Dünən “Əsrin müqaviləsi”nin imzalanmasından 21 il keçdi. 21 il bundan əvvəl-1994-cü il sentyabrın 20-də Azərbaycan və 6 müxtəlif ölkəni təmsil edən 11 neft şirkəti arasında məhsulun bölüşdürülməsinə dair saziş - tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənəd imzalandı.
Sazişin tərəfləri olan ölkələr Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli (AÇG)” yatağının dərin hissəsinin karbohidrogen ehtiyatlarının birgə inkişaf etdirilməsinə dair razılaşma əldə etmişdilər.
“Əsrin müqaviləsi”nin bu 21 ildə Azərbaycana qazandırdıqları, nələrin inkişafına gətirdiyi, hansı məsələlərdə tormozlayıcı rol oynadığı haqda ən müxtəlif yanaşmalar var.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri bu mövzuda danışarkən bildirdi ki, bu layihə müstəqillik dövründə Azərbaycan vətəndaşlarını Küveyt və Norveçdə olduğu kimi varlı və firavan etməliydi.

21 il sonra Azərbaycan əhalisinin iqtisadi baxımdan durumuna nəzər yetirdikdə bu ümidin doğrulmadığı aydın olur. Lakin “Əsrin müqaviləsi”nin Azərbaycan dövləti üçün çox mühüm olduğu, dövlətin müstəqilliyinin təminatında ciddi rol oynadığı da aydındır: “1994-cü ilin neft kontraktı sabitliyi təmin etdi və milli birlik hissinin yaranmasına xidmət göstərdi, Azərbaycan dövlətinə bir sıra məkrli dövlətlərin təhdidlərinin qarşısını aldı. Ölkədə demokratiyanın qurulmasına isə bu müqavilə dolayısı ilə də olsa mənfi təsirini göstərdi. Hökumət 21 il ərzində həmin müqavilənin gətirdiyi nəhəng pul sərvətini elə yönəltdi ki, ölkə neftdən daha asılı və demokratiyadan daha kasad vəziyyətə düşdü.
Hökumət fiziki infrastruktura insan ehtiyatlarının inkişafı ilə müqayisədə, bəzən isə onun ziyanına, daha böyük üstünlük verdi. Qısası, hökumət neft sərvətini güclü, geniş əsaslı siyasi təsisatların yaradılmasına investisiya etmədi. Müqavilənin müsbət tərəfi ondan ibarəti idi ki, ölkənin siyasi stabilliyi və iqtisadi müstəqilliyinə kömək etdi. Bütün aparıcı beynəlxalq səhmdarların layihəyə daxil edilməsi Azərbaycan hökumətini böyük güclərin geosiyasi maraqlarını balanslaşdıran xarici siyasət məqsədlərinə xidmət edirdi. Bu məsələnin neqativ tərəfi bu idi ki, balanslaşdırma həm də Qarabağın statusunun Azərbaycan üçün əlverişli olmayan şərtlərlə dondurulması və münaqişənin həllinin qeyri-müəyyən vaxtadək təxirə salınması demək idi. Belə ki, heç bir əsas xarici güc mövcud status-kvonu dəyişməkdə maraqlı deyildi. Belə də oldu. Daha bir müsbət tərəfi isə bu müqavilənin Azərbaycanı dünyanın neft xəritəsinə yerləşdirməsi, Azərbaycanı neft istehsalının beşiyi və əsas mərkəzi kimi tanıtması oldu”.

