|
Dustaq edam edilməyə bir neçə saat qalmış qurtuldu
ABŞ-da Apellyasiya Məhkəməsi Oklaxoma sakinin edamına cəmi bir neçə saat qalmış ölüm hökmünün icrasına mane olub. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, vəkillər bəyan ediblər ki, müttəhimin suçsuz olduğuna dair sanballı dəlillər əldə ediblər. Dəlillər arasında başqa bir dustağın cinayəti təkbaşına etməsi barədə etirafı da var. 
 
Riçard Yudcin Qlossip özünün də çalışdığı moteldə onun sahibi Barri Van Trisi qətlə yetirməyə görə iki dəfə mühakimə olunub. Van Trisin əməkdaşlarından biri olan Castin Snid etiraf edib ki, işəgötürəni soyub və beysbol ağacı ilə ölənəcən döyüb. Ancaq deyib ki, bunu yalnız Qlossip ona 10 min dollar vəd etdikdən sonra törədib.
 
Prokurorluğun məlumatına görə, Qlossip qorxurmuş ki, Van Tris onu bədxərcliyə və moteli pis idarə elədiyinə görə işdən qovar.
 
52 yaşlı kişi sentyabrın 17-də, saat 3-də edam edilməli idi. Lakin xoşbəxtlikdən vəkilləri onun suçsuzluğuna dair inandırıcı dəlillər tapa biliblər. Məhkəmənin növbəti iclası sentyabrın 30-da olacaq.
Cia.az