|
AzTV sədri İbrahim Məmmədovun işdən çıxarıldığını elan edib
Xəbər verdiyimiz kimi, AzTV Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini İbrahim Məmmədovla bağlı aylardır davam edən kəskin durum davam edir. Sentyabrın 15-də rəhbərlik tərəfindən göndərildiyi məzuniyyət müddəti bitən İ.Məmmədovun həmin tarixdə işə çıxacağı gözlənilsə də, artıq onun işdən çıxarıldığı məlum oldu. 
 
Bir neçə gündür bu prosesin pərdəarxası barədə sizə detallı bilgilər veririk. Dünən telekanaldakı mənbələrdən “Yeni Müsavat”a məlumat verildi ki, sentyabrın 15-dən bir neçə gün öncə AzTV sədri Arif Alışanov redaksiyada geniş iclas keçirib və İ.Məmmədovun işdən çıxarıldığını elan edib. Kollektiv isə əvvəldən də elan edildiyi kimi, İ.Məmmədovun ayın 15-də işə çıxacağını gözlədiyi üçün bu xəbər onlarçün gözlənilməz olub. 
 
A.Alışanov işdən çıxardığı gün sədr müavininin otağının boşaldılması, otağının, xidməti maşınının açarlarının alınması ilə bağlı göstəriş verib. Bu barədə xəbər tutan İ.Məmmədovun isə ordakı yaxın adamlarından bir xahişi olub. Sədr müavini onlara telefon açaraq şəxsi kompüterindən bəzi materialların götürülməsini istəyib. İ.Məmmədovun xahişinə əsasən materialları köçürmək istəyəndə isə sədrin radio üzrə müavini Elsevər Dünyamalıyev buna mane olmağa çalışıb və icazə verməyib. 
 
9 ildir bu kanalda çalışan İ.Məmmədov isə ona aid materialları götürməkdə israrlı olub. Nəhayət, uzun danışıqlardan sonra A.Alışanov buna icazə verib. Amma bir şərtlə: kompüterdən hansı materialların götürülməsinə öncə E.Dünyamalıyev baxmalıdır. İ.Məmmədovun otağının boşaldılması da nəzarətsiz olmayıb. 
 
“Yeni Müsavat” İ.Məmmədovun işdən çıxarılma prosesi, eləcə də redaksiyamıza verilən bu məlumatlarla bağlı həm AzTV təmsilçiləri, həm də İ.Məmmədovun özü ilə danışmağa cəhd göstərdi. Telekanalın mətbuat xidmətindən tutmuş, ən üst strukturlara qədər heç kim zənglərə cavab vermədi. Cavab verənlər isə “mən bu mövzuda heç nə danışmayacam” deyərək dəstəyi asdılar. İ.Məmmədovun telefonuna zəng çatsa da, o, heç bir zəngi qəbul etmədi. Öyrəndiyimizə görə, onun səhhəti gündən-günə ağırlaşır və ailəsi müalicə üçün xaricə aparılmasında israrlıdır. 
 
Maraqlıdır ki, prezident sərəncamı ilə sədr müavini təyin edilən İ.Məmmədovun telekanal sədri tərəfindən necə işdən çıxarılması hələ də sual olaraq qalır. Sentyabrın 15-də işə çıxmalı olan tanınmış telejurnalistin 1 həftəlik yoxluğunun rəsmi izahatı, açıqlaması isə hələ də verilməyib.

Cia.az