Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, partiyanın İstanbul millət vəkili Atilla Kaya deyir ki, xalq AKP-ni iqtidardan düşürüb, prosesin geriyə inkişafı mümkün deyil.
“7 iyun seçkisində xalqdan gələn mesaj “AKP-nin tək iqtidar olmasını istəmirik” idi. Seçicilər 13 ildən bəri ölkəni idarə edən AKP-yə etimad etmədilər, onun digər partiyalarla iqtidar ortağı olmasını istədilər. Bununla da Türkiyədə AKP-nin təkhakimiyyətliliyinə son qoyuldu. Mən prosesin geriyə inkişaf edəcəyini və AKP-nin yenidən təkbaşıba hakimiyyətə gələ biləcəyini ehtimak etmirəm. Çünki xalq artıq onu iqtidardan düşürüb”.
Bu sözləri “Yeni Müsavat”a açıqlamasında MHP sədrinin müavini Atilla Kaya deyir.
Yada salaq ki, 7 iyun seçkisindən sonra hökumət qurmaq mümkün olmadığından Türkiyə təkrar seçkiyə gedir. AKP təmsilçilərinin çıxışları onu deməyə əsas verir ki, partiya yenidən ortaqsız hakimiyyət olmaq düşüncəsindədir. Bir sıra ekspertlərin iddialarına görə, ölkədə terrorun genişlənməsi, gərginliyin yüksəlməsi AKP-nin gizli planıdır və bununla partiya xalqa “bizsiz sabitliyin təmin edilməsi mümkün deyil” mesajını verməyə çalışır. Atilla Kaya isə düşünür ki, xalq 7 iyundan sonra ölkədə nələr baş verdiyinin fərqindədir: “Yeni seçkidən sonra ölkədə koalisyon hökumət qurulacağı ehtimalı çox yüksəkdir. AKP təbii, durumdan çox narazıdır. Seçkilərdə xalqdan etimad ala bilməmələri onlar üçün böyük itkidir və bu, AKP-ni bir siyasi güc olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoyan prosesin başlanğıcı ola bilərlər. AKP rəhbərliyi, eləcə də qaçaq sarayda oturan prezident Rəcəb Tayyib Ərdoğan durumu çox yaxşı anlayır. Qarşıda seçki gəldiyi üçün xalqla münasibətləri pisləşdirmək istəmirlər, buna görə də ritorikalarında yetərincə ehtiyatlıdırlar. Əslində isə seçicilərdən narazılıqları böyükdür. AKP 7 iyun seçkisindən sonra da koalisyon hökumət qura bilərdi, amma bunun üçün faktiki olaraq heç bir cəhd göstərilmədi. Aydındır ki, seçkidə ikinci, üçüncü yerləri qazanan partiyalar koalisiyada təmsil olunmaq üçün şərtlərini irəli sürəcəkdilər və sürdülər. AKP bu şərtlərin heç birini qəbul etmədi, üstəlik nə CHP-yə, nə də MHP-yə hökumət qurmaqla bağlı açıq təklif göndərmədi. Tam əksinə, bilərəkdən prosesi uzatdı və təkrar seçki elan etdi. Çünki AKP hələ də yenidən tək hakimiyyət quracağına ümid edir. Qaçaq sarayda oturan prezidentin ən böyük arzusu budur”.
A.Kaya deyir ki, çözüm sürəci AKP üçün böyük bəlaya çevrilib. Türkiyə bir tərəfdən PKK, digər tərəfdən isə devirməyi hədəflədiyi rejimlərə qarşı yaratdığı silahlı birləşmələrin hədəfindədir. Ancaq bu da son deyil. İqtidarın iqtisadi siyasəti də iflas edib və durum getdikcə pisləşir: “Biz 7 iyuna qədər dəfələrlə demişik ki, kürd açılımı, çözüm sürəci adı verilən siyasət Türkiyəni uçuruma aparır, PKK-nı gücləndirir, terroru Türkiyə ərazisinin bəlli hissəsində hakim vəziyyətə gətirir. MHP illərdir bu siyasəti tənqid edir. Bizim illər öncə söylədiklərimiz AKP-nin rəhbəri, nazirlər, digər AKP-lilər indi deyirlər.
