Son aylarda Qarabağ cəbhəsində yaşanan gərginliklərin səbəbləri getdikcə daha aydın şəkildə üzə çıxır. Xüsusilə də gərginliyin Qarabağın hüdudlarından kənara çıxması, Ermənistan-Azərbaycan sərhədində insan itkiləri, mülki əhalinin hədəfə alınması ilə müşayiət olunan hadisələr, hətta Rusiya XİN başçısının Bakıda olduğu gün erməni tərəfinin xüsusilə aqressivləşməsi, eyni gündə Moskvanın İrəvandakı səfirinin erməni rəsmiləri ilə bir araya gəlməsi proseslərin şimaldan idarə olunması ehtimalını gücləndirirdi.
Lakin Rusiyadan davamlı şəkildə Qarabağa rus sülhməramlıların gətirilməsinin zəruriliyi barədə eşidilən təşəbbüslərin indi daha ciddi şəkildə ifadə olunması, üstəlik, okeanın o tayından bu məsələ ilə əlaqədar narahatlığın operativ olaraq bildirilməsi situasiyanı xeyli aydınlatmış oldu. Nüfuzlu “Stratfor” şirkətinin “tezliklə Dağlıq Qarabağda status-kvo dəyişə bilər. 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra bu region faktiki olaraq Ermənistanın nəzarəti altındadır, situasiya isə dondurulmuşdu. İndi isə Qarabağa Rusiya sülhməramlıları yeridilə bilər” - açıqlaması konkret situasiyanın ciddi təhlilinin məntiqi nəticəsi hesab olunmalıdır.
Əksər təhlilçilər bu qənaətdədir ki, Rusiya Ukrayna hadisələrinin Moldovaya da sirayət etməsi və buraya Qərbin daha həssas yanaşmasını nəzərə alaraq, Cənubi Qafqazla bağlı planlarında gecikmək, fürsəti əldən vermək istəmədiyi üçün növbəti “sülhməramlı” layihəsini işə salıb. Moskva Ermənistanda möhkəmlənsə də, Gürcüstanla məlum münasibətlər səbəbindən onun işğalçı ölkəyə quru yolla getmək problemləri qalmaqdadır. Elə buna görə də bir müddət öncə Rusiyanın qondarma Abxaziya və Cənubi Osetiya respublikalarındakı hərbi qüvvələri Gürcüstanın irəlilərinə doğru hərəkət etməyə başladı, üstəlik, Bakı-Supsa kəmərinin bir hissəsinə nəzarət etmək fürsəti qazandı.
Qərb dairələrinin Moskvanın Cənubi Qafqazı tam ilhaq etməklə bağlı planlarını tirajlamasına baxmayaraq, bu situasiyanın qarşısını almaq üçün çevik mexanizmlərini işə sala bilməməsi Rusiyanı daha da həvəsləndirib. Kreml gözəl dərk edir ki, Azərbaycanı tam ram etməyincə Qafqazı nəzarətində saxlaya bilməyəcək. Bunun üçünsə ən gözəl variant “müharibə alovunu söndürmək” adı altında 1993-cü ilin mayında Azərbaycanı tərk edən rus əsgərini yenidən bu ölkəyə yeritməkdir.

“Stratfor” təhlilçiləri iddia edir ki, Azərbaycan hakimiyyəti Kremllə gizli sövdələşmə əldə edə, bu sövdələşməyə əsasən tezliklə Dağlıq Qarabağa rus sülhməramlıları yeridilə bilər. “Bu isə daha sonra regionun Bakının nəzarətinə qaytarılmasına imkan yaradacaq”. Mərkəzin qənaətincə, Rusiyadan tamamilə asılı vəziyyətdə olan Ermənistanın etirazına heç kim məhəl qoymayacaq: “Ermənistan ərazisində onsuz da 5 min Rusiya hərbçisi var, ölkə özü isə Moskvadan güclü surətdə asılıdır”.
Bu arada ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkasın (Evelyn N. Farkas) Azərbaycana səfər etməsi də təsadüf sayılmır. Diplomatın sülhməramlı layihəsinə reaksiyası da ABŞ-ın məsələyə önəm verməsinin təsdiqidir. Pentaqon rəsmisi Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi məsələsinə toxunarkən “Rusiya ATƏT-in Minsk qrupu prosesində iştirak edən ölkədir. Bu proses Azərbaycan və Ermənistan hökumətləri ilə birlikdə həyata keçirilir. Belə bir plan olsa, Minsk qrupunun digər üzvləri ilə birlikdə şəffaf şəkildə nəzərdən keçiriləcək” - deyib.
