Amerikalı analitiklərə görə, Azərbaycanın məsələdə mövqeyi yaxşılaşıb, Ermənistan və Rusiyanınkı isə zəifləyib; BMT Baş Məclisinin yubiley toplantısı konflikt ətrafında həssas bir dönəmə təsadüf edəcək...
BMT Baş Məclisinin 70-ci yubiley sessiyasına sayılı günlər qaldı. Ərazisinin 20 faizi erməni işğalı altında olan Azərbaycan üçün sessiya ən azı, iki aspektdən önəm daşıyır. Onlardan biri Baş Məclisin gündəliyinə Dağlıq Qarabağ məsələsinin daxil edilməsi, digəri isə sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında planlaşdırılan görüşdür.
Xəbər verildiyi kimi, Azərbaycanı ali toplantıda prezident deyil, xarici işlər naziri təmsil edəcək. O da bəllidir ki, nazirlərin görüşünə ATƏT-in Minsk Qrupunun həmsədrləri, ələlxüsus da amerikalı vasitəçi Ceyms Uorlik səy göstərir.
Xatırladaq ki, BMT Baş Məclisi çərçivəsində prezidentlərin növbəti görüşü nəzərdə tutulsa da, uzun səylərə və təşəbbüslərə rəğmən, bu, baş tutmayacaq. Çünki Azərbaycan rəhbərliyi nəticəsi olmayan təmaslara artıq lüzum görmür. Düz də edir.
Bəs prezidentlərin görüşü əvəzinə nazirlərin birbaşa təması sülh prosesinə təkan verə bilərmi?
Bəri başdan qeyd edək ki, prosesə təkan verməsə də, Məmmədyarov-Nalbəndyan görüşündən Azərbaycan və Ermənistan dövlət başçılarının ilin sonunadək növbəti təmasının hazırlanması üçün istifadə olunacağı şəksizdir. Amerikalı həmsədr Ceyms Uorlik də məhz belə bir ümid ifadə eləmişdi. Onun fikrincə, danışıqlar prosesində uzunmüddətli durğunluq risklidir və genişmiqyaslı hərbi əməliyyatlara gətirə bilər.
Vaxt isə doğrudan da gözləmir. Gerçək budur ki, 2015-ci il başa çatmaq üzrə olsa da, problemin həllində hər hansı ciddi, hətta simvolik irəliləyiş belə qeydə alınmayıb.
***
Lakin politoloq Qabil Hüseynli nikbindir. O, Qarabağ probleminin həllində ilin sonuna irəliləyiş gözləyir. Onun fikrincə, beynəlxalq təhlillərdə bu münaqişənin həllində yaxın vaxtlarda dönüş ola biləcəyi fikirlərinə ciddi əsaslar var. Ancaq onun sözlərinə görə, əgər bu ilin axırınadək də irəliləyiş, dönüş olmasa, problem yenə illərlə həll olunmamış qala bilər.
“İrəliləyiş” deyəndə isə söhbət əlbəttə ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad olunmasından gedir. O zaman Rusiya bunu əvəzində Azərbaycandan nə istəyə bilər? Tutaq ki, Dağlıq Qarabağ naminə Gömrük ittifaqına, Avrasiya Birliyinə girməyə dəyərmi?
Politoloqun fikrincə, “niyə də Azərbaycan o halda həmin ittifaqlara getməsin?” Səbəbini isə belə izah edir ki, əgər qansız-qadasız torpaqları geri ala bilirsə, Bakı buna razılıq verə bilər: “Bundan başqa, belə ittifaqlar, birliklər SSRİ-dən möhkəm olmayacaq ki. Bu birliklər onsuz da vaxt gələcək, yox olub-gedəcək...”
***
Məsələ ilə bağlı beynəlxalq təhlilçilərin də şərh və təhlilləri maraqlı və diqqətçəkicidır. Məsələn, ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik mərkəzinin təhlilçiləri hesab edirlər ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi artıq yeni mərhələyə daxil olub. Bunu onlar öncəliklə tərəflərin son aylar hərbi təlimləri artırması və Rusiya rəsmiləri ilə mütəmadi görüşlərin keçirilməsinə nəzərən bildirirlər.
