AXCP adına və möhürünə iddiasını irəli sürən Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayev qarşıdan gələn parlament seçkilərində iştirakdan imtina edib. Bu barədə o, sosial şəbəkələrdə status paylaşıb.
Günlər öncə seçkilərdə iştirak edəcəyini açıqlayan Nurullayevin bu qərarı cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Bəzi iddialar ortaya atılıb. AXCP üzvləri sosial şəbəkələrdə R.Nurullayevin ünvanına ağır ittihamlar səsləndirirlər. Əsas iddialardan biri bu qərarın arxasında hakimiyyət dairələrinin dayanması iddiasıdır. Onlar hesab edirlər ki, bu yolla hakimiyyət qurultayqabağı Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədrinin reytinqini qaldırmaq istəyir.
Səslənən iddialarla bağlı R.Nurullayevin mövqeyini aldıq. O, seçkilərdən imtinasına belə aydınlıq gətirdi:“Bu gün də düşünürəm ki, siyasətçi seçkidə iştirak etməlidir. Fikrimdən qətiyyən imtina etmirəm. Biz sıfırdan başlayaraq, yeni tipli siyasi partiya yaratmaq fikrindəyik. Hazırda daha çox partiya yaratmağa diqqət ayırıram. Seçkilərlə bağlı nə düşünməyə, nə də iştirak etməyə vaxtım oldu”.
“Demək, deputatlığı partiyaya qurban verdiniz” sualımıza müsahibimiz belə cavab verdi: “Tamamilə doğrudur. İkinci bir səbəb də var. Ölkədə hazırda ciddi bir seçki mühiti yoxdur. ATƏT seçkiləri müşahidə etməkdən imtina etdi. Ümumiyyətlə, seçki abı-havası yoxdur. Hazırda YAP elə bir şərait qurub ki, ortada heç nə yoxdur. İnsanlar seçkilərə hansı amillərə görə gedirlər? Bu sualı analiz etmişdim. Mandat, populyarlıq, pul almaq, siyasi təcrübə qazanmaq üçün. Bunların heç birinə ehtiyacım olmadığından, daha doğru olanı seçdim”.
Cəbhəçilər tərəfindən səslənən iddialara R.Nurullayev daha sərt reaksiya göstərdi: “Gülünc və nə qədər özünü ifşa edən, səviyyəsiz, dünyagörüşsüz bir yanaşmadır. Bu yanaşma haradan qaynaqlanır, məlumdur. Bəzən öz sözlərini başqalarının dili ilə səsləndirirlər. Sadəcə, özlərini bir daha ifşa edirlər. Əgər namizəd olsaydım, deyəcəkdilər ki, Razi Nurullayev hakimiyyətlə deputatlıq üçün əməkdaşlığa gedib yeni AXCP qurdu. Əvəz Zeynallı ilə ”Qaynar Qazan" verilişində Əli Kərimli vurğulamışdı ki, mən sonradan etdiklərimi başqa məqsədlər üçün etdim. Getsəydim, bunu deyəcəkdirlər. Getmədim, indi də bunu deyirlər. Bunların hansına inanaq? Molla Nəsrəddinin gününə qalıblar. İştirak etsəydim, günahkar idim, iştirak etmirəm, yenə günahkaram. Əli Kərimli və onun ətrafında olan 2-3 nəfər üçün həyatda müqəddəs heç nə yoxdur. Onların özləri üçün müqəddəs yenə özləridir. Yalanlarını deyib, bununla həzz alırlar. Zənn edirlər ki, dünyanın təmiz insanları yalnız bunlardır. Əli Kərimli 90-cı illərdən hakimiyyətlə əlaqəyə gedib, deputat olub. Azərbaycana pulla deputat seçilmək, siyasətlə məşğul olmaq ənənəsini gətirib. İndi də başqasını ləkələmək istəyirlər. Ən düzgün olmayan, saxta amallar üçün çalışan, saxta düşüncəyə malik olan bu insanlardır".
Əli Kərimlinin keçmiş müavini əvvəldən deputat olmaq fikrinin olmadığını da söylədi: “Əvvəldən belə bir fikrim olsaydı, partiyanı yay aylarında elan edərdim. Dairəmi də müəyyən edərdim. Hər zaman demişəm ki, iştirak etmək fikrindəyəm, amma düşüncələr içərisindəyəm. Heç zaman bununla bağlı qətiyyətli fikrim olmayıb. Əgər mənə deputatlıq mandatı vəd olunsaydı, bu yolumdan çəkilməzdim. Belə idisə, niyə tərəddüd edirdim? Yəni bunlar gülünc fikirlərdir. Azərbaycanda seçki mühitini hamı kimi, mən də yaxşı bilirəm. Seçki ilə bağlı vədlər vermək mənə xas xüsusiyyət deyil. Bu, Əli Kərimli və onun ətrafına aiddir”.
Müsahibimiz seçkilərdə fərdi namizədlərinin olacağını açıqladı: “Təbii ki, namizədlərimiz olacaq. Əli Kərimlinin yanında ona təmənnasız xidmət edən, yəni onun naşükür tərəfdarlarına təmənnasız xidmət göstərən dostlarıma məsləhət gördüm ki, seçkilərdə iştirak etsinlər. Çünki onlar üçün bu bir təbliğatdır. Əsası seçki təcrübəsidir. Pulsuz efirdən istifadə etmək, xalqla daha yaxından ünsiyyət etmək şanslarını əsas götürüb dostlarımın bundan yararlanmasını istədim”.
Cia.az
