Məlum olduğu kimi, Ukraynada Kiyev şəhərinin rəhbərliyinə seçkilər keçirilir. Bu seçkilərdə Ukraynada təşkilatlanmış Birləşmiş Azərbaycan Diasporunun üzvləri də fəal iştirak edirlər. Oktyabrın 25-də keçirələcək seçkilərdə Kiyev şəhərinin meri olmaq istəyən namizədlər paytaxtda yaşayan azərbaycanlılarla görüşlər keçirməyə başlayablar.
Bu barədə Musavat.com-un hazırda Ukraynada olan əməkdaşına açıqlama verən diaspor təşkilatının rəhbəri Hikmət Cavadov bildirib ki, sentyabrın 16-da həmin namizədlərdən biri olan, vaxtilə Kiyev şəhərinin meri vəzifəsində çalışmış Aleksandr Omelçenko ilə görüş keçiriblər.
H.Cavadov bildirir ki, görüş təşəbbüsü Omelçenko tərəfindən gəlib və azərbaycanlılar bu təşəbbüsü anlayışla qarşılayaraq, diaspor təşkilatının ofisində onunla gerişiblər.
Bildirilir ki, görüşdə 40-a yaxın diaspor fəalı toplaşıb. Onların içində iş adamları, alimlər, keçmiş diplomatlar olub.
Toplantını açan Hikmət sözü mer postuna namizədə - Omelçenkoya verib. Omelçenko öz platformasını toplantı iştirakçılarına təqdim edib, Azərbaycan diasporuna rəğbət bəslədiyini deyib və azərbaycanlılardan dəstək istəyib. Daha sonra vaxtilə Azərbaycanın Ukraynada səfiri postunu tutmuş Tələt Əliyev çıxış edib. O, Omelçenkonun Kiyevin meri işlədiyi dövrlərdə Azərbaycan diasporu üçün gördüyü işlərdən, paytaxtda küçələrə Bakı və Azərbaycan adlarının verilməsindən, səfirliyimizin yanında Azərbaycana aid olan parkın salınmasından danışıb.
Sonra diaspor təşkilatımızın fəalları çıxış ediblər. Onlar iki nəfər diaspor üzvünün Omelçenkonun "Yedinstva" partiyasının praporsional siyahısından şəhər soveti deputatlığına namizdə göstərilməsini təklif ediblər və Omelçenko bu təklifi həvəslə qəbul edib.
Hikmət Cavadovun sözlərinə görə, həmin namizdələr artıq məlumdur. Bunlar Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspor təşkilatının üzvləri Hikmət Abdullayev və Rasim Hacıyevdir.



Cia.az
