|
Rusiya həqiqətənmi Qarabağ düyününü açmaq istəyir?
Rusiya beynəlxalq sanksiyalar altında sıxılsa da, Ukrayna və Cənubi Qafqazdan tutmuş, Yaxın Şərq və Suriyaya kimi fəal diplomatiya yürütməkdə davam edir. Rəsmi Moskva həm postsovet məkanında özünün yaradığı münaqişələri hələ ki, uğurla idarə edə bilir, həm də Yaxın Şərq kimi böyük bir böhranlı bölgədə siyasi varlığını nümayiş etdirməkdən ötrü yeni ssenarilər qurur, hətta ABŞ maraqlarını ciddiyə almadan hərbi müdaxilələrə qərar verir.
 
Son addımlar sözsüz ki, ən əvvəl Kremlin özünü qlobal güc və vazkeçilməz beynəlxalq oyunçu kimi yenidən təsdiqləməyə, sanksiyaların ona təsirsiz olduğunu əyani göstərməyə hesablanıb. Rusiyanın özünü qlobal oyunçu qismində apardığı regionlardan biri isə Qarabağ ixtilafının yer aldığı Güney Qafqazdır. Axır vaxtlar virtual da olsa, Moskvanın bu məsələdə ciddi siyasi-diplomatik fəallığı sezilməkdədir - nə barədə ki, artıq amerikalı analitiklər də danışmağa başlayıblar. Hətta Bakı ilə Moskva arasında Qarabağa dair ilkin anlaşmanın olması iddiaları var. 

Mümkündür ki, belə qənaətlərə Bakı ilə Qərb arasında axır vaxtlar yaranmış soyuqluq da yol açıb. Yəni ehtimal edilir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin dərinləşməsi üçün indi qat-qat yaxşı zəmin var. Demək, Qarabağ konfliktinin həllini irəli aparmağa zəmin də əvvəlkindən yaxşı olmalıdır. Bəzi Rusiya rəsmilərinin son açıqlamaları isə bu istiqamətdə əlavə optimist düşüncələrə əsas yaradır.
 
*****
“Azərbaycan bizim təkcə siyasi sahədə deyil, iqtisadi və digər sahələrdə də tərəfdaşımızdır. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz inkişaf edir. Ümid edirik ki, əlaqələrin hazırkı səviyyəsi qorunub saxlanılacaq və inkişaf etdiriləcək”.
 
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünənki brifinqdə bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunarkən deyib: “Bəllidir ki, Rusiya bu münaqişənin nizamlanması prosesinə aktiv şəkildə qoşulub. Biz sülh prosesinin məsul iştirakçısıyıq. Ona görə də hər şeyi edəcəyik ki, Qarabağ münaqişəsi düyünün açılmasını tezləşdirək”.
 
Ancaq belədimi? Moskva geçəkdənmi əlindən gələni edir ki, bu üzücü münaqişə nəhayət, çözülsün? Əfsus ki, sualın birmənalı təsdiqi cavabı yoxdur. 
 
 
*****
Məsələn, Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal fərqli düşünür. Onun sözlərinə görə, Rusiya ilk növbədə Azərbaycanı yenidən Avrasiya İqtisadi Birliyinə cəlb eləmək istəyir: “Ancaq Azərbaycan nəzərə almalıdır ki, o, Rusiya ilə yaxınlaşmaqla öz problemlərini həll etməmək bir yana, üstəlik, Rusiyanın problemlərini bölüşmək riskinə gedir”. 
Ekspertə görə, Qarabağ məsələsində Qərblə Rusiya arasında seçim də yanlışdır, çünki: “Qərb Bakıya Dağlıq Qarabağ məsələsində beynəlxalq hüququn təsbit olunmasına kömək göstərmədiyi kimi, Rusiya da öz erməni müttəfiqindən heç vaxt imtina etməyəcək və Azərbaycana kömək göstərməyəcək”. 
 
Heydər Camalın Qarabağ müharibəsində ABŞ və Rusiyanın özünü necə aparacağı ilə bağlı suala verdiyi cavab da çox maraqldır: “Onların özünü necə aparacağı Ukrayna nümunəsindən görünür. Qərb özünü elə göstərir ki, Ukraynanı dəstəkləyir və Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu - Rusiyanın vəziyyətini pisləşdirir, ancaq Ukraynaya az kömək edir. Qarabağda müharibə başlasa, Rusiya Ermənistanın tərəfini tutacaq, Qərb isə özünü elə aparacaq ki, guya Bakının yanındadır”.
 
Belə çıxır ki, Rusiyanın fəallaşan Qarabağ diplomatiyası problemin ədalətli həllindən daha çox, özünün regional maraqlarını ödəməyə hesablanıb.   
 
*****  
Müharibədən söz düşmüşkən, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyir ki, bir qrup əcnəbi ekspert, o cümlədən Hamburq universitetinin professoru Otto Lyuxterxandt Azərbaycanın müharibəyə başlayacağının pik dövrün arxada qaldığını proqnozlaşdırır: “Onların fikrincə, ”Azərbaycan resurs dövlətidir, dünya bazarında neftin qiyməti aşağı düşən kimi Azərbaycanın imkanı zəifləyir. Ermənistan isə dinamik iqtisadi inkişaf modeli seçməli olan dövlətdir. Ermənistanda sabitlik var. Ona görə Ermənistan Azərbaycandan üstündür" (“Trend”).

