|
Nefti unutduq, bəs İlham Əliyevin inkişaf konsepsiyasını necə?

Dünya bazarlarında neft də daxil olmaqla əsas xammal növlərinin kəskin ucuzlaşması və buna paralel olaraq iqtisadiyyatı xammal ixracından asılı olan ölkələrin yaşadıqları problemlər iqtisadiyyatın şaxələndirilməsinin nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyur.

Azərbaycan da ixracının əsas hissəsini xammal təşkil edən ölkədir və şübhəsiz ki, bu qlobal tendensiya ölkə iqtisadiyyatına  mənfi təsirlərsiz ötüşmür. Və elmə, müasir texnologiyalara əsaslanan, ixrac qabiliyyətli, rəqabətə davamlı (həm daxili, həm xarici bazarlarda) məhsullar istehsal edən qeyri-neft sənayesinin inkişaf etdirilməsinin vacibliyi bu mənfi tendensiyalar fonunda daha da aktuallaşır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda iqtisadiyyatın inkişafının məhz qeyri-neft relsinə keçirilməsi məsələsi indi deyil, hələ neftin qiymətinin kifayət qədər yüksək olduğu dövrlərdə prezident İlham Əliyev tərəfindən ölkənin uzunmüddətli inkişaf konsepsiyasının başlıca prinsipi olaraq müəyyən edilmişdi.

Neft kapitalının insan kapitalına çevrilməsi Azərbaycana neft dollarlarının axını təzəcə başlayanda prezidentin irəli sürdüyü əsas  deviz idi. Və təsadüfi deyildi ki, Azərbaycanda kosmik sənayenin, informasiya-telekommunikasiya texnologiyalarının, elmə əsaslanan digər sahələrin inkişafının əsası da məhz həmin illərdə-ölkəyə neft dollarlarının kütləvi axınının başladığı, BTC əsas ixrac kəmərinin təzəcə işə düşdüyü dövrlərdə başladı.

2008-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılması da məhz Azərbaycanın uzunmüddətli inkişafına, həm də xammaldan asılı olmayan inkişafına yönəlmiş konsepsiyadan irəli gəlirdi.

Bəs “nefti unutmaq” lazım gəldiyi indiki vaxtda Azərbaycan prezidentinin müəyyən etdiyi konsepsiya konkret layihədə-bu tədqiqat mərkəzində necə həyata keçirilir? İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan, elm tutumlu iqtisadiyyatın qurulmasına yetərli dəstək varmı?

Virtualaz.org saytının əməkdaşlarından ibarət qrup həm bu mərkəzin işi ilə tanış olmaq, həm problemləri araşdırmaq üçün ABŞ-ın “Silikon vadisi”nin kiçik oxşarı hesab olunan “Bakı vadisi”ində (əməkdaşlar öz aralarında mərkəzi hərdən bu cür adlandırırlar) olub.

Bakının mərkəzində, metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında kiçik binada yerləşən bu mərkəz düz 7 il əvvəl-2008-ci ilin sentyabrında Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsindən maliyyələşdirilən struktur kimi yaradılıb. Mərkəzin rəhbəri Azərbaycanın görkəmli fiziki, akademik, “Azərbaycan fizikasının atası” kimi tanınan Həsən Abdullayevin qızı, atasının yolunu davam etdirən professor Sevda Abdullayevadır.

Sevda xanım deyir ki, mərkəzin yaradılması barədə öz  ideyasını Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovla və məşhur sovet fiziki, fizika üzrə Nobel mükafatı laureatı, Azərbaycanın dostu Jores Alfyorovla birgə müzakirə ediblər, qərara alıblar ki, bir vaxtlar fizika elmi sahəsində çoxsaylı nüfuzlu alimlər yetişdirən ölkədə elm tutumlu sənayenin inkişafına dəstək vermək üçün belə tədqiqat mərkəzinə ehtiyac var. Təşəbbüs ölkə rəhbərliyi tərəfindən bəyənilib və beləliklə ən müasir texnologiyalara əsaslanan avadanlıqlarla təchiz edilmiş tədqiqat mərkəzi yaradılıb.

