Münaqişə ocağında yeni müharibə ehtimalının kəskin artması vasitəçi dövlətləri də, beynəlxalq birliyi də təcili addımlar atmaq zorunda qoyur; “problemin həllinin vaxtı çatıb” deyənlər, nəhayət, sözdən işə keçəcəkmi?
Dağlıq Qarabağ ətrafında situasiya mürəkkəb və həssas olaraq qalır. Situasiyanın ən mühüm özəlliyi hazırda odur ki, ilk baxışda vasitəçi dövlətlərin - həmsədrlərin hamısı müharibədə maraqlı olmadığını bəyan eləsə də, gerçəkdə problemin həlli yönündə heç bir addım atılmır.
Hər halda, görünən mənzərə belədir ki, konfliktə cəlb olunan böyük güclər onun nizamlanması uğrunda deyil, həllində patronajlıq uğrunda mübarizə aparır. Söhbət təbii ki, öncəliklə Rusiya və ABŞ-dan gedir. Aydındır ki, ixtilafın yoluna qoyulmasında Moskva hələ ki müstəsna imkanları saxlayır. Ancaq hələ ki.
***
Rusiyanın məsələdə son hərəkətliliyi belə qənaət yaradır ki, bu hərəkətlilik ən əvvəl özünün cari maraqlarını təmin eləməyə yönəlib, nəinki 25 illik problemi kardinal şəkildə çözməyə. Yəni bir növ vaxt udmağa, rəsmi Bakını arxayın salmağa hesablanıb.
Bir şey dəqiqidir ki, münaqişəyə cəlb edilən tərəflər üçün Dağlıq Qarabağ məsələsinin qiyməti, əhəmiyyəti xeyli artıb, münaqişə, necə deyərlər, “bahalaşıb”. Ələlxüsus da Qərbin, NATO-nun Cənubi Qafqazda, Gürcüstanda ciddi şəkildə möhkəmlənməyə başlamasından sonra Rusiyadan ötrü onun artıq təzə dəyər qazandığını söyləmək olar.
İstisna deyil ki, Dağlıq Qarabağa Rusiya sülhməramlıların yerildilməsi ilə bağlı Bakı ilə Moskva arasında hansısa ilkin anlaşmanın olması haqda Amerikanın nüfuzlu “Stratfor” kəşfiyyat-analitik mərkəzinin gəldiyi son qənaət məhz bu amildən qaynaqlanır. Ayrı sözlə, Kreml münaqişənin tam həllində maraqlı olmasa da, hazırda qətiyyən özünə sərf etməyən müharibə risklərini minimuma endirmək üçün irəliləyişin reallaşmasına yardımçı olmağa, sadəcə, məcburdur.
Əks halda, müşahidələr göstərir ki, Rusiyanın konfliktə müdaxilə imkanları getdikcə azala və patronajlıq əlindən çıxa bilər. Çünki Azərbaycan yüzdə yüz öz torpaqlarının uzun müddət işğalda qalması ilə barışmayacaq və Rusiyanı gözləməyə bilər.
Son aylar təmas xəttində iri çaplı silahlarla yanaşı, Azərbaycan tərəfinin düşməni susdurmaq üçün ağır hərbi texnika və artilleriyadan da istifadə eləməsi (bu, onun qanuni haqqıdır!), cəbhə bölgəsində intensiv iri hərbi təlimlər keçirməsi bu mənada Rusiyaya da xəbərdarlıq mesajıdır ki, Qarabağ məsələsində irəliləyişin vaxtı çoxdan çatıb. Yeri gəlmişkən, analoji açıqlamalarla həm Rusiya rəsmiləri (xarici işlər naziri Sergey Lavrov, rusiyalı ekspertlər), həm də amerikalı həmsədr Ceyms Uorlik və ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirləri mütəmadi çıxış eləməkdədirlər.
***
Amerikanın ən yaxın hədəfi isə sözsüz ki, münaqişə zonasında yeni, genişmiqyaslı hərbi qarşıdurma ehtimalını önləməkdir. Bundan ötrü də aylardır amerikalı vasitəçi Ceyms Uorlik aktiv diplomatik səylər göstərir, hətta Moskvaya səfər edib ki, heç olmasa, Azərbaycan və Ermənistan prezidentləri BMT Baş Məclisinin 70-ci yubiley sessiyası çərçivəsində bir araya gəlsinlər. Bu, alınmasa isə ilin sonunadək görüşə nail olunsun.
Bu arada məlum olub ki, Azərbaycanla, Dağlıq Qarabağla bağlı qətnamələr layihəsi Baş Assambleyanın bu ayın sonunda öz işinə başlayacaq 70-ci sessiyasının gündəliyinə daxil edilib. Sənədlər “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlanır. Sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.
Xatırladaq ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi Baş Assambleyanın 69-cu sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün 70-ci sessiyanın gündəliyinə daxil edilib. O zaman sənədin gündəliyə salınmamasında Minsk Qrupu həmsədrlərinin Bakıya təsiri, hətta təzyiqi həlledici rol oynamışdı. Motiv də belə idi ki, məsələnin BMT gündəliyinə gətirilməsi müəyyən mənada Minsk Qrupunun fəaliyyətsizliyinin etirafı demək olardı.
O zaman Azərbaycan tərəfi, üstəlik, həmsədrlərin nizamlama prosesində irəliləyiş vədlərini nəzərə alaraq, öz təşəbbüsündən müvəqqəti əl götürmüşdü. Lakin ötən bir illik zaman kəsiyi göstərdi ki, sülh prosesində nəinki heç bir uğura cəhd edilməyib, üstəgəl, yeni müharibə ehtimalı heç vaxt olmadığı qədər artıb. Bundan əlavə, Azərbaycanın işğal altındakı ərazilərində Suriyadan erməni köçü güclənib ki, bu da Bakını haqlı olaraq narahat edir və öz torpaqlarını daha qısa zamanda azad eləmək imperativi qarşısında qoyur.
Bu və digər amillərə görə Azərbaycan məsələni BMT gündəliyinə qaytarmaq və özünün suverenliyinı və ərazi bütövlüyünə bir daha dünya birliyinin dəstəyini almaq istəyində tamamilə haqlı görünür. Bu, həm də beynəlxalq birliyə aydın bir mesaj ola bilər ki, əgər o, Yaxın Şərq münaqişəsi tipində daha bir konflikt ocağı arzulamırsa, o halda təcavüzkarla təcavüzkar kimi davransın və onun Azərbaycan ərazilərindən çıxmasına, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair məlum qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə yardımçı olsun.
Cia.az
