Rəşid Nəcəflinin imza vərəqələrini DSK sədri qəbul etmir; müsavatçı MSK-ya müraciət edib...
Müsavat Partiyasının 82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədi Nəcəfli Rəşid Mikayıl oğlu qanun pozuntuları ilə üzləşib. Belə ki, ona imza verən, imza toplayan şəxslər müxtəlif təhdidlərə, təqiblərə məruz qalırlar. Hətta işdən qovulacaqları ilə hədələnirlər.
Bundan əlavə, deputatlığa iddiaçı imzatoplama kampaniyasını bitirsə də, imza vərəqələri Dairə Seçki Komissiyasının (DSK) sədri Nadir Qəribov tərəfindən qəbul edilmir.
Bu barədə “Yeni Müsavat”a məlumat verən R.Nəcəfli qanun pozuntularının başında hazırkı deputat Tahir Rzayevin dayandığını bildirib: “82 saylı Ağcabədi seçki dairəsində mənə qarşı təzyiq və təhdidlər davam edir. Müəssisə və təşkilatlarda namizədliyimi müdafiə edənlərin cəzalandırılması baş verir. İmza verənlərə işdən qovulacaqları barədə hədə-qorxu gəlinir, müxtəlif təhdidlər var. İmza verənlər izlənilir, hədələnir. Mən açıq və birmənalı şəkildə bildirirəm ki, Tahir Rzayevin mənimlə seçki yarışında şansı heç 1% də yoxdur. Buna görə yeganə çıxış yolunu yenə də namizədliyimin qeydə alınmamasında görürlər. Əvvəlki seçkidə də bu cür halın şahidi olduq. Vaxtından əvvəl imza vərəqələrini təqdim etsəm də, Nadir Qəribov son günə qədər saxladı və sonra vaxtın bitdiyini bildirdi. İndi də imza vərəqələrini təhvil vermək istəyirik. Amma sədr qəbul etmir. 300-dən artıq mənzildə seçicilərlə görüşmüşük. Harada seçicilərlə görüşürüksə, hamı Tahir Rzayevə heç vaxt səs vermədiklərini, onun saxta yolla millət vəkili statusunu mənimsədiyini bildirirlər”.
Müsavatçı namizəd əvvəlki seçkidə üzləşdiyi qanun pozuntularından da danışdı: “2010-cu il parlament seçkilərində də belə təzyiqlər həddən çox idi. O vaxt da nəyin bahasına olursa olsun, namizədliyimin qeydə alınmaması üçün min bir oyundan çıxırdılar. YAP-ın namizədi Tahir Rzayev əvvəlki seçkidə olduğu kimi, bu dəfə də saxta yolla deputat olmaq üçün dəridən-qabıqdan çıxır. O vaxt baş verənlərlə əlaqədar kifayət qədər faktlar olmasına baxmayaraq, Tahir Rzayev istəyinə nail olmuşdu. O, üç dönəmin üçündə də saxta yolla deputatlıq adını alıb. Tahir Rzayev məni, necə deyərlər, ”yola gətirmə" cəhdləri də edir. Bu biabırçılıqlara son qoyulmalıdır. Çalışırlar ki, bu dəfə də namizədliyimi qeydə almasınlar. 2010-cu il parlament seçkisində mən “AXCP-Müsavat” seçki blokunun namizədi olanda nə formada qanunsuz hərəkətlər var idisə, indi ondan da artıq qanunsuzluqlar edilir. Bu gün də həmin proses gedir".
Müsavatın namizədi rayon sakinlərinin hazırkı deputatdan bezdiklərini də qeyd etdi: “Ağcabədililər Tahir Rzayevdən beziblər. Onun haqda müsbət fikri olanları tapmaq müşkül məsələdir. Tahir Rzayev lovğalanaraq bildirir ki, Ağcabədidə çox işlər görmüşəm. Əslində isə onun deputat kimi rayon üçün heç bir rolu olmayıb. Ağcabədidə seçki qabağı mühit çox ağırdır. Rayon sakinləri Tahir Rzayevin yenə də saxta yolla seçilməsinə imkan verməyəcəklər. Xalqın dərdini istehza ilə qarşılayan Rzayev erası çoxdan bitib. Ağcabədililər yenilik istəyirlər. Mən seçicilərin mənə olan etimadı və inamını əsas gətirərək bildirirəm ki, necə olursa olsun, namizədliyimin qeydə alınmasının qarşısının alınması cəhdlərinin yenidən bu formada davam etməsi yolverilməzdir. Tahir Rzayevin adamları imza yox, şəxsiyyət vəsiqələri toplayırlar. Mən əminliklə bildirirəm ki, normal seçki keçiriləcəyi təqdirdə mənim qələbəyə heç bir şübhəm yoxdur. Tahir Rzayevin ötən seçkilərdə də saxta yolla seçildiyi haqda əlimizdə faktlar var. Bununla dövlətin nüfuzuna xələl gətirilir, ictimai rəydə xoşagəlməz fikirlər formalaşır”.
Deputatlığa namizəd baş verənlərlə bağlı MSK-ya teleqram da vurub: “Artıq gözləmək fikrində deyilik. Bunların məqsədi bəllidir. Yenə nə məni seçkidən kənarda qoymaq və istədikləri saxtakarlıqları etmək fikrindədirlər. Keçən seçkidə olduğu kimi”.
Cia.az