Mərkəzin cəmi 23 əməkdaşı var. Onların əksəriyyəti  Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda professor Sevda Abdullayevanın rəhbərlik etdiyi “Bionanostruktur fizikası” laboratoriyasında çalışan əməkdaşlardır. Hazırda bu komanda mərkəzin elmi bazasını təşkil edir. Sevda xanım özü isə uzun müddət ABŞ-da elmi fəaliyyətlə məşğul olub. Habelə fizika üzrə Nobel mükafatı laureatı Jozef Alfyorovla birgə tədqiqatlar aparıb.

Mərkəzin sonuncu nəsil cihazlarla təchiz edilmiş bir neçə labaratoriyası -Fotometrik laboratoriya, Biokimya  laboratoriyası, A-CVD karbon nanotexnologiyalar laboratoriyası, Optik spektroskopiya laboratoriyası, Elektron mikroskop laboratoriyası (AFM-Atom Qüvvət Mikroskopu, SEM - Skanedici Elektron Mikroskopu) fəaliyyət göstərir.

Mərkəzin tədqiqatçısı, fizika-riyaziyyat elmləri doktoru, dünyanın bir sıra nüfuzlu universitetlərində, o cümlədən Fransanın Paris  Nano elmlər İnstitutunda  tədqiqatlar aparmış Rasim Cabbarov məlumat verir ki,  hazırda mərkəzin iki əsas araşdırma istiqaməti var. Bunlar dördüncü nəsil işıqlandırma texnologiyasını təşkil edən və elmdə inqilabi yenilik hesab olunan LED-işıqlandırma texnologiyası və karbon nanotexnologiyalardır.

Sürətlə inkişaf edən və hazırda avtomobillərdən tutmuş mənzillərin işıqlandırılmasına qədər  ən müxtəlif sahələrdə geniş tətbiq edilən LED-işıqlandırma texnologiyası barədə yəqin ki, geniş oxucu kütləsinin də məlumatı var. Bu, elektrik enerjisinə böyük ölçüdə qənaət etməyə imkan verən, işıqlandırmada hüdudsuz imkanlar açan və durmadan inkişaf edən texnologiyadır.

Mərkəzdə Rasim Cabbarovun başçılıq etdiyi qrup bu texnologiya üzrə tədqiqat işləri aparır, eyni zamanda mərkəzdə qurulmuş  “Təmiz otaq” -xüsusi labaratoriyada müxtəlif güclü LED-lampaların istehsalı ilə məşğul olaraq pilot layihəni uğurla həyata keçirir.

Bu lampalar xarici ölkələrdən alınan mikroçiplər əsasında hazırlanır. Çünki məxfi texnologiya hesab edilən çip texnologiyası ancaq dünyanın bir neçə inkişaf etmiş ölkəsində mövcuddur və bu texnologiyanın ölkəmizdə yaradılması, inkişafı strateji baxımdan olduqca vacibdir . Mərkəzdə Çip texnologiyasının yaradılması və inkişafı üçün xüsusi konsepsiya hazirlanmış və kadr potensialı yetişdirilir.  Mərkəzin əməkdaşları LED-işıqlandırma texnologiyası üzərində işləyərək bir sıra uğurlu nəticələrə nail olublar. Mərkəzdə LED lampalarını elektrik dövrəsinə qoşmaq üçün güc faktoru 0.95 olan impuls çeviricilər də hazırlanır.

Bəs bu tədqiqatların ölkə iqtisadiyyatına hansı real təsirləri var? Mərkəzin LED-işıqlandırma texnologiyası əsasında apardığı tədqiqatların hansı nəticələrini görə bilərik? Belə görünür ki, bu, mərkəzin əməkdaşları üçün ən ağrılı sualdır.

“Ayda 1500-2000 LED lampa istehsal edə bilərik. İşıqlandırma gücü 10 vattdan 100 vatta qədər. Çox da uzağa getmədən bu lampaları elə paytaxt Bakının küçə və prospektlərinin işıqlandırılmasında uğurla tətbiq etmək, elektrik enerjisinin sərfiyyatını dəfələrlə azaltmaq mümkündür”-Rasim Cabbarov deyir.

