YAP seçkidən imtinaya reaksiya verdi: “Ola bilər ki, bəziləri xarici qüvvələr tərəfindən şirnikləndirmə metodları ilə ələ alınıb, seçkiyə problem yaratmaq cəhdi göstərirlər”
“Azadlıq -2015” bloku fövqəladə toplantı keçirib. Bu barədə musavat.com-a blokun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki , toplantıda irəli sürülmüş namizədlərin, bloka daxil olan bəzi siyasi partiyaların sədrlərinin Milli Məclisə bu ilin 1 noyabrına təyin edilmiş seçkilərdə iştirakdan kənarlaşmaq barədə müraciətləri müzakirə edilib. İmza vərəqləri almaq üçün müraciətlərə qanunsuz əngəllər törədilməsi, namizədlərin müdafiəsi üçün imza toplanmasına maneələr yaradılması, irəli sürülmüş namizədlərin öz namizədliklərindən imtinası üçün onlara təzyiqlər, o cümlədən yaxın qohumların təhdid edilməsi vasitəsi ilə təzyiqlər edilməsi, habelə demokratik beynəlxalq aləm və bir sıra yerli siyasi qüvvələr tərəfindən bu seçkilərin boykot edilməsi əsas göstərilərək həmin müraciətlərdə tələb edilir ki, blok seçkilərdə iştirakdan imtina etsin və namizədlərini geri çəksin.
Xəbərdə deyilir ki, müzakirələrdə qeyd olunan faktlarla yanaşı seçkiətrafı ümumi siyasi mühitin iqtidarın hətta imitasyon demokratiya modelindən də imtina etməsi əlaməti kimi dəyərləndirilib. Məsələnin Azərbaycan siyasətində geosiyasi vektor dəyişikliyi ilə nəticələnə biləcəyindən xüsusi narahatlıqlar ifadə edilib. Seçkilərdə iştirak tərəfdarları seçkilərdən demokratik mübarizə vasitəsi kimi istifadə strategiyasının yarımçıq saxlanmasının fəsadlarını göstəriblər. Qərara alınıb ki, məsələ bloka daxil olan siyasi partiyaların kollegial səlahiyyətli orqanlarında baxıldıqdan və müvafiq qərar qəbul etmələrindən sonra həmin qərarlar nəzərə alınmaqla yekun qərar qəbul edilmək üçün yenidən müzakirəyə çıxarılsın.
Blokun üzvü olan partiyalar arasında seçkilərdən geri çəkilmək məsələsində fikir ayrılığının yarandığı isə verilən açıqlamalardan da görünür. Blokun təsisçilərindən olan Azadlıq Partiyasının sədri Əhməd Oruc modern.az saytına açıqlamasında deyib ki, ölkədə seçkidə iştirak etmək üçün şəffaf mühit yoxdur. O bildirib ki, regionlarda “Azadlıq-2015” seçki blokunun üzvlərinə qarşı təzyiqlər olunur: “Bununla yanaşı, cəmiyyətdə də seçki əhval-ruhiyyəsi yoxdur. Biz hakimiyyətdən bu məsələlərin müzakirə mövzusu olmasını istədik, yəni növbəti dialoq təklif etdik. Amma müsbət cavab almadıq. Bu azmış kimi, bizim yerlərdəki namizədlərimizə münasibət, seçki komissiyalarının qərəzli davranışları da öz mənfi təsirini göstərir. Bizim namizədlər yerli icra hakimiyyəti orqanları tərəfindən təhdid olunur”.
Partiya rəhbəri qeyd edib ki, bu cür şərtlər altında parlament seçkilərinə getmək məqsədəuyğun deyil. Əhməd Oruc onu da əlavə edib ki, “Azadlıq-2015” blokunda seçki ilə bağlı fikir ayrılıqları da mövcuddur: “Ümumilikdə götürdükdə, hamının eyni fikirdə olduğunu demək olar. Lakin ayrı-ayrı çalarlara görə fikir ayrılıqları da mövcuddur. Fikir ayrılığı olmasa idi, son toplantımızda yekun qərar verə bilərdik”.
Blokun təsisçilərindən olan KXCP-nin sədr müavini Xəzər Teyyublu isə bildirib ki, KXCP seçkidə iştirak etmək qərarını verib və seçkini boykot etmək və ya geri çəkilmək fikrində deyil: “Parlament seçkilərində iştirak edən namizədlərə müxtəlif seçki dairələrində təzyiqlər olur. Hazırda seçkiyə az müddət qalsa da, ölkənin siyasi arenasında seçki ab-havası demək olar ki, hiss olunmur. Nə radio, nə də dövlət televiziyalarında ümumiyyətlə bu haqda verilişlər yayımlanır. Seçki dairələrindən lazımsız sənədlər, müxtəlif arayışlar , hətta yaşayış yerindən arayış istənilir. Ümumiyyətlə bunlar niyə lazımdır ki, namizəddir, seçki dairəsindən namizədliyi irəli sürülüb, amma görürsən ki, süründürməçiliklə üzləşirlər. Hələ ki bu cür problemlər var, təbii ki, gələcəkdə namizədlərə başqa tərzdə təzyiqlər olarsa, mətbuatda işıqlandırılacaq və qanun pozuntularına qarşı hər bir seçki məntəqəsi, seçki dairəsində mübarizə aparılacaq”.
Maraqlıdır ki, KXCP sədri Mirmahmud Mirəlioğlu ötən həftə blokun boykota gedə biləcəyini açıqlamışdı.
Dünən isə blokun təsisçilərindən daha biri olan VİP-in sədri Əli Əliyev namizədliklə bağlı sənədlərini DSK-ya təqdim edib.
Müsavat Partiyasının Divanında isə dünən seçki kampaniyasında müxalif namizədlərə, onların nümayəndələrinə yerlərdə təzyiqlər, süni problemlər yaradılması ciddi müzakirə edilib. Partiyadan əldə etdiyimiz xəbərə görə, Müsavat daxilində seçkidən geri çəkilmək tərəfdarı olanların sayı artıb. Səbəb isə müxalif namizədlərə qarşı yerlərdə təzyiqlər göstərilir.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə müxalifətin seçkilərdən imtina etməsi məsələsinə dünən yenidən münasibət bildirib. S.Novruzov Trend-ə bildirib ki, bəzi partiyaların seçkidən imtina etməsinin bir neçə səbəbi ola bilər: “Yeni Azərbaycan Partiyası namizədlərinin siyahısını açıqladıqdan sonra həmin dairələrdən namizədlərini elan etmiş bəzi partiyalar, təşkilatlar gördülər ki, o dairələrdən seçkidə daha güclü namizədlər iştirak edəcək. Yəni burada onların səs toplaması mümkün deyil. Bəzi təşkilatlar yerlərdə namizəd irəli sürməyə adam tapa bilmir və seçkidən imtina etməklə bunu ört-basdır etməyə çalışırlar”.
S.Novruzov deputatlığa namizədlərə qarşı təzyiqlərin olması barədə səsləndirilən iddiaları əsassız hesab edir: “Məsələn, şəxs var ki, namizədliyini irəli sürüb, qardaşı 2 ay bundan əvvəl qızıl alveri üstündə məsuliyyətə cəlb olunub. İndi həmin şəxs bu hadisəni seçkilərlə bağlayır. Amma araşdırma göstərir ki, hadisə iki ay əvvəl, həmin şəxsin namizəd olması bəlli olmayan vaxtda baş verib, amma iddia edir ki, namizəd olduğuna görə qardaşı həbs olunub. Belə qondarma uydurmalar mövcuddur”.
S.Novruzovun sözlərinə görə, ola bilər ki, bəziləri xarici qüvvələr tərəfindən şirnikləndirmə metodları ilə ələ alınıb, seçkiyə problem yaratmaq cəhdi göstərirlər: “Bunların heç biri seçkinin üzərinə kölgə sala bilməz. Seçki Məcəlləsində göstərilib ki, alternativlik olmalıdır. Bir dairədən iki namizəd irəli sürülürsə, burada artıq seçki baş tutmuş hesab olunur. Bu gün bütün dairələrdə alternativlik mövcuddur”.
Cia.az
