taksi saxlayarkən müfəttişlərlə mübahisə edir, haqqını tələb edir. Bu zaman həmin mülki geyimlilər taksi sürücülərinə hədə-qorxu gələrək istədiklərinə nail olurlar. Özlərini ”vorzakon" kimi aparan mülki geyimlilər nəqliyyat müffəttişlərinin sözünün keçmədiyi məqamda hərəkətə keçirlər". 
 
Burada bir neçə dəqiqə müşahidə apararaq, sürücünün dediyi halların dəfələrlə təkrarlandığının şahidi olduq. 
Cia.az