|
MSK müşahidəçilərə və polislərə yaddaş kitabçası hazırlayıb
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının  (MSK) iclası keçirilib. MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən xəbərə görə, əvvəlcə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli Demokrat Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsi müzakirə edilib. 
 
Sözügedən partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb. Sonra Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərar qəbul edilib. 
 
MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən daha bir xəbərə görə, MSK Milli Məclisə seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır. 
 
Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib. Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. “Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
 
MSK noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” da hazırlayıb.
 
Xəbərdə deyilir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması, mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib. 
 
Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Cia.az