|
“İlk atəş Azərbaycan tərəfindən açılmayıb”
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa noyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizədliyini irəli sürüb. Partiya sədri namizədliyini hazırda deputat olduğu 26 saylı Sabunçu 1-ci seçki dairəsindən (Bakıxanov qəsəbəsi) irəli sürüb. 
 
Qeyd edək ki, Fazil Mustafa 2005-ci ildən Milli Məclisdə həmin dairəni təmsil edir. Ancaq hakim partiyanın bu dairədən də namizəd irəli sürməsi müəyyən suallar doğurub. “Yeni Müsavat”a müsahibəsində öz imkanları, şansı ilə bağlı suallara cavab verməklə yanaşı, Azərbaycan ətrafında baş verənlərə də münasibət bildirdi. 

- Fazil bəy, necə bilirsiniz, Avropa Parlamenti niyə məhz seçki ərəfəsində Bakı ilə sərt dildə danışmağa qərar verdi? Azərbaycan rəsmilərinin səsləndirdiyi arqumentlər öz yerində, sizcə, pərdəarxasında ayrı səbəblər varmı?
 
- Bildiyiniz kimi, Avropa Parlamenti Azərbaycana qarşı sərt mövqeni Avropa oyunlarından başlayaraq davam etdirir. Əlbəttə, son qətnamə daha sərtdir və əslində hədələyici üslubda tərtib olunub. Əslində bu qətnamədən daha çox ABŞ-ən hikkəsi daha çox sezilir, çünki Avropa İttifaqının öz daxilində problem bolluğudur və Yunanıstan və miqrantlar kimi ağrılı məsələləri olan bir qurumun parlamentinin Azərbaycan adında yeni problem yaratmaq istəməsi bir qədər inandırıcı görünmür. 
 
İndiki şərtlərdə Azərbaycanın Rusiya ilə daha ehtiyatla və anlayışla davranmasını həzm edə bilməyən ABŞ, Avropa Birliyinin ağzı ilə Azərbaycana xəbərdarlığını edir. Mahiyyət budur ki, onlar üçün Ukrayna ekspermentindən sonra  Azərbaycan eksperimenti də cəlbedici görünür və Azərbaycan hakimiyyətinin ciddi dirənişini görüb hələ ki, qətnamə variantı üzərində dururlar. Bütün hallarda Azərbaycanın indiki xarici siyasət kursu ölkənin təhlükəsizliyinin qorunmasını prioritet olaraq götürüb və bu da indiki dünya konjekturasında ən optimal seçimdir.  
 
- Seçkiqabağı Azərbaycan və Avropa Parlamenti arasında baş verənlər, sizcə, kimin işinə yarayacaq? Məsələn, hesab etmək olarmı ki, bu vəziyyət həm də Azərbaycan hakimiyyətinə ATƏT və Avropa İttifaqının müşahidəçisi olmadan rahat seçki keçirmək şansı verir, yoxsa əksinə, bunun fəsadlarının olacağını güman edirsiniz?
 
- Təbii ki, Avropa İttifaqı ilə münasibətlərin gərginləşməsi indiki halda bizim maraqlarımıza uyğun deyil. Ancaq ilk atəş Azərbaycan tərəfindən açılmayıb və öncədən söylədiyim kimi, Avropa İttifaqının da kifayət qədər problemlər çəmbərində Azərbaycanla münasibətləri sərtləşdirməsi çox süni konstruksiyaya bənzəyir. Eyni vəziyyəti bu ilin aprel ayında Türkiyəyə qarşı da müşahidə etdik. ABŞ özü qərar vermədi, əvəzində sanki gizli bir dirijor çubuğu ilə Avropa Parlamenti yalançı soyqırımla bağlı münasibətləri tam korlayaraq əsassız bir qətnamə qəbul etdi. Demək ki, motiv insan haqları olmaya da bilər, əsas hədəfin olmasıdır. Seçkidə müşahidə məsələsinə gəldikdə isə, guya indiyədək ATƏT və Avropa İttifaqı müşahidəçi göndərəndə Azərbaycan hakimiyyəti seçkisini keçirmirdi? Əksinə, bu müşahidənin baş tutmasına, məncə, hakimiyyətin marağı daha çox olmalıdır, ancaq bəhanələr daha çox Avropa qurumlarından gəlməyə başlayır. Buyurub seçkiləri müşahidə etsinlər, neqativ nələr var üzə  çıxarsınlar, rəylərini yazsınlar. Kənarda qalmaları barədə tərtib edilən bəhanələr inandırıcı görünmür.
 
