|
Avropadan üz çevirən Bakı Rusiyaya yaxınlaşır

Elxan Şahinoğlu: ““Brüssellə dialoqu genişləndirməyə, mübahisəli mövzuları birgə müzakirə etməyə ehtiyac var”

 


Azərbaycanın Qərblə münasibətləri kritik həddə qədər gərginləşib. Bir çox ekspertlər deyir ki, Bakı Qərbdən çevirdiyi üzünü Rusiyaya tutub. Belə görünür ki, Rusiya postsovet məkanında Ukraynanı Qərbə uduzmasının əvəzini Azərbaycanı qazanması ilə çıxır. Doğrudur, hazırda Azərbaycanın tamamilə Avropa məkanından təcrid olunduğunu demək tezdir. Lakin baş verənlər buna doğru getdiyini göstərir.

Yeri gəlmişkən, Azərbaycanın Avropadan imtinası prosesi bir qədər əvvəl eyni xətti tutmuş Rusiya ilə tamamilə oxşarıdır. Ekspertlərə görə, Azərbaycanda indi baş verənlər bir neçə il əvvəl Rusiyanın Avropa strukturlarından kənarlaşması prosesini xatırladır. 
 
 
 
 
 
Politoloq Sülhəddin Əkbər Meydan.tv-yə müsahibəsində deyib ki, hakimiyyətlə Qərb arasındakı münasibətlərdə sınma nöqtəsi bir neçə il əvvələ gedib çıxır. 2009-cu il referendumu, daha sonra 2013-cü ildə Avropa qurumlarının prezident seçkilərinə reaksiyasını xatırladan S.Əkbərə görə, məhz bu dövrdən başlayaraq hakimiyyətlə ABŞ və Qərb arasında münasibətlərdə gərginliyin əsası qoyulub: “Bu gərginlik Ukrayna böhranından sonra daha da artdı. Ukrayna böhranı-hakimiyyət dəyişikliyi və bu dəyişiklikdə Qərbin demokratik qüvvələri dəstəkləməsi rəsmi Bakını qorxutdu. Bunun nəticəsində hakimiyyət ötən ilin sonundan Qərbə qarşı təbliğat kampaniyasına start verdi və paralel olaraq Azərbaycanda demokratiya, insan haqları sahəsində durum ağırlaşdı. Beləliklə, hakimiyyətin dili ilə desək, Qərbin ”5-ci kolon"unun sıradan çıxarılması müşahidə olundu".
S.Əkbərə görə, Rusiya xüsusi xidmət orqanları Azərbaycan hakimiyyəti daxilindəki “5-ci kalon”la birgə bu prosesdə fəal iştirak ediblər, vəzifənin öhdəsindən gəliblər. İndi isə S.Əkbərin fikrincə, ABŞ və Avropa Birliyi uzun müddət səbr etdikdən sonra hakimiyyətin addımlarına reaksiya verib.
 
 
Siyasi şərhçi Elxan Şahinoğluna görə, Avro Parlamentinin qətnaməsinə qədər Avropa İttifaqı ilə Bakı arasında münasibətlər hakimiyyətin elan etdiyi balanslaşdırılmış xarici siyasətin tərkib hissəsi idi. Ancaq ekspertə görə, son hadisələr Bakının, belə desək, ənənəvi kursdan imtinasıdır: “Azərbaycan parlamentinin bir neçə il əvvəl qəbul etdiyi ”Təhlükəsizlik konsepsiyasında" da Avrointeqrasiya kursu əsas istiqamət kimi göstərilib. Bu baxımdan Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini aşağı səviyyəyə endirmək rəsmi Bakının həm balanslaşdırılmış siyasətinə, həm də “Təhlükəsizlik konsepsiyasına” ziddir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini zəiflətmək Rusiya və Ermənistanın maraqlarına cavab verir. Məhz bu iki dövlət Azərbaycanın Qərblə münasibətlərinin gərginləşməsini istəyir. Avropa İttifaqı Azərbaycanın inkişafında və sabitliyində maraqlıdır. Bununla yanaşı olaraq Azərbaycanda insan haqları və demokratik institutların da inkişafını arzulayır. Bunları heç birini nə Rusiya, nə də Ermənistan istəyir".

Həmsöhbətimiz deyir ki, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır, neft və gələcəkdə qazın əsas hissəsi məhz Avropa qitəsinə satılacaq. Bundan başqa, Avropa Komissiyası TAP və TANAP layihələrinin icrası məqsədilə Azərbaycana dəstək verir.
 
E.Şahinoğlunun fikrincə, Avropa İttifaqı ilə əməkdaşlıqdan qopmaq və ya dondurmaq Bakı üçün zərərli olacaq: “Brüssellə dialoqu genişləndirməyə, mübahisəli mövzuları birgə müzakirə etməyə ehtiyac var. Əgər rəsmi Bakı ”Şərq Tərəfdaşlıq Proqramı"nı tərk edərsə və Avropa Parlamentinin tövsiyəsi əsasında Azərbaycan məmurlarına qarşı sanksiya tətbiq olunarsa, Avropa İttifaqının ayrı-ayrı dövlətləri Brüsselin qərarlarını yerinə yetirmək məcburiyyətində qalacaqlar. Bu halda rəsmi Bakının Avropa İttifaqının ayrı-ayrı dövlətləri ilə münasibətləri də gərginləşəcək". 

Ancaq E.Şahinoğlunn fikrincə, Avropa Komissiyası AP-nin məlum qətnaməsini icra etməyəcək. Ekspertin qənaətinə görə, bu qətnamə tövsiyə xarakteri daşıyır və Bakı daha sərt addımlara getməyəcək: “Avropa Komissiyası Avropa Parlamentinin qətnaməsini yerinə yetirməyəcək. Avropa Parlamentinin qərarı tövsiyə xarakteri daşıyır. Ancaq əgər rəsmi Bakı ”Avronest"lə yanaşı “Şərq Tərəfdaşlıq Proqramı”nı tərk etməyə qərar verərsə, bu halda Avropa Komissiyası da Azərbaycanla münasibətləri zəiflədə bilər. Bundan sonra Avropa Komissiyasının TAP və TANAP layihələrinə dəstəyi də azala bilər və ya Brüssel bu boru xətlərindən ümumiyyətlə imtina edə bilər. Bu isə o deməkdir ki, Azərbaycan böyük bir bazar və gələcək gəlir mənbəyini itirəcək". 
 
“Avropa İttifaqı ilə münasibətlərin zəiflədilməsinin alternativi nədir” sualına cavab olaraq E.Şahinoğlu alternativin Rusiya olduğunu, ancaq bu seçimin çox uğursuz olduğunu deyir: “Əgər alternativ Rusiya ilə əməkdaşlığın inkişafıdırsa, bunun bizə zərəri xeyrindən çoxdur. Rusiyaya qonşu ölkələrlə bərabərhüquqlu münasibətlər lazım deyil. Moskvaya vassallar lazımdır ki, onun bütün anti-Qərb planlarını dəstəkləsin”. 
Cia.az