Çox təəssüf, 7 iyundan PKK-nın başlatdığı terrorda 150-yə yaxın əsgər, polis, mülkü vətəndaş şəhid oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı PKK ilə bərabər, PKK-nı bu ölkədə gücləndirən AKP-nin boynundadır. PKK yalnız Türkiyənin güney, güney-doğu Anadolu bölgələrində deyil. Terrorla mübarizə tədbirləri effektli aparılmadığı üçün PKK digər bölgələrə də yayılıb və ölkənin təhlükəsizliyi ilə bağlı ciddi problemlər ortaya çıxıb. Bir tərəfdən terror, bir tərəfdən də iqtisadi durumun getdikcə zəifləməsi Türkiyəni çox çətin duruma sürükləyir. Dollar artıq 3 lirəni keçib və bahalaşmanın qarşısını almaq mümkün deyil. Yalnız PKK və iqtisadi problemlər deyil, xarici siyasət kursundakı AKP-nin açdığı yaralar ölkəni beynəlxalq güclərlə üz-üzə qoyub. Türkiyə seçkiyə belə gərgin bir dönəmdə gedir və vətəndaş AKP-nin ölkəni necə qırılmaq nöqtəsinə gətirdiyinin fərqindədir. Ona görə də AKP-nin səsləri bu seçkidə daha da azalacaq. Bu sadəcə bizim müxalifət partiyasının mənsubları olaraq baxışımız deyil. Türkiyədə proqnozları reallığa son dərəcə yaxın olan sosioloji sorğu mərkəzlərinin araşdırmaları belə deməyə əsas verir. Son açıqlanan nəticələrə görə, AKP 1 noyabr seçkisində 10 faizə qədər səs itirəcək və 30 faizlərdə qalacaq. Mən xalqın AKP-yə gərəkli dərsi verəcəyinə inanıram”.
|
“AKP iqtidara gəldiyi gündən İğdırda dövlət idarələrində türk vətəndaşlarımız hətta şöbə müdiri vəzifəsində saxlanmadı. Çox qısa bir dönəmdə bütün rəhbər orqanlara kürdlər yerləşdirildi” |
AKP-nin 1 noyabr seçkisi ilə bağlı siyasətini izləyərkən bəlli olur ki, partiya bir sıra dairələrdə daha nüfuzlu namizədləri irəli sürməklə itirdiyi səslərin bərpasına çalışır. MHP təmsilçisi deyir ki, bu şəxslərin çoxu artıq “xərclənmiş” simalardır və onların səsləri artırmaq ehtimalı çox aşağıdır: “AKP-nin məqsədi sadəcə rəqib partiyaların, özəlliklə də MHP-nin səslərini bölməkdir. İğdır buna gözəl örnək saymaq olar. Bəllidir ki, İğdır həm Türkiyə, həm Azərbaycan üçün çox önəmli bölgədir. İki ölkənin sərhədində yerləşən bu strateji məkan PKK-nın hədəfindədir. Orada əslən Azərbaycan türkü olan, eləcə də milliyyətcə kürd olan vətəndaşlarımız yaşayır. AKP iqtidara gəldiyi gündən İğdırda dövlət idarələrində türk vətəndaşlarımız hətta şöbə müdiri vəzifəsində saxlanmadı. Çox qısa bir dönəmdə bütün rəhbər orqanlara kürdlər yerləşdirildi. Beləliklə, İğdırın kürdləşdirilməsinə geniş imkan açıldı, qısa zamanda əhalinin milli tərkibi kürdlərin xeyrinə dəyişdi, əsrlərlə bu torpaqlarda yaşayan insanlar sıxışdırıldıqlarına, onlara işləmək-yaşamaq şəraiti yaradılmadığına görə köçməyə məcbur edildilər.