- Baş verənlərə hətta Rusiya XİN-in reaksiya verməsi proseslərin Rusiyanın istəyinə uyğun getdiyi anlamını vermirmi? Hesab etmək olarmı bütün bu proseslər Bakını Moskvaya daha da yaxınlaşdırır? Elə isə Qərb institutları Azərbaycanın itirilməsinə köklənmiş bu siyasətdə niyə təkidli görünürlər?
 

“Onlar hətta haqsız rəqabətlə qarşılaşsalar belə, hətta uduzsalar belə, boykot sözünü dilə gətirməməlidirlər”

 
- Rusiyanın reaksiya verməkdə əsas məqsədi Azərbaycan üzərindən bölgədəki proseslərin ona dəxli olduğunu ABŞ və Avropa İttifaqına göstərməkdir. Ona görə də bu kimi məsələlərdə sanki Azərbaycanla həmrəy olduqlarını göstərməyə çalışırlar. Bakını Moskvaya yaxınlaşdıran bu proseslər deyil, Azərbaycanın indiki şərtlərdəki dövlət maraqlarıdır. Yəni Rusiyanın bölgədə aqressivliyi artır, hələ ki, iqtisadi sanksiyalardan başqa heç bir ciddi təsiredici mexanizm tapılmayıb, ABŞ və Böyük Britaniya ərazi bütövlüyünə təminat verdiyi Ukraynanın işğalının qarşısını ala bilməyib, o zaman 50-60 kiloluq Azərbaycan ağır çəkili Rusiya ilə necə rinqə çıxa bilər? Bu günün ən praqmatik siyasəti Rusiyanın aqressiyasının hədəfinə çevrilməməkdir, Azərbaycan da məhz bunu edir.
 
- Seçkiöncəsi Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya bir günlük səfər edərkən də belə xəbərlər yayıldı ki, Moskva Azərbaycan parlamentindən özünə kvota istəyir. Bu arada da Rusiyanın Qarabağa sülhməramlı yerləşdirəcəyi xəbəri yayılıb, hətta Qərb mənbələri bu barədə xəbərdarlıqlar edirlər. Bütün bunlarla bağlı nələr gözləmək olar? Sizcə, Rusiyanın nə kimi sürprizləri var?
 
- Bu, bir qədər sadəlövh yanaşmadır, Azərbaycan parlamentində kvota almaq Rusiyanın nəyinə lazımdır? Azərbaycanda Rusiya maraqları üçün çalışan kifayət qədər qüvvə var və dəfələrlə bunun hərəkətə gətirilməsi üçün cəhdlər edilib. Parlamentdə bir-iki nəfər oturtmaqla nəyi dəyişəcəklər? Digər tərəfdən, Azərbaycan iqtidarı Rusiyanın maraqlarına qarşı qıcıqlandırıcı addımlar atmadığı kimi, öz maraqlarını da nə Rusiyaya, nə də ABŞ-a güzəştə gedəcək xarakterdə deyil. Dəfələrlə Rusiyanın ən yaxın adamları kimi tanınan şəxslərin parlamentə düşə bilməməsi bunun əyani sübutudur. Qarabağa sülhməramlıların yerləşməsi indiki şəraitdə Rusiya üçün hansısa zərurətdən doğmursa, bunun inandırıcılığı da azalır. Rusiya bir az pərdəli şəkildə Qarabağda var, bütün hərbi sistemini idarə edir, Ermənistanda da ordusunu saxlayır, durub-durub da Qarabağa qoşun yeritməsinin nə mənası qalır?
 
- YAP-ın deputatlığa namizədlər siyahısını necə dəyərləndirirsiniz? Bəzi müşahidəçilər hesab edir ki, bu siyahı ilə hakim partiya artıq seçkinin taleyini həll edib. Razılaşmaq olarmı?
 
- YAP-ın seçki siyahısı seçkilərlə bağlı proqnozlaşdırmaya ciddi əsas verir, çünki hakim partiyadır və ölkə idarəetməsinin əsas siyasi bazasını təşkil edir. Ona görə də siyahılarını tərtib edərkən bütün detalları ciddi araşdırdıqlarını düşünürəm. Ola bilsin ki, bu siyahıda yer alanların müəyyən bir qismi seçki rəqabətindən qalib çıxmasın, ancaq parlamentdə say üstünlüyünün yenə də YAP-da olacağı şübhə doğurmur.  