İlk baxışdan belə anlaşıla bilər ki, mərkəzin əməkdaşları Hacıbala Abutalıbovun son illərdə Bakıda qurduğu bahalı işıq dirəklərini və lampaları söküb yenilərini quraşdırmağı təklif edirlər, yəni on milyonlarla dollar tələb edən yenidənqurma ideyası irəli sürürlər. Lakin söhbət heç də Bakının küçələrini işıqlandırmaq üçün xaricdən idxal edilmiş işıqların, eləcə də işıq dirəklərinin yeniləri ilə əvəzlənməsindən getmir.

“Bakı küçələrində qurulmuş hər işıq dirəyindəki istifadə olunan lampalar 250-400 Vattlıq olmaqla bəzi dirəklərdə hətta iki ədəd 400 Vatlıq lampalardan istifadə olunur ki, bu da  elektrik enerjisi sərfiyyatını orta hesabla 800 Vatta çıxarır. Biz nə həmin işıq dirəklərini, nə onlarda istifadə olunan kurəcikləri sökmək niyyətində deyilik. Həmin lampaların üzərində cüzi mühəndis işləri aparmaqla və ənənəvi közərmə lampalarını  LED lampalarla əvəz etməklə elektrik enerjisi sərfiyyatına 70% qənaət  edə bilərik”-Rasim Cabbarov mərkəzin apardığı tədqiqatların iqtisadi mənfəəti barədə sadə misallar göstərməklə geniş bəhs edir.

Bəs elektrik enerjisinə bu cür qənaət etmək mümkündürsə o zaman nədən Bakı Şəhər İcra Hakimiyyəti, digər dövlət strukturları mərkəzin tədqiqatlarının nəticələrindən faydalanmır? Axı bu həm ildə milyonlarla dollar mənfəət, həm mərkəzin alimləri üçün tədqiqatları davam etdirmək və yeni elmi nəticələr əldə etmək üçün stimul, beləliklə də ölkədə elm tutumlu sənayenin inkişafına, innovasiyalara təkan vermək deməkdir.

“Bir müddət əvvəl bizə Şəki şəhərində 1 kilometr uzunluğunda küçəni işıqlandırmağa icazə verdilər. Baxmayaraq ki, həmin küçədə işıq dirəklərinin yerləşdirilməsi düzgün seçilməmişdi və nəticədə işıq itkisi yaranırdı, biz orada adi gözərmə lampalarını LED lampalarla əvəz etdikdən sonra elektrik enerjisinin sərfiyyatında 70 faiz azalma qeydə alındı”-Rasim Cabbarov deyir.

 

Lakin mərkəzin tədqiqatlarının nəticələrinin tətbiqi elə Şəki şəhərindəki 1 kilometrlik küçə ilə məhdudlaşıb. O vaxtdan nə mərkəzin tədqiqat labaratoriyasında istehsal etdiyi LED lampalara maraq göstərən, nə də onları işıqlandırmada tətbiq etmək istəyən var. Bu isə mərkəzin əməkdaşlarını, dünyanın aparıcı elmi mərkəzlərində işləmiş, indi böyük patriotizm nümayiş etdirərək vətənlərinə xidmət etmək istəyən gənc alimləri ruhdan salır.

Hazırda mərkəzdə 8 kilometr uzunlunda küçəni işıqlandırmağa kifayət edəcək miqdarda hazır LED işıqlar var. Birinci vəzifə bu lampaların işıqlandırmada tətbiqini həyata keçirmək, sonrakı vəzifə isə Azərbaycanda Mərkəzin elmi bazası əsasında LED lampalar istehsal edən zavod tikməkdir. Və təbii ki, bütün bunlar mərkəzin alimlərinin yox, İqtisadi İnkişaf Nazirliyinin, digər aidiyyatı strukturların işidir.

Sevda xanım deyir ki, onlar Rabitə və Yüksək Texnologiyalar Naziriliyinin rəhbərliyinə müvafiq təklifləri veriblər. İqtisadi İnkişaf Nazirliyində isə LED lampaların istehsalı üçün zavodun tikintisi üçün layihə hazırlanıb. Bu, elə də böyük investisiya tələb edən layihə deyil. Təxminən 10-15 milyon dollara başa gələ bilər.