Politoloqa görə, bu cür fikirləri erməni səsləndirəndə bunu erməni psixologiyasının və ya xəstə erməni təxəyyülünün məhsulu kimi başa düşmək olar, xarici ekspertlər belə şərhlər verəndə isə onların erməni olmadığına inanmaq mümkün deyil: “Çünki Azərbaycanla Ermənistanın hətta indiki start vəziyyətini götürsək belə, biz xeyli üstünük. Azərbaycan prezidenti İlham Əliyevin təbirincə nefti, qazı unudaq. Bu gün Azərbaycanın 50 milyard dollarlıq qızıl valyuta ehtiyatı var. Azərbaycan beynəlxalq iqtisadi layihələrin reallaşdığı məkandır. İranla ”Altıqlıq" arasında imzalanmış müqavilə İranı regional və beynəlxalq miqyasda iri layihələr reallaşdırmağa sövq edir. Yayılan bütün məlumatlarda İranın Azərbaycanla iqtisadi əməkdaşlığa böyük önəm verdiyi aşkar görünür. İranın öz qazını Avropa bazarına çıxarmaq üçün hazır infrastrukturu yoxdur. İran birdən-birə ildə 50-60 milyard kub metr qaz hasil edib, bunu Avropaya sata bilməz. İran işə tədricən başlamalıdır. Bu məsələdə İran üçün ən sərfəli infrastruktur məhz Azərbaycandadır".

Əhmədoğlu qeyd edib ki, beynəlxalq enerji layihələrinin reallaşması xeyli infrastruktur layihələrə təkan verib, bundan sonra da verəcək: “Dağlıq Qarabağın işğaldan azad edilməsi Azərbaycanın iqtisadi həyatında real inqilab yarada bilər. 10 il ərzində təxminən 300 milyard dollarlıq bərpa xarakterli layihələr reallaşdırıla bilər. Azərbaycan üçün bu böyük rəqəmdir. Azərbaycan hətta indiki start vəziyyətində belə perspektivlərə malikdir. İqtisadi, siyasi fəal vətəndaşlar Ermənistanı tərk edirlər. Hətta bu fonda mitinqlər və həbslər var. Ciddi ekspert Ermənistanda sabitliyə istinad edə bilməz. Ermənistanın xarici borcu ÜDM-in 50%-ini ötüb keçib. Hətta Rusiyada maliyyə böhranının ardıcıl davam etməsi də erməni iş adamlarının pulunu Ermənistana gətirməyə şərait yaratmayıb ”.

Mərkəz rəhbəri sonra vurğulayıb ki, İran kimi iri dövlətlər Ermənistan ərazisində iri layihələr reallaşdıra bilməzlər. Çünki Ermənistan müstəqil deyil: “İranın bir çox layihələri Ermənistan ərazisindən başqa bir dövlətin diktəsilə əlindən alınıb, qarşıdakı layihələri də analoji tale gözləyə bilər”.
 
Politoloq hesab edir ki, Azərbaycanın müharibəyə başlaya bilməyəcəyilə bağlı proqnoz verənlərin böyük əksəriyyəti Türkiyənin daxili vəziyyətinə söykənirlər: “Guya Türkiyə Azərbaycanın əsas donor dövlətidir, Türkiyə zəifləyibsə, Azərbaycanın resursları məhdudlaşıb. Hərbi təlimlərin hərbi əməliyyatlara çevrilməməsinin səbəbləri isə Azərbaycandan fərqli görünür: birincisi, bu yuxarıda sadaladığımız vəziyyətdir. Azərbaycanı idarə edənlərin ağlı və siyasəti var, hökmən baş verənlərin təhlili aparılmalıdır; ikincisi, Türkiyənin daxili vəziyyəti qeyri-müəyyəndir, parlament seçkilərində hökumət qurulmalıdır. Türkiyə erkən seçkilərə getdi. Belə vəziyyətdə Azərbaycanın müharibəyə başlaması Türkiyənin daxilində əlavə gərginlik mənbəyi yaradardı; üçüncü səbəb isə BMT Təhlükəsizlik Şurasının (TŞ) fəaliyyəti ilə bağlıdır. Hər il yayda BMT TŞ ən azı 2 ay ”dincəlirdi". Bu il TŞ Ukrayna, Suriya, İran və s. məsələlərlə əlaqədar demək olar ki, daim fəaliyyətdə olub".
 
Politoloqa görə, Azərbaycan müharibə variantından əl çəkməyib, sadəcə, öz metodologiyasına uyğun şəkildə hərbi potensialını genişləndirir, inkişaf etdirir.
 
***** 
Ekspertlərin söylədiklərindən belə qənaət hasil olur ki, Bakının Qarabağ məsələsində Moskvaya bel bağlaması yanlış və kifayət qədər təhlükəlidir. Azərbaycan ən yaxşı halda konflikt ətrafında məqbul şərait yetişənə, o sırada Rusiya amili təsirsiz (neytral) hala gələnədək gözləməli, bu müddətdə isə həmin şəraitin yetişməsinə yardımçı olmalıdır. Bundan ötrü o, təbii ki, ilk növbədə özünün hərbi-iqtisadi gücünü durmadan artırmalıdır. Bu, həm də ona görə vacibdir ki, konfliktin həll açarı Qərbə keçəndə sonuncu Azərbaycanın gücü ilə - Ermənistan üzərində əzici üstünlüyü ilə hesablaşsın. Unutmayaq ki, müasir dünyada haqlı olmaq üçün həm də gərək güclü olasan...
Cia.az