|
Müxalifətdə seçkini boykot məsələsində fikir ayrılığı yaranıb

Namizədlərə yerlərdə yaradılan problemlər vüsət almaqda davam edir: Pənah Hüseyn: “Bu seçkilər gözlənildiyindən də ağır şəraitdə keçir...”

Parlament seçkiləri ilə bağlı maraqlı proseslər baş verməkdədir. Milli Şuradan sonra ötən həftə ADP seçkilərdə iştirakdan imtina etdi. 7 partiyanın təsis etdiyi “Azadlıq-2015" seçki blokunun da seçkilərdə iştirakdan imtina etmək niyyətində olduğu, blokda bu məsələnin müzakirəsinin getdiyi barədə informasiyalar yayılmaqdadır. Buna səbəb kimi bəzi dairələrdə blokun namizədlərinə imzatoplama kampaniyasında təzyiqlər göstərilməsi qeyd olunur.
 
 
 
 
 
“Azadlıq-2015" seçki blokunun təsisçilərindən biri KXCP sədri Mirmahmud Mirəlioğlu da ”Yeni Müsavat"a hələ ötən həftə bildirib ki, 20-dən artıq dairədə blokun namizədlərini qeydə almırlar. Partiya sədrinin sözlərinə görə, hələ YAP-ın siyahısı açıqlanmazdan qabaq rayon icra başçıları çox möhkəm əl-ayağa düşüblər, dairələr üzrə təhdidlər ediblər, təhsil şöbəsinin müdirləri, direktorlar müəllim işləyən blokun namizədlərinə təzyiq göstərirlər. KXCP sədri deyib ki, hətta 16 sentyabrda dairələrin birində namizədin sənədləri DSK-ya təqdim olunarkən səlahiyyətli nümayəndəni oğurlayıblar. Mirəlioğlu bütün bu hallara qarşı etirazını bildirməklə bərabər növbəti addımların da anonsunu verib: “Hakimiyyətdə güclü bir xətt var. Bu xətt bütövlükdə Rusiya xəttidir. Hazırkı Avropa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə daha da pisləşdirmək, ziddiyyətləri dərinləşdirmək, həm də seçkidə boykot yolunu tutanların sayını artırmaq istəyirlər. Biz də heç bir çətinlik çəkmədən istədiklərini onlara verə bilərik”. 
 

Blokun digər təsisçisi olan AXP sədri Pənah Hüseyn isə dünən “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bloka daxil olan ayrı-ayrı partiyalar tərəfindən seçkidən imtina qərarı vermək məsələsi qaldırılır. Amma hələ ki, əksəriyyət seçkidən çəkilməyin əleyhinədir və mübarizə aparmağın tərəfdarıdır: “Əks arqumentlər var. O da ondan ibarətdir ki, indiki mərhələdə seçkidən çəkilmək belə dəyərləndirilə bilər ki, blok əvvəl elan olunmuş strategiyadan geri çəkilir. Açıq ifadə edilməlidir ki, bu seçkilər gözlənildiyindən də ağır şəraitdə keçir. Seçkidən çəkilmək bu seçkilərdən demokratiya uğrunda mübarizədə istifadə eləmək strategiyasından əl çəkilmək kimi qiymətləndirilə bilər. Əksəriyyətin fikri belədir. Hələlik əksəriyyətin fikri o oldu ki, seçkilərdə iştiraka davam edək”.
Blokun təsisçilərindən olan Azadlıq Partiyasının sədri Əhməd Oruc da bildirdi ki, hazırda namizədlərə qarşı təzyiqlər olsa da, seçkidə iştirakdan imtina etmək qərarı yoxdur: “Yerlərdə icra hakimiyyəti nümayəndələri, dairə seçki komissiyalarının üzvləri bəzən yersiz müdaxilələr edir və namizədliyin irəli sürülməsi prosedurlarına qanuna zidd olaraq əlavə sənədlər tələb edir və sair ləngitmələr olur. Biz bunu doğru saymırıq və hakimiyyətdən, seçki komissiyalarından bu məsələlərə qanuni yolla yanaşmağı tələb edirik. Biz blok olaraq seçkilərə hansı şərtlər daxilində qatıldığımızı bilirdik və gözlədiklərimizdən fərqli də ortada heç nə yoxdur. Hakimiyyət həmişəki qaydada seçki keçirmək istəyində görünür”.
 
Müsavat Partiyası da hələ ki, seçkidən geri çəkilməsə də, hansısa mərhələdə belə bir addım atacağının istisna edilmədiyini bildirir. Müsavat başqanının müavini Elman Fəttah bildirdi ki, partiya kampaniyanın başa çatmasına 10-12 gün qalmış seçkidə iştirak məsələsini yenidən müzakirə edəcək və şəraitə uyğun olaraq qərar çıxaracaq. 
 
 
Ancaq partiyanın namizədlərinə təzyiqlər davam edərsə, Müsavat Partiyası seçkidən geri çəkilə bilər:“Müsavat Partiyasının qərarına hər hansı başqa siyasi təşkilatın qərarları təsir göstərə bilməz. Situasiya nəyi diktə edəcəksə, Məclisdə, Divanda və partiya rəhbərliyində aparılan müzakirələrə uyğun olaraq qərar çıxarılacaq. Seçki kampaniyası zamanı namizədlərə pulsuz efir vaxtının ayrılması bizim üçün böyük önəm daşıyır. Hakimiyyətin bu məsələdə şəffaflığı təmin etməməsi bizi öz qərarımıza yenidən baxmağa vadar edə bilər”. 
Cia.az