7 iyun seçicisində AKP-nin MHP-yə qarşı qurduğu oyuna görə MHP-nin namizədi İsa Yaşar Tezəl 1500 səs fərqi ilə kürd namizədə uduzdu. Çox təəssüf, CHP-də bu dairədə AKP ilə əlbir oldu, əslən Azərbaycan türkü olan namizəd irəli sürməklə MHP-nin səslərin böldü. AKP 1 noyabr seçkisinə yenə böyük hiylə ilə gedir.
Məqsəd yenidən PKK-nın siyasi qanadı HDP-ni dairədə qalib etməkdir. AKP-nin irəli sürdüyü Nurəddin Aras köhnə MHP-lidir. Bir dönəm İğdırda bələdiyyə başqanı olub, daha sonra AKP-dən namizəd oldu, MHP-nin səsləri bölündü və HDP qalib gəldi. İndi yenə AKP eyni oyunu oynayaraq bu şəxsi Azərbaycan türklərinin səslərini bölmək üçün ortaya atıb. 7 iyun seçkisində MHP 25 min 500, AKP 10 min səs alıb. 1 noyabr seçkisində Nurəddin Aras AKP-nin səslərini 2 dəfə artırsa belə onun qalib gəlmək şansı yoxdur. Vətəndaşlar bu siyasəti düzgün dəyərləndirməsələr, yenə də MHP-nin səsləri bölünəcək və 7 iyun seçkisində olduğu hər iki millət vəkili HDP-li olacaq. AKP bir çox bölgələrdə analoji gedişlər qurmaqla HDP-nin qalib gəlmə şansını artırır. Türkiyənin problemi həm də odur ki, həm AKP-nin, həm də CHP-nin içərisində HDP-dən fərqli düşünməyən millət vəkilləri, rəhbər şəxslər var. PKK-nın silah yolu ilə əldə etmək istədiyi hədəflərə bu şəxslər demokratiya pərdəsi altında çatmaq istəyirlər. AKP-nin sayəsində bu gün əllərində ciddi səlahiyyət var, müəyyən dairələr təsir imkanları genişdir. Təbii, bütün bunlar siyasi mübarizə imkanlarını çətinləşdirir. AKP bir zamanlar müxalifətdə olan daha sonra isə özünün ələ aldığı şəxsləri namizəd göstəməklə xalqa alternativ təklif etmiş kimi görünmək istəyir. Əslində isə bu, rəqib düşərgəyə arxadan zərbədir”.
MHP-nin hədəfi isə bu seçkidə səslərini maksimum artırmaqdır. Bu məqsədlə partiya seçki siyahısına bəzi dəyişikliklər edib. Yeni siyahı partiya içərisindəki bəzi etirazlara səbəb olsa da A.Kaya düşünür ki, MHP-lilər durumun məsuliyyətini dərk edərək birliyə xələl gətirəcək addımlar atmayacaqlar: “Siyahı ilə bağlı kiçik narazılıqların partiyada ciddi fikir ayrılıqları yaradacağını ehtimal etmirəm. Ümid edirəm, MHP də təmsil olunan hər kəs durumun vətən üçün nə qədər həssas olduğunu nəzərə alacaq. Namizəd siyahısının yenilənməsi səbəbsiz deyil.
Biz 7 iyun seçkisində məğlub olan namizədləri yeniləri ilə əvəz etdik. Düşündük ki, seçkidə yıpranmamış, seçkiyə yalnız qələbə həvəsi ilə gedəcək partiyadaşlarımıza da şans yaradılmalıdır. İğdır, Çankırı, Çorum və digər bölgələrdə MHP-ni yeni namizədlər təmsil edəcək.
Bəri başdan onlara böyük qələbə arzulayıram. Bizim davamız ideoloji davadır. Bu gün partiya tapşırığı olaraq millət vəkili olaraq görəvdə olan MHP-li, sabah davamıza xidmət üçün başqa bir yerdə ola bilərik. Bizim dava arxadaşlarımızın hamısı bu durumu qəbul etmiş insanlardır. Önəmli olan Milliyyətçi Hərəkar Partiyasının güclənməsi, onun hədəflərinə çatmasıdır”.
Cia.az
