|
Müxalifətin seçkilərdə əsas şüarı nə olacaq?

Xaricdən texnoloqlar dəvət ediləcəkmi... 

 

 
Məlum olduğu kimi, bu il noyabrın 1-də Azərbaycanda 5-ci çağırış parlament seçkiləridir. Bəzi siyasi qurumlar seçkilərlə bağlı boykot qərarı versələr də, aktiv şəkildə proseslərə qatılan qurumlar da az deyil.

Hər seçkidə olduğu kimi, bu dəfə də seçki prosesində iştirak edəcək siyasi partiyaların əsas şüalarının nədən ibarət olacağı maraq doğurur. Bundan əlavə, seçki öncəsi ölkə müxalifətinin xaricdən seçki texnoloqları dəvət edib-etməyəcəkləri də maraqlıdır. 
 
ATƏT-in seçkilərdə müşahidəçilər göndərməkdən imtina etməsi, arxasınca digər nüfuzlu xarici təşkilatların bu cür qərar verəcəyinin gözlənilməsi, heç şübhəsiz ki, demokratik düşərgəni seçki texnoloqları dəvət etməyə məcbur edir.
 
Müsavat başqanının müavini Elman Fəttah qarşıdan gələn seçkilərdə əsas şüarlarının siyasi məhbuslarla bağlı olacağını bildirdi: “Hələ təbliğat kampaniyası başlamayıb. Amma Müsavat Partiyası əvvəldən mətbuata məlumat verib ki, seçkilərdə birinci vacib məsələ siyasi məhbuslarla bağlı olacaq. Əsas məsələ budur. Azərbaycanda repressiya dalğası ölçüyəgəlməz dərəcədədir. Bu baxımdan siyasi məhbusların əsas məsələ olması çox vacibdir”.

Başqan müavini seçki texnoloqlarını dəvət etməyi düşünmədiklərini də qeyd etdi: “Belə bir planımız yoxdur. Hamıya aydın olan bir həqiqət var ki, Azərbaycanda seçki mühiti yoxdur. Seçkilərin saxtalaşdırılacağına dair kimsədə şübhə yoxdur. Ümumiyyətlə, demokratik seçkinin çalarları belə yoxdur. O halda uğurlu texnologiya barədə düşünməyin mənası yoxdur. Biz çalışırıq ki, seçki dövründə də avtoritar hakimiyyətə qarşı mübarizəmizi davam etdirək. Partiyamızın siyasəti demokratiya uğrunda mübarizənin ardıcıllığı və fasiləsizliyini aparmaqdır. Mümkün olan bütün variantlardan istifadə etmək niyyətindəyik”.

KXCP sədrinin müavini Xəzər Teyyublu seçki şüarlarını hələ də müəyyən etmədiklərini diqqətimizə çatdırdı: “Biz seçkilərə blok şəklində qatılacağıq. Məsələ müzakirə olunur. Bir neçə variant var. Şüarlar cəlbedici olmalıdır. Bu baxımdan ən məqbul olanı seçiləcək. Bu günün reallıqları ilə səslənməlidir. Şüarlarda məntiq olmalıdır. Namizədlər şüarlarda fərqlənməlidir”.
 
X.Teyyublu da xaricdən seçki texnoloqları dəvət etmək fikirlərinin olmadığını söylədi: “Seçkilərdə iştirak etmişik. Kifayət qədər təcrübəmiz var. Bu vaxta qədər heç vaxt belə addım atmamışıq. Yəqin ki, indi də belə olacaq. KXCP AXCP-nin varisi, Elçibəy təşkilatı olaraq, uzun illərin seçki təcrübəsinə malikdir. Biz seçkilərdə səs almağın yollarını bilirik. Gələcəkdə mümkün olar. Bunun üçün bərabər rəqabət olmalıdır. Bu məsələləri hələ ki özümüz həll edirik”.
Cia.az