Rəsmi dövlət qəzeti “Azərbaycan”da növbəti dəfə ABŞ-ı sərt şəkildə tənqid edən yazı dərc olunub. “ABŞ-ın ikiüzlü siyasəti və Azərbaycanın yeni xarici siyasət vektorları” başlıqlı müəllif yazısı bir neçə istiqamət üzrə ABŞ tənqid olunur və yekunda Azərbaycanın nə etməli olduğu haqda qeydlər yer alır.
Məqalə ABŞ-ın beynəlxalq münasibətlər sistemində yeri, liderlik iddiası, dünyanın digər dövlətləri üzərində təsir yaratmaq, öz hərəkətlərinin legitimliyinə inandırmaq çalışmalarına toxunulur. Daha sonra WikiLeaks saytının sahibi Culian Assanc, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin fəaliyyətləri xatırlanır.
“Hesab olunur ki, ABŞ Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Beynəlxalq Bank, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı, böyük QHT və media şəbəkəsi vasitəsilə öz siyasətinə və onun nəticələrinə - müharibələrə, iqtisadi böhrana və digər bu kimi məsələlərə bəraət və legitimlik qazandırmağa çalışır” - deyə məqalədə qeyd olunur.
Müəllif ABŞ-ın müsəlman dünyasında mövcud durumu dəyişməyə çalışdığını qeyd edir. Sitat: “2009-cu ildə Misirə səfəri çərçivəsində Qahirə Universitetində çıxış edən Barak Obama müsəlman dünyasına müraciət edərək bildirmişdi ki, ”islam" və “ekstremizm” anlayışları arasında dəqiq sərhəd qoyur. Onun sözlərinə görə, “ABŞ heç vaxt islamla mübarizə aparmayıb və aparmayacaq”. Obama həm də islam dünyası ilə ABŞ arasında yeni eranın başlandığını elan etdi. Bu sözlərin nə dərəcədə qeyri-səmimi olduğunu anlamaq üçün uzağa getmək lazım deyil, Əfqanıstanın, Misirin, Suriyanın, İraqın, Yəmənin və digər ərəb ölkələrinin hazırkı vəziyyətinə - qanlı toqquşmaları, milli iqtisadiyyatların çökməsini, sosial fəlakəti, qaçqın axınını xatırlamaq kifayətdir. Mövcud reallıq göstərir ki, cənab Obama İslam dünyası ilə yeni eranın başlandığını deyəndə, müsəlman aləminin mövcud modelini dağıtmaq, digər ölkələri də xaos və anarxiyaya sürükləmək planına start vermişdi".
Müəllif ABŞ-ı münaqişələrin həllinə ikili münasibət sərgiləməkdə ittiham edir. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi münasibətlə Gürcüstan, Moldova və Ukraynaya göstərilən münasibətlə fərqli olduğunu faktlarla qeyd edir. Sonuncu abzasda isə müəllif Azərbaycanın nə etməli olduğunu qeyd edir. Müəllif qeyd edir ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdlər edib, lakin cavabında yalnız təzyiq və təhdid alıb: “Qərb müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız yanaşır, öz fəaliyyətini tabeçilik, diktat və ”böyük-kiçik" prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində qurur. Bu halda Qərbə inteqrasiyanın davam etdirilməsi faktiki olaraq dövlət müstəqilliyinin itirilməsi və SSRİ dövrünün başqa bir variantına qayıtmaq deməkdir. Müsəlman ölkəsi olduğuna görə Azərbaycan heç vaxt Qərb ailəsinin tamhüquqlu üzvü ola bilməyəcək və istisna deyil ki, 1990-cı illərin əvvəllərində olduğundan daha ağır duruma düşəcək. Hər halda, Yaxın Şərqdə baş verənlər optimizmə heç bir əl yeri qoymur. 25 illik təcrübə göstərir ki, Qərbə ümid bəsləməklə Dağlıq Qarabağ kimi ümummilli problemin həllinə nail olmaq yaxşı perspektiv vəd etmir.
Buna görə də son hədəfi müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini və cəmiyyətin layiqli həyat tərzini təmin etmək olan Azərbaycan dövləti öz xarici siyasətinin vektorlarını yenidən qiymətləndirir: bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələrini inkişaf etdirir, əməkdaşlığa açıq və səmimi olan Latın Amerikası, Avrasiya, Yaxın və Uzaq Şərq, Cənubi Asiya, Afrika, MDB ölkələri ilə ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırır. Qərb bütün dünya, hətta onun mərkəzi belə deyil. Dünya böyükdür və düşünülmüş siyasət yürüdən hər bir dövlət günəş altında öz layiqli yerini tapa bilər".
Qeyd edək ki, rəsmi hökumət mətbuatı son illərdə Avropa və ABŞ hökumətinin ünvanına sərt tənqidi yazılar yayır. ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik bir qayda olaraq yerli hökumət mediasında inikas edir. Lakin maraqlıdır ki, son aylarda Bakı Vaşinqtonla sanki atəşkəs razılaşması əldə etmişdi. İlin əvvəlində mövcud olan gərgin atmosfer hər iki tərəfdə optimist mesajlar verilməsi ilə sanki kənara qoyulmuşdu. Ancaq indi Bakının Avropaya “müharibə elan etdiyi” bir vaxtda Vaşinqtona da “atəş açılması” bir qədər gözlənilməz oldu. Və təbii ki, bu məsələdə ən çox diqqət çəkən isə Bakı üçün artıq “ABŞ-sız, yəni Qərb olmadan” “yol xəritəsi” hazırlanır və ya ən azı belə bir təkliflər var.
Yazıda da etiraf olunur ki, Bakı artıq heç zaman Qərb “ailəsinin tamhüquqlu üzvü” olmayacağını anlayır və buna görə də “daha səmimi” tərəfdaşlarla əlaqələr qurmağa hazırlaşır. Əgər bu yazının rəsmi dövlət qəzetində, Milli Məclisin orqanında dərc olunması faktını da əlavə eləsək, o zaman Azərbaycanda son günlər davam edən anti-Qərb ritorikasının sirri qismən açılır. Yəni daha sadə ifadə etsək, Azərbaycan hakimiyyəti Qərbdən artıq üz çevirir.
Cia.az