- Hakim partiya sizə də rəqib göndərib. Narahatlığınız varmı? Heç düşünürsünüzmü ki, növbəti parlament sizsiz formalaşa bilər?
 

“Azərbaycanda Rusiya maraqları üçün çalışan kifayət qədər qüvvə var”

 
- Bir yarışa girəndə mən heç vaxt rəqib haqqında düşünmürəm, sadəcə bilirəm ki, istənilən rəqibə hörmətlə və ciddi yanaşmaq lazımdır. Ona görə də bütövlükdə seçki prosesinə narahatçılıqla yanasmaq ağlı başında olan hər kəs üçün vacibdir. Mən öz mübarizəmi aparacağam, əgər Allah qismət edərsə və seçicilər dəstəkləyərsə, yenidən seçilərəm. 
 
- Müxalifətin bir sıra partiyaları boykot qərarı veriblər. Milli Şuranın ardınca ADP boykota getdi, KXCP və Müsavat da boykota işarə edən açıqlama verib. Mövcud seçki mühitini necə dəyərləndirirsiniz, boykot üçün əsaslar varmı?
 
- Azərbaycan elə bir ölkədir ki, burada hər şey üçün əsas var. Ölkədə qalmağa da, ölkədən getməyə də, yaşamağa da, intihara da. Yəni hər kəs öz psixoloji durumuna görə istənilən qərarı verib əsaslandıra bilər. Fikrimcə, bütün hallarda siyasətçilər boykot sözündən uzaq durmalıdırlar. Hətta haqsız rəqabətlə qarşılaşsalar belə, hətta uduzsalar belə, boykot sözünü dilə gətirməməlidirlər. Çünki passivliyin bütün növləri pisdir və qeyi-bərabər mübarizənin də içində yer almaq insan üçün maraqlı sürprizlər ortaya qoya bilər.  

- Parlament seçkilərininin nəticələrinin beynəlxalq aləmdə tanınmaması gözləntisi varmı və bu, baş verərsə, ölkəmiz üçün hansısa problemlər yarana bilərmi?
 
- Burada hansısa problem görmürəm, seçkilər qanunvericiliyə uyğun keçiriləcəksə, nə deyib nəticələrini tanımayacaqlar? Belə bir gözlənti yoxdur.
 

“Azərbaycan elə bir ölkədir ki, burada hər şey üçün əsas var; ölkədə qalmağa da, ölkədən getməyə də, yaşamağa da, intihara da...”

 
- Parlamentin yeni tərkibində müxalifət liderlərindən kimləri görmək istərdiniz? Sizcə, hakimiyyət də onları ali qanunverici orqanda görmək istəyirmi?
 
- Mənim istəyim müxalifət liderlərini orada görmək deyil, Böyük Quruluş Partiyasının əksər namizədlərini orada görməkdir. Ancaq ümid edirəm ki, müxalifəti təmsil edən  və ən azı fraksiya yaradacaq qədər saya malik olan namizədlər uğur qazanacaqlar.
 
- Bu arada Azərbaycanı gözləyən təhlükələrlə bağlı xəbərdarlıqlar artıb. Sülhəddin Əkbər də deyib Suriyadan sonra növbə Azərbaycanındır. Ölkəmiz üçün təhlükəli planların işə salınması realdırmı və hakimiyyət vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün hansı addımlar atmalıdır?
 
- Ümumiyyətlə, belə bir növbənin olmasını müəyyənləşdirmək üçün ən azı Mərkəzi Kəşfiyyat İdarəsinin Obamaya qovluğun içində ötürdüyü kağızdan və ya Federal Tədqiqatlar Bürosunun Pitinə ötürdüyü məxfi sənəddən məlumatın olmalıdır. Bu isə imkanımız xaricindədir. Ona görə də növbənin Suriyadan sonra Azərbaycana necə çata biləcəyini söyləməkdə çətinlik çəkirəm və bu ehtimalı inandırıcı saymıram. Bununla belə, problemləri azaltmaq üçün iqtidar çoxşaxəli islahat və dəyişikliklər həyata keçirməlidir.
Cia.az