Məmməd Aslan ilə vida mərasimi keçirildi
Bu gün əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məmməd Aslan ilə vida məraimi keçirilib. Tədbir paytaxt Bakıdakı Əjdərbəy (Göy) məscidində baş tutub.
Mərasimdə əməkdar incəsənət xadimi, aşıq Ədalət Nəsibov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər tanınmış şəxslər, yazıçı və şairlər iştirak edib.
Aşıq Ədalət Nəsibov mərasimdə çıxış edərək şair dostu ilə bağlı xatirələrini danışıb, onun vaxtsız vəfatından təəssüfləndiyini bildirib.
Daha sonra tədbir iştirakçıları mərhumun ruhuna dualar oxuyub, Allahdan rəhmət diləyiblər. Şairin cənazəsi məsciddən qaldırılaraq dəfn olunmaq üçün Xırdalanda Kəlbəcər köçkünlərinin qəbiristanlığına aparılıb.
Qeyd edək ki, ötən gecə Zaqatalada qızının evində dünyasını dəyişən şair uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.










Cia.az