Üstəlik mərkəzin mütəxəssisləri deyirlər ki, LED lampalarla yanaşı işıqlandırmada istifadə edilən köməkçi vasitələrin, məsələn, şüşə kürəciklərin, işıq əks etdirən nümunələrin, soyuducu kimi istifadə edilən aliminium lövhələrin və digərlərinin istehsalını da bir dam altında cəmləşdirmək, yəni əlavə iş yerləri yaratmaq və xaricdən bu kimi məhsulların ixracından əl çəkmək mümkündür. Bir sözlə Azərbaycanda “Bərk Cism İşıqlandırma Sənayesinin” qurulmasına nail olmaq mümkündür. Ancaq hələlik LED lampaların istehsalı üçün zavodun tikintisinə maraq göstərən yoxdur.

Sevda Abdullayeva bildirir ki, mərkəz “Bakutel”   Beynəlxalq informasiya-telekommunikasiya sərgisində hər il iştirak edir. Və prezident İlham Əliyev də hər dəfə mərkəzin stendinə maraqla baxır, aparılan tədqiqatlarla yaxından maraqlanır. “Ancaq sözün düzü sərgidə cənab prezidentə zavod tikintisi layihəsi və mərkəzin hazırladığı LED lampaların işıqlandırmada tətbiqi ilə bağlı problemləri çatdırmaq vaxt nöqteyi nəzərindən mümkün olmur. Yəqin ki, İqtisadi İnkişaf Nazirliyi bu məsələlər barədə əsaslandırılmış təklifləri təqdim etsə prezident müvafiq göstərişlər verər”-Sevda xanım deyir.

Qeyd olunduğu kimi LED-işıqlandırma sürətlə inkişaf edən texnologiyadır, dünyada bu sahədə işləyən iri şirkətlər var. Texnologiya inkişaf etdikcə və LED-işıqlandırmanın tətbiq sahələri genişləndikcə bu şirkətlərin istehsal etdikləri, o cümlədən Azərbaycana idxal olunan məhsulun satış qiyməti də aşağı düşür. Bu baxımdan skeptiklər deyə bilər ki, Azərbaycanda hansısa kiçik zavod tikməklə dünya nəhəngləri ilə necə rəqabət aparmaq olar? LED lampaları xaricdən almaq daha sərfəli  və rahat olmazmı?

Belə suallara verilə biləcək cavab isə budur ki, Azərbaycanda yüksək texnologiyaların, elmin  inkişafına nail olmaq, uzunmüddətli perspektivdə xammal ölkəsindən elm tutumlu iqtisadiyyata malik ölkəyə çevrilmək naminə qısamüddətli kommersiya maraqlarından güzəştə getməyə də dəyər.

Əks halda Azərbaycanda bu cür tədqiqat  mərkəzləri və nəticədə elm, yüksək texnologiyalar necə inkişaf edəcək? Azərbaycan texnologiyalar sahəsində ancaq ixraca ümid bəsləyən ölkə olaraq qalmayacaqmı? Nəhayət apardıqları tədqiqatların iqtisadiyyata tətbiqinə, mənfəət gətirməsinə nail ola bilməyən alimlər ölkəni tərk edib xarici ölkələrə üz tutmyacaqmı?

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində isə yuxarıda bəhs etdiyimiz kimi təkcə LED-işıqlandırma texnologiyası üzərində işləmirlər. Mərkəzin orta və  uzunmüddətli perspektivlərdə ölkə iqtisadiyyatına mühüm təsir göstərə biləcək tədqiqatlarından biri də karbon nanostrukturlarının yaradılması, tədqiqi və tətbiqidir.

Professor Abdullayeva məlumat verir ki, mərkəzdə fizika- riyaziyyat elmləri namizədi, Almaniyanın Leibniz adına Bərk Cisimlərin Tədqiqatı İnstitutunda Karbon nanotexnologiyası sahəsində uzun müddət  təcrübə keçmiş Nahidə Musayevanın rəhbərliyi altında yüksək təmizliyə malik karbon nanostrukturları (nanotozlar, bir və çoxdivarlı nanoborular) sintez olunur. Möhkəmlilik xassələri poladdan da cox üstün olan nanoboruların elektromaqnit xassələrini də gücləndirmək məqsədilə xüsusi hazırlanmış CVD avadanlığı bu nanoboruları dəmir atomları və maqnetitlərlə tam və qismən doldurmağa imkan verir.

Polimerlