Bölgələrdə “müxalifətsiz seçki” taktikasına start verildiyi barədə seçkilərə qatılan siyasi təşkilatlardan və şəxslərdən xəbərlər gəlməkdədir. 7 partiyanın təmsil olunduğu “Azadlıq- 2015" blokunun yaydığı rəsmi açıqlamada bildirilir ki, iki gündür dairələrdə namizədlərin qeydə alınması ilə bağlı situasiya kəskin şəkildə pisləşib. İcra hakimiyyəti orqanları kütləvi şəkildə blokun səlahiyyətli nümayəndələrinə, irəli sürülmüş namizədlərə, onların ailə üzvlərinə, qohumlarına və s. qanunsuz yollarla təzyiqə başlayıb.
Blokun seçki qərargahı bəyan edib ki, məqsəd hər cür vasitələrdən istifadə edərək yerlərdə hakimiyyət üçün “problemsiz”, şikayətsiz, “skandalsız”, müşahidəçisiz, müxalifətsiz seçki mühiti yaratmaqdır.
“Azadlıq 2015" seçki situasiyasının kəskin pisləşməsinin YAP-ın siyahısının açıqlanması ilə üst-üstə düşməsinə diqqəti cəlb edib, göstərilən qanun pozuntularını hakimiyyət orqanlarının seçkiyə kobud müdaxiləsi kimi dəyərləndirərək, bunları pisləyib və bu rəzalətə son qoyulmasını tələb edib. Açıqlamada həmçinin deyilir ki, blokun iclasında bir sıra nümayəndələr tərəfindən belə şəraitdə seçkidə iştirakın mümkünsüzlüyü və bununla bağlı seçkilərdən çəkilmək ideyaları dinlənilib. Bildirilib ki, artıq bloka daxil olmayan bir sıra siyasi partiyalarda da bu mövzuda müzakirələr başlanıb və imtina qərarları presedenti var.
Müsavat namizədlərinə də yerlərdə problemlər yaradılır. Partiyanın rəsmi saytında bu barədə faktlar sadalanıb. Bildirilir ki, Göyçayda müsavatçının öz namizədliyini geri götürməsi tələb edilir, Siyəzəndə isə namizəddən ağlasığmaz sənədlər istəyirlər.
Müsavat Partiyasının seçkilər üzrə səlahiyyətli nümayəndəsi Mərdan Mehdilinin verdiyi məlumata görə, ailə üzvlərinin iş yerləri haqda məlumatların istənilməsi qanunda nəzərdə tutulmayıb. DSK-dan deyirlər ki, onlara bu haqda təlimat veriblər: “Bu məlumatları ona görə namizəddən tələb edirlər ki, sonra onun ailə üzvlərinə təzyiq etsinlər”.
Xatirladaq ki, üç gün öncə Qaradağ rayonunda Müsavat namizədi üçün imza toplayan Qədim Soltan yerli icra nümayəndəsi və bələdiyyə sədri tərəfindən oğurlanmışdı. Qədim Soltan qoçu dəstəsinin fiziki və mənəvi zorakılığına məruz qaldıqdan sonra azad edilsə də, bu cinayətlə bağlı hüquq-mühafizə orqanları heç bir tədbir görməyib.
Müsavat başqanı Arif Hacılı “Amerkanın səsi” radiosuna müsahibəsində bəyan edib ki, seçkinin demokratik keçirilməyəcəyi məlumdur. Hakimiyyət bir müddət əvvəl keçirilən bələdiyyə seçkiləri kimi bu seçkiləri də yola vermək istəyir. Lakin Müsavat seçkidə iştirak etməklə hakimiyyətin bu istəyini həyata keçirməsinə mane olmağa çalışır: “Azərbaycanda onsuz da son dövrlərdə keçirilən seçkilərin hər hansı legitimliyi olmayıb. Azərbaycanda faktiki olaraq, seçki adına bir əməliyyat həyata keçirilir. Bugünkü Azərbaycan hakimiyyəti dövründə azad və ədalətli seçkilərin keçirilməsinə ümid bəsləmək sadəlövhlük olardı. Ölkədə bərabərhüquqlu rəqabət şəraiti yoxdur.
Bütün seçki komissiyaları hakimiyyətin nəzarəti altındadır. Təbii ki, belə olan halda azad və ədalətli seçkilərin keçirilməsinə inanmaq sadəlövhlük olardı. Biz bu prosesdə iştirak edərək mesajlarımızı Azərbaycan cəmiyyətinə çatdırmaq istəyirik. Biz bu prosesdə iştirak etməklə Azərbaycan cəmiyyətini fəallaşdırmaq və ölkədə baş verən seçki saxtakarlığının miqyası ilə həm Azərbaycan ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti tanış etmək niyyətindəyik. Seçki prosesinin gedişində seçkilərdə iştirak etmə məsələsinə yəqin ki, bir neçə mərhələdə yenidən baxacağıq. Müsavat Partiyasının seçkilərdən imtinası da istisna deyil”.
“Azadlıq 2015" blokunun təsisçilərindən olan AXP-nin sədri Pənah Hüseyn isə ”Yeni Müsavat"a bildirdi ki, bir sıra bölgələrdə müxalifətdən olan namizədlərə, onların nümayəndələrinə yerli icra hakimiyyəti strukturları təzyiq edirlər: “Blokun namizədləri içərisində KXCP-nin nümayəndələri əksəriyyət təşkil edir. Həmin namizədlərin bir çoxuna yerlərdə təzyiqlər var. Biz MSK ilə əlaqə saxlayıb məlumat verdik. Bizim seçkilərdə iştirakımız həm də Azərbaycanda demokratiya uğrunda mübarizəmizin bir mərhələsidir. Biz seçkilərin hansı şəraitdə keçirilməsinin fərqindəydik və fərqindəyik.
Biz mübarizəmizi davam etdirəcəyik. Şəxsən mən özüm sentyabrın 17-dən imza toplamağa başlamışam və günün sonuna kimi yekunlaşdıracağıq. Hələ ki şəxsən mənə və bizim partiyadan namizədliyi irəli sürülmüş şəxslərə qarşı müdaxilə halına rast gəlməmişəm. Amma artıq namizədlərimizdən birinin qohumunu yerli hakimiyyət orqanlarının rəhbərliyi arayıb və onunla görüşmək istədiklərini bildiriblər. Bu seçkilərdə də ötənilki bələdiyyə seçkilərindəki metod yerli hakimiyyət strukturları tərəfindən təkrar olunur. Təzyiqlər belə görünür ki, yerli təşəbbüsdür. Yerli hakimiyyət orqanları hərə öz rayonunda guya səssiz, rəvan seçki keçirilməsini istəyirlər. Çalışırlar ki, müxalif namizədləri qeydə almasınlar. Onlar başa düşmür ki, ən böyük səs-küy elə bunda olacaq”.
YAP icra katibinin müavini Siyavuş Novruzov isə bildirib ki, kimin iştirak edib-etməməsindən asılı olmayaraq seçki keçiriləcək: “Əgər bir dairədən bir və ya iki namizəd varsa, seçki baş tutmuş hesab olunur. Kimliyindən asılı olmayaraq əgər alternativlik varsa, bu, seçkidir. Qanunda da göstərilib ki, alternativlik nəticəsində seçki keçirilir”.
Müxalifyönlü partiyaların namizədlərinin qeydə alınmaması məsələsinə münasibət bildirən Siyavuş Novruzov deyilənlərin yalan olduğunu bildirib: “Elə bir şey varsa, Mərkəzi Seçki Komissiyasına müraciət etsinlər”.
Cia.az