Bu, Moskvanın sülhməramlı məsələsində təkbaşına hərəkət etməsinə ABŞ-ın ən yumşaq etirazı da sayıla bilər. Belə bir situasiynın Azərbaycana müsbət perspektiv vəd etmədiyini düşünənlərlə yanaşı, fərqli arqument sahibləri də var. Güman olunur ki, Bakı ərazilərin bir hissəsini qaytarılması müqabilində rus əsgərinə yaşıl işıq yandıra bilər.
Ancaq Gürcüstandakı rus sülhməramlılarının 1998-ci ildə hansı faciələrə bais olduğunu xatırlamağı vacib sayanlar buna razılıq verilməsini böyük təhlükə hesab edirlər. Bakı Rusiyanın bu planına razılıq versə, nə baş verər? Ərazilərin bu yolla azadlığı mümkündürmü?
Politoloq Arzu Nağıyev güman edir ki, Qərb analitikləri bu mülahizələri irəli sürməkdə bir sıra məqsəd güdürlər: “Başlıcası, bəyan etmək istəyirlər ki, Rusiya münaqişənin həllində açar oyunçudur və Ermənistanın tərəfdaşıdır. İkinci məqam odur ki, Rusiya bilir ki, ABŞ və İranın münasibətləri stabilləşə bilər. Azərbaycanın işğal olunmuş Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının İranla 100 km-dən çox nəzarətsiz sərhədi var. Bu isə Rusiyanı qorxudur və müəyyən bir formada həmin ərazidə hərbi birləşmə saxlamaq istəyir. Sülhməramlı qüvvələr məsələsinə gəldikdə, bu mandat BMT və ya ATƏT tərəfindən verilə bilər. İnandırıcı deyil ki, Bakı buna razılıq versin. Çünki Madrid prinsipləri çərçivəsində bu məsələ sonunculardan biridir. Deməli, rusların belə fikri varsa, bu, ancaq Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin leqallaşdırılması və ya yenidən təşəbbüsü ələ almaq cəhdidir”.

“Atlas” Araşdırmalaq Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu yayılan məlumatlara ciddi yanaşmağın tərəfdarıdır: “Son zamanlar Azərbaycan ictimaiyyəti və ekspert dairlərində belə bir fikir yayılıb ki, Kreml Dağlıq Qarabağ ətrafında bir neçə rayonun azad edilməsi əvəzinə bölgədə silahlı qüvvələrini yerləşdirəcək. Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya son səfəri də gücləndirib. Çünki, birincisi, Lavrov yalnız Bakıya səfər etdi, İrəvana getmədi, adətən hər ikisini ziyarət edirlər. İkincisi, Lavrov azərbaycanlı həmkarı Məmmədyarovla Bakıda mətbuat konfransı keçirmədi. Halbuki, bir neçə gün sonra Bakıya gələn Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu Məmmədyarovla ortaq mətbuat konfransında iştirak etdi, jurnalistlərin çoxsaylı suallarına cavab verdi. Deməli, Sinirlioğlundan fərqli olaraq, Lavrovun jurnalistlərimizə və ictimaiyyətimizə ya deməyə sözü yox idi, ya da Bakıda bağlı qapılar arxasında dediklərini açıb-ağartmaq istəmirdi”.
E.Şahinoğlunun nəzərincə, Rusiyanın irəli sürdüyü həll mexanizmi təxminən belə ola bilər: “Birinci addım kimi Rusiya cəbhə bölgəsində lokal toqquşmaların genişlənməsinə seyrçi qalır. Bu addım Ermənistanı güzəştə məcbur etmək üçün düşünülüb. Bundan sonra Kreml Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirir. Bu görüşdə Kreml Ermənistan hakimiyyətini inandırır ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Bunun əvəzində rəsmi Bakı Rusiya silahlı qüvvələrinin ”sülhməramlı qüvvələr" adı altında Dağlıq Qarabağ ətrafında yerləşdirilməsinə icazə verir. Azərbaycan və Dağlıq Qarabağda silahlı qüvvələrini yerləşdirmək Kremlin çoxdankı arzusudur. Azərbaycan 5 rayonu geri qaytarsa da, işğal altındakı Şuşa, Kəlbəcər və Laçının məsələsi həll olunmayacaq. Bu, o deməkdir ki, əslində “sülh sazişi” imzalanmayacaq. Rəsmi Bakı Kəlbəcər, Şuşa və Laçınsız “sülh sazişini” imzalamayacaq. Sadəcə, qısa müddətli lokal toqquşmaların nəticəsi olaraq 5 rayon geri qaytarılacaq və Rusiya silahlı qüvvələri bölgədə yerləşdiriləcək. Ən vacib sual “bu cür ”plan" daha çox hansı tərəfin maraqlarına - Azərbaycanın və ya Ermənistanın - maraqlarına cavab verir?" Əlbəttə, Azərbaycan 5 rayonun geri qaytarır. Bu müəyyən qədər uğur sayıla bilər. Qaçqınlar həmin rayonlara qayıdırlar, infrastruktur bərpa olunur. Digər tərəfdən Azərbaycan Ermənistanla “sülh sazişi” imzalamadığından Şuşa, Kəlbəcər və Laçının da geri qaytarılması tələbindən əl çəkməyəcək. Ancaq Rusiya silahlı qüvvələri Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədi boyu yerləşdiriləcəyindən Azərbaycan ordusunun artıq hücum əməliyyatları həyata keçirməsi çətinləşəcək. Digər tərəfdən Azərbaycan üçün bu “planın” ən mənfi cəhəti odur ki, bölgəyə gələn Rusiya ordusu bir daha Dağlıq Qarabağ ərazisini tərk etməyəcək".
Politoloq hesab edir ki, bu vəziyyət Dağlıq Qarabağdakı status-kvonun davamına şərait yaradacaq: “Kreml 5 rayonun azad olunması əvəzinə rəsmi Bakıdan Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağı da tələb edəcək. Azərbaycan Ermənistanla ”sülh sazişi" imzalamayacağından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmayacaq. Ancaq Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü mümkündür. Avrasiya İqtisadi Birliyinə üzvlük Bakının Brüssellə əməkdaşlığının azalmasına alternativ olacaq. Ermənistan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmədən və "sülh sazişi" imzalamadan 5 rayonu Azərbaycana geri qaytarmaq istəməz. Ancaq Kreml İrəvana təzyiq etsə, Ermənistan hakimiyyəti geri addım atmaq məcburiyyətində qalacaq".
E.Şahinoğlu qəti şəkildə belə düşünür ki, istənilən halda Rusiya ordusunun Dağlıq Qarabağda yerləşdirilməsi Ermənistanın xeyrinə olacaq: “Çünki Ermənistanın Azərbaycanın atəşkəsi pozmayacağına və Dağlıq Qarabağa hücum etməyəcəyinə dair təminatı olacaq. Bu mənada rəsmi Bakının Rusiyanın planını qəbul edəcəyini zənn etmirəm. Çünki bu plan kiçik istisnalarla Azərbaycanın maraqlarına cavab vermir”.
Ekspert ABŞ-ın rus sülhməramlıları ilə bağlı plana operativ reaksiyasını təqdir edir: “ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini Evelin Farkasın Azərbaycana səfəri yerində oldu. O, Bakıda açıq işarə vurdu ki, digər həmsədrlərin iştirakı və rolu olmadan Rusiyanın Dağlıq Qarabağ münaqişəsini təkbaşına həllinə müsbət yanaşmırlar. Bu açıqlama rəsmi Bakının da maraqlarına cavab verir. Başqa sözlə, Azərbaycan iqtidarı Rusiyanın haqqında danışılan ”həll planına" qarşı müqavimətdə Vaşinqtonun dəstəyini qazanır. Məhz elə bu halları nəzərə alaraq ABŞ-la münasibətləri gərginləşdirmək olmaz. Bu arada, Azərbaycan və Ermənistan xarici işlər nazirləri BMT sessiyası çərçivəsində Nyu-Yorkda görüşücəklər. Halbuki, daha əvvəlki məlumatlarda Nyu-Yorkda Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi açıqlanırdı. Deməli, prezidentlərin görüşü üçün münasib zəmin yoxdur. Bu o deməkdir ki, birincisi, danışıqlarda irəliləyiş yoxdur və həmsədrlər prezidentlərə yeni heç nə təklif edə bilmirlər, ikincisi prezidentlərin görüşünün baş tutmaması cəbhə bölgəsindəki vəziyyəti bir az daha gərginləşdirəcək".
Hələ ki, rəsmi Bakı Rusiyanın reallaşdırmaq istədiyi plana hər hansı münasibət bildirməyib. Adətən, Azərbaycan hökuməti belə məsələlərdə rəsmi şəxslərin açıq bəyanatlarına münasibət bildirməyi üstün tutur, nəinki mətbuat yazılarında ekspertlərin əks olunan fikirləri. Rusiya ilə bağlı daha ehtiyatlı münasibət olması da anlaşılandır. Qərbin təzyiqlərinin davam etdiyi bir ərəfədə Bakı Moskva ilə də əlaqələrə xələl gətirə biləcək mövqe sərgiləməyə lüzum görmür. Bağlı qapılar arxasında davam edən müzakirələrin nə zaman ictimailəşdiriləcəyini isə demək çətindir. Gözləyək...
Cia.az
