Şahin Cəfərli: “AP-in qərarları və qətnamələri Avropa Birliyinin mövqeyinin formalaşmasına mühüm təsir göstərən siyasi sənədlərdir”; Zahid Oruc: “Sanki hədəf dövlətlərvar və onlar üzərində qurulmuş bir plan mövcuddur”
Avropa Parlamentinin Azərbaycanla bağlı ötən həftə qəbul etdiyi kəskin qətnamə rəsmi Bakı tərəfindən rədd edildi. Hakimiyyət təmsilçiləri qətnamənin qərəzli olduğunu və heç bir əhəmiyyət daşımadığını bəyan edirlər.
Bəs, Avropa Parlamentinin ölkələr haqqında qəbul etdiyi qətnamələrin hüquqi təsir gücü varmı? Yoxsa sadəcə siyasi məqsəd daşıyır və tövsiyə xarakterlidir?
Siyasi ekspert Şahin Cəfərli bildirdi ki, Avropa Parlamentinin (AP) qətnamələrinin hüquqi xarakteri yoxdur, yəni icrası məcburi deyil, tövsiyə xarakterlidir, amma siyasi çəkisi var. Avropa Birliyinin (AB) mövqeyinin formalaşmasına, AB daxilində hər hansı məsələyə dair rəyin yaranmasına təsir edir: “Avropa Parlamentinin qərar və qətnamələri daha çox tövsiyə xarakterlidir və birbaşa icraya yönəlmir. Məsələn, bu qurum Avropa Birliyi üzvlüyünə rəsmi namizəd statusuna malik olan qardaş Türkiyə ilə bağlı indiyə qədər çoxlu sayda sənəd qəbul edib. Bunların arasında uydurma ”erməni soyqırımı"nın tanınması ilə bağlı qərarları, eləcə də PKK məsələsi ilə əlaqədar Türkiyə hökumətlərinin siyasətinin tənqid atəşinə tutulduğu qətnamələri misal kimi göstərmək olar. Lakin həmin sənədlər Avropa Birliyinin müvafiq orqanları tərəfindən icra edilməyib və edilmir. PKK AB-nin terror təşkilatları siyahısında qalır və birliyin bütün dövlətləri tərəfindən məhz bu cür qəbul olunur. “Erməni soyqırımı”na gəldikdə isə AB-nin bəzi üzvləri ayrı-ayrılıqda bu yalanı qəbul etsələr də, AB bir təşkilat olaraq “erməni soyqırımı”nı rəsmi şəkildə tanımır.
Lakin Avropa Parlamentinin qəbul etdiyi qərarların məcburi xarakter daşımaması o demək deyil ki, bu qurum əhəmiyyətsizdir. Əksinə, AP Avropa Birliyinin ən önəmli strukturlarından biridir və təşkilatın siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsinə ciddi təsiri var. Xüsusən 1979-cu ildən - AP üzvlərinin ümumxalq səsverməsi ilə seçilməsindən sonra bu qurumun siyasi çəkisi xeyli artıb. Maastriht və Nitsa müqavilələri ilə AP-nin səlahiyyətləri də genişləndirilib. AP Avropa Birliyinin əsas icra orqanı olan Avropa Komissiyasının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirir. Komissiyanın tərkibi məhz parlamentdə təsdiqlənir və onun sədrini də parlament seçir. AP üçdə iki səs çoxluğu ilə komissiyaya etimadsızlıq göstərmək hüququna malikdir ki, bu da komissiyanın istefası və yenidən formalaşdırılması ilə nəticələnir. Avropa Birliyinin büdcəsini də AB Şurası ilə birlikdə Avropa Parlamenti müəyyənləşdirir. Bütün bunlar Avropa Parlamentinin Avropa Birliyinin qərar qəbul etmə mexanizmindən heç də uzaq olmadığını və bu prosesdə iştirak etdiyini göstərir".
Ekspert bildirdi ki, AP-nin qərarları və qətnamələri Avropa Birliyinin mövqeyinin, ümumən birlik daxilində bu və ya digər məsələyə dair rəyin, əhval-ruhiyyənin formalaşmasına mühüm təsir göstərən siyasi sənədlərdir. Azərbaycan Avropa Parlamenti və ümumən Avropa Birliyi ilə körpüləri yandırmamalı, dialoqa can atmalı, mövcud problemləri həmin dialoqun gedişində qarşılıqlı addımlarla həll etmək yolunu seçməlidir: “Hansısa beynəlxalq təşkilata, belə deyək, acıq edib onun sıralarını tərk etmək dövlət ciddiyyəti ilə bir araya sığmayan addımdır. Bir tərəfdən deyirlər ki, həmin təşkilatlarda ermənipərəst qruplar var və onların təzyiqi, təsiri ilə Azərbaycana qarşı qərarlar qəbul olunur. Digər tərəfdən isə o təşkilatları tərk etməklə meydanı tamamilə həmin ermənipərəst qruplara buraxmış olurlar və özlərini mühüm beynəlxalq tribunadan məhrum edirlər. Bu, istər Azərbaycan dövlətinin mənafeyinə, istərsə də hakimiyyətin öz maraqlarına ziddir. Ümumiyyətlə, dövlət idarəçiliyi - xüsusən xarici siyasət sahəsində - soyuq başla düşünülmüş, ölçülüb-biçilmiş qərarlar verilməsini tələb edir. Emosional reaksiyalar və qərarlar başqalarından çox, bilavasitə bu reaksiya və qərarların öz müəlliflərinə və onların ölkələrinə ziyan vurur”.

Deputat Zahid Oruc bildirdi ki, Avropa Parlamentinin qətnamələrinin hüquqi təsir qüvvəsi olmasa da Avropa Birliyi ilə münasibətlərə bu və ya digər şəkildə təsir göstərir. Çünki həmin qətnamələr hökumətlər üzərinə müxtəlif məsuliyyətlər qoyur, çağırışlar edir: “Avropa Birliyi, onun hökumət təmsilçiləri, xüsusilə də Nazirlər Şurası səviyyəsində toplantılarında bu qətnamələri, tövsiyələri öz fəaliyyətlərində bu və ya digər formada nəzərə alır. Əsas kimi götürür demək olmaz. Çünki hökumətlər ayrı-ayrı dövlətləri təmsil etdiklərindən onların maraqları var. Biz qətnamələrin hədəfində birinci dəfə deyil ki, varıq. Buna qədərki dövrdə də belə qətnamələr olmuşdu. İqtisadi-ticari əlaqələr, müqavilələr dayanmışdımı? Xeyr. Ancaq bununla bərabər siyasi nəticələri açıq söyləyə bilərik. O da ondan ibarətdir ki, bir sıra hallarda ümummilli problemlərlə bağlı qərarlarda o dövlətlər öz mövqelərindən geri çəkilirlər, mövqelərini AP-nin qərarlarına uyğunlaşdırırlar.
Bir məqamı nəzərə alaq ki, ötən dövr ərzində Ermənistan haqqında AP-nin bir qərarı varmı? Yoxdur belə bir praktika. Sanki hədəf dövlətlər var və onlar üzərində qurulmuş bir plan mövcuddur. Bu da təsadüfi deyil. Çünki əsas resurslar baxır hansı ölkədədir. Bu regionun geopolitikasını, geoekenomikasını təyin eləyən Azərbaycandır. Ona görə də bütün tələlər və siyasi oyunlar bizə tuşlanır.
Cənab prezidentin ötən illərdəki dəst-xətti sübut edir ki, o qətnamələri siyasət kursuna çevirənlər özlərinə ziyan vururlar. Biz bundan çox şeylər itirmirik".
Cia.az
