|
“Rayonlulara” şəhər qadağası etirazlar doğurub

Müxalifət partiyalarının rayon təşkilatlarının sədrləri də qərarı absurd hesab edirlər 

 


Sentyabrın 15-dən etibarən rayon qeydiyyatında olan yük və minik avtomobilləri, eyni zamanda avtobus və mikroavtobusların Bakıya daxil olmasına qoyulan qadağa qüvvəyə minib. 
 
Qeyd edək ki, paytaxtın hər iki girişində səhər saat 7-dən axşam saat 10-a qədər xidmət aparılacaq. Rayon maşınlarının saxlanılması üçün nəzərdə tutulan duracaqda sürücülər öz maşınlarını təhlükəsiz və ödənişsiz saxlayacaqlar. Qüvvəyə minən yeni qanun sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Hətta sürücülərlə polis əməkdaşları arasında mübahisələr də yaranır. Rayonlarda bu məsələyə münasibətin necə olduğunu  öyrənmək üçün Müsavat Partiyasının bir neçə rayon təşkilatı ilə əlaqə saxladıq.
 
Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzulla bu qərarın rayonda ciddi narazılıq doğurduğunu bildirdi: “Rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinə qoyulan qadağa məqsədəuyğun və insanların işini sürətləndirəcək addım deyil. Bu qərar Bakıya rayon qeydiyyatlı şəxsi avtomobili ilə gələn insanların rahatlığını ciddi şəkildə pozacaq. Sentyabrın 15-nə qədər olan vaxtda  müşahidələrdən görünürdü  ki, məlum qadağa insanlarda narazılıq yaradıb. Lakin qərar qüvvəyə mindikdən sonra, yəni 15 sentyabrdan  başlayaraq  sürücülərdə kəskin etirazı görmək olur. İllərlə formalaşmış düzəni dağıtmaq  problemlər yaradıb. Əgər bu qadağalar şəhərdə avtomobil sıxlığını aradan qaldırmağa xidmət edəcəyi məqsədilə edilibsə, məncə, bu heç də uğurlu variant deyil. Bəllidir ki, bu gün rayonlarda xeyli Bakı qeydiyyatı olan maşınlar var. Lakin buna baxmayaraq, mümkün idi ki, başqa formada, əhaliyə xüsusi çətinlik yaratmadan məsələ həllini tapsın. Məsələn, qadağaları günün xüsusi saatlarında, sürücülərə  çətinlik yaratmadan tətbiq etmək olardı. Lakin Bakıya girişin gecə saatlarında, həm də qısa zaman kəsiyində tətbiq olunması əlverişli deyil. Əgər bu qərar yeni dərs ilinin başlanmasına görədirsə, dərsləri tamamilə 1-ci növbəyə keçirib, maşınların şəhərə girişini günorta saatlarından sonra təmin etmək olar. Bundan başqa, bu qərar bir xeyli vətəndaşa maddi ziyan da vuracaq. Məsələn, şəxsi minik avtomobili ilə Bakıya kənd təsərrüfatı məhsulu gətirən vətəndaşın rahatlığı bir yana, əlavə nəqliyyat xərci ödəməli olacaq. Bu baxımdan məlum qadağa məqsədəuyğun deyil və ciddi çətinliklər  yaradacaq. Fikrimcə, qərara yenidən baxılmalıdır”.

Partiyanın Mingəçevir rayon təşkilatının sədri Nurəddin Rüstəmli də bu addımın narazılıqla qarşılandığını bildirdi: “Ölkə vətəndaşının öz paytaxtına istədiyi vaxt gələ bilməməsi təbii ki, narazılıqla qarşılanır. Bu qərar nə insan haqlarına sığır, nə də  demokratiyanın prinsiplərinə uyğundur. İnsanlar çox narazıdır ki, öz paytaxtına gedə bilmirlər. Maşın bu insanın xüsusi mülkiyyətidir. Bu qadağa absurd və gülməlidir. Sanki Bakını bir növ Azərbaycandan ayırıb ayrıca bir respublika edirlər. Rayon əhalisinə ikinci dərəcəli insanlar kimi baxırlar ki, öz maşını ilə paytaxta girə bilməz”.

Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli rayonda bu qərara qarşı çox mənfi münasibət olduğunu dedi: “Rayonda xəstəsi, Bakıda vacib işi olanlar olur. Mən belə başa düşdüm ki, bu, qanunsuz bir qərardır və vətəndaşın hərəkətinin məhdudlaşdırılması, insan azadlığının sıxışdırılmasıdır. Ağcabədililər də bunu bu cür qiymətləndirir. Hamı düşünür ki, bu qərar kimlərinsə marağını güdən bir qərardır. Rayonda bir nəfər də olsa, bu qərarı bəyənmir və pis qarşılayır. İnsanların işinə maneçilik yaradır. Çox güman ki, bu rüşvət tələsi də ola bilər. Pul alıb buraxacaqlar”.
 
Müsavat Partiyasının Gəncə şəhər təşkilatının sədri Oktay Zeynallı bildirdi ki, şəhər sakinləri arasındakı bu söhbət çox gərgin vəziyyətdədir: “Bəlkə kimsə xəstəsini səhər tezdən həkimə çatdırmalıdır. Həkimin qəbuluna səhər tezdən düşmək üçün də buradan səhər saat 5-6-da çıxıb maşınla gedilir. İndi xəstəni haradasa düşürüb, maşını harasa qoymaq nə dərəcədə doğrudur?! Gərək bu qərarda belə bir fərq qoyulardı ki, xəstəsi, vacib işi olan, dövlət idarələrinə gedənlərə güzəşt olunsun. Bu qərardan hər kəs narazıdır”.

Partiyanın Qazax rayon təşkilatının sədri İlqar Mustafayev bu qərarın rayon sakinləri üçün təhqir olduğunu dedi: “Neçə illərdir ki, hakimiyyət paytaxtdakı tıxac problemi ilə məşğul olur, amma həll edə bilmir. Azərbaycanın paytaxtına Azərbaycanın vətəndaşını buraxmamaq hər bir insan üçün təhqirdir. Necə ola bilər ki, sən vətəndaşı paytaxta buraxmayasan?! Bu o deməkdir ki, bunlar istədiyi vaxt istədiyi yerə maşın buraxa bilməz. Ümumiyyətlə, Qazax sakinləri bu qərara yaxşı baxmır. Hakimiyyətin bu addımı gözlənilən idi. Çünki tıxac problemi Azərbaycanın özü üçün tıxaca çevrilir”. 
Cia.az