Deputat Fəzail Ağamalı isə bildirdi ki, 21 il öncə - Azərbaycan çox ağır dövrünü yaşadığı məqamda Heydər Əliyev çox böyük uzaqgörənlik nümayiş etdirərək, dünyanı heyrətləndirə biləcək bir layihəyə imza atıb, “Əsrin müqaviləsi”ni dünyanın aparıcı dövlətlərinin və transmilli şirkətlərinin iştirakı ilə arzudan gerçəkliyə çevirə bilib: “Baxmayaraq ki, 1994-cü ilin 20 sentyabr ərəfəsi Azərbaycanda siyasi böhranın ciddi xarakter daşıdığı vaxtlar idi. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkənin 20 faizdən artıq ərazisi işğal altına alınmış, 1 milyona yaxın əhali qaçqın və məcburi köçkünə çevrilmişdi. Ölkədə ağır iqtisadi durum yaşanmaqdaydı. 1993-cü ildə xalqın təkidli tələbi ilə təkrar siyasi hakimiyyətə gətirilən ulu öndər Heydər Əliyev Azərbaycanı bu bəlalardan, iqtisadi tənəzzüldən xilas etmənin yollarını aramaqdaydı. Məhz belə bir vaxtlarda ümummilli lider çox cəsarətli addım ataraq, ”Əsrin müqaviləsi"ni imzaladı və sonralar heç kimin gözləmədiyi möcüzə baş verdi. Azərbaycanın karbohidrogen ehtiyatlarının birgə istehsalı, Avropaya nəqli ilə bağlı layihə reallaşdı. Azərbaycanda sosial-iqtisadi, siyasi böhranın, ölkənin parçalanması, dövlətin məhv olma təhlükəsinin yaşandığı bir ərəfədə belə cəsarətli addım atmaq, olduqca böyük iradə tələb edirdi. Çünki həmin illərdə vəziyyəti bir qədər də ağırlaşdıran İran və Rusiya tərəfindən ölkəmizə olan basqılar idi. Rəsmi Moskva çox açıq şəkildə belə bir müqavilənin imzalanmasına qarşı çıxır, Azərbaycanla hədələyici tonda danışır, təhdid xarakterli mesajlar verirdi. İran tərəfi də gizlində bu müqavilənin bağlanmaması üçün bütün imkanlarını səfərbər etmişdi. Lakin Heydər Əliyev böyük diplomatik məharətlə bütün vasitələrdən yararlandı, müdriklik göstərib bu müqavilənin imzalanmasına müvəffəq oldu. Bundan sonrakı mərhələlərdə Xəzər dənizinin Azərbaycan sektorunda daha dərin qatlardan neftin istehsalına, kəşfiyyat işlərinin aparılmasına, buruqların qazılıb işlədilməsinə başlandı. İstehsal olunan neftin xaricə çıxarılması üçün isə “Əsrin müqaviləsi”nin tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşasına başlanıldı. Beləliklə də 21 il ərzində çoxlarının bir vaxtlar xülya hesab etdiyi layihə Azərbaycanda uğurla həyata keçirildi, ölkəmiz öz neftini Ceyhan vasitəsilə dünya bazarına çıxara bildi".
F.Ağamalı qeyd etdi ki, ötən 21 ildə Azərbaycan “Əsrin müqaviləsi” ilə dünyaya özünün ciddi tərəfdaş olduğunu nümayiş etdirib, Avropaya inteqrasiya yolunda real, uğurlu addım atıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında üzərinə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirib: “Ən önəmlisi isə Azərbaycan dünya bazarına çıxarılan neftdən külli miqdarda gəlir əldə edərək, ölkənin bütün sahələrinin inkişaf etdirilməsinə nail oldu. Çox qısa zamanda iqtisadiyyatını gücləndirən Azərbaycan, eyni zamanda, dünyanın nüfuzlu dövlətlərindən birinə də çevrilməyi bacardı. Azərbaycan hazırkı iqtisadi gücü, iqtisadi potensialının indiki durumu məhz ”Əsrin müqaviləsi" ilə sıx bağlıdır.
Əsas budur ki, biz neftdən əldə etdiyimiz gəlirlə ehtiyatla davranmağı bacardıq. Keçmişdə ayrı-ayrı ölkələrin bu istiqamətdə buraxmış olduqları səhvləri, ağır fəsadları diqqətlə öyrəndik, ayrıca Neft Fondu yaradaraq, onun vəsaitini Azərbaycanın son dərəcə zəruri olan problemlərinin həllinə, qeyri-neft sektorunun inkişafına yönəltdik. Bu, bizim dövlətimizin gücünün, ölkə başçımızın müdrikliyinin göstəricisi idi. Hazırkı Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq bu siyasət, bu idarəetmə indi də uğurla davam etdirilməkdədir. Ümumi götürdükdə bu neft müqavilələrindən udan Azərbaycan, onun dövləti və vətəndaşları oldu. Əldə etdiyimiz bir çox uğurlarda “Əsrin müqaviləsi”nin müstəsna rolu var".
Cia.az