“Bu kimi məqamlar yerli mediada münaqişənin həllinin yaxınlaşmasına dair möhtəkirliklər yaradıb. Düzdür, iki ölkənin xarici işlər nazirləri BMT Baş Assambleyası çərçivəsində sentyabrın 24-25-də Nyu-Yorkda görüşəcəklər. Ancaq bu, həlledici olmaya da bilər. Münaqişənin həlli Qafqaz regionunu bürümüş siyasi alyanslar və münasibətlər şəbəkəsini yenidən cızmağı tələb edəcək ki, bu da pozucu prosesə çevrilə bilər”, - deyə Qarabağ münaqişəsinə dair növbəti təhlildə “Stratfor” ekspertləri vurğulayır.
Onların qənaətincə, Ukraynaya görə Rusiya və Qərb arasında gərginliyin davam etməsi 2014-cü ildən bəri regionda siyasi durumu dəyişib: “Rusiya, Ermənistan və Azərbaycanda, Dağlıq Qarabağda dəyişikliklər hazırlaya bilərlər”.
Qurum ardınca vurğulayır ki, münaqişənin trayektoriyası həmişə üç oyunçudan asılı olub - Azərbaycan, Ermənistan və Rusiyadan: “Hər üçünün də fərli mövqeyi var. Ermənistan 1988-1994-cü illərdən qalib çıxıb, Azərbaycanın ərazisini işğal edib. İrəvan Dağlıq Qarabağ və 7 ətraf rayonu de-fakto nəzarətdə saxlamaq istəyir. Azərbaycan isə diplomatik, hətta hərbi yolla Dağlıq Qarabağı özünə qaytarmağa çalışır. Rusiyanın isə münaqişənin nəticəsində birbaşa marağı olmadığı üçün özünün Ermənistan və Azərbaycanda, eləcə də Qafqaz regionunda maraqlarını irəlilətmək naminə manipulyasiya ilə məşğul olub”.
Analitiklərə görə, 2014-cü ilədək Moskvanın rəsmi mövqeyi neytral qalıb, hər iki tərəfi danışıqlara çağırıb, ancaq Kreml qeyri-rəsmi şəkildə Ermənistanı dəstəkləyib: “Azərbaycan isə Rusiya ilə müttəfiq olmamağı seçib, xarici əlaqələrini şaxələndirib, Rusiyanın nüfuzunu balanslaşdırmaq üçün Türkiyə və Qərblə yaxınlaşıb. Enerji resurslarından yararlanaraq iqtisadiyyatını və ordusunu gücləndirib”.
“Stratfor” daha sonra yazır ki, Kiyevdə Avromaydan hadisələri, Rusiya-Qərb qarşıdurmasından sonra status-kvo dəyişib: “Rusiya Ermənistanın daha az etibarlı himayədarına çevrilməyə başladı. Azərbaycanın isə Qərb üçün dəyəri artdı, belə ki, Rusiyaya alternativ enerji mənbəyinə çevrilə bilərdi. Və 2014-cü ildən Azərbaycan cəbhə xəttində daha inamlı tədbirlər görməyə başladı ki, bu nə Ermənistan, nə də Rusiyanın qarşılıqlı cavabına səbəb olmadı. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi yaxşılaşıb, Ermənistan və Rusiyanınkı isə zəifləyib.
Bu dəyişikliklər son aylar diplomatik fəaliyyətin görünməmiş səviyyədə güclənməsi ilə müşayiət olunub. Rusiya və Azərbaycanın, eləcə də Ermənistanın siyasi və hərbi rəsmiləri bir neçə dəfə görüşüblər. Ermənistan və Azərbaycan mediası ciddi danışıqların getdiyini yazıb. Bütün bu təsdiqlənməmiş məlumatlar belə deməyə əsas verir ki, tərəflər tezliklə status-kvonu dəyişəcək plan hazırlayırlar".
***
Göründüyü kimi, əcnəbi ekspertlər də Qarabağ məsələsində hansısa gizli siyasi-diplomatik hərəkətliliyin olduğunu istisna eləmirlər. Bu və digər amillər ciddiyə alınarsa, belə söyləmək olar ki, BMT Baş Məclisinin yubiley toplantısı konflikt ətrafında kifayət qədər həssas bir dönəmə təsadüf edəcək.
Bu həssaslığın növbəti əlaməti kimi Bakının təşəbbüsü ilə Dağlıq Qarabağ məsələsinin, Azərbaycan torpaqlarının işğalı məsələsinin təşkilatın gündəliyinə salınması hesab edilə bilər. Görək, son təşəbbüs nizamlama prosesinə, status-kvonun dəyişməsinə yeni dinamizm gətirəcəkmi?
Cia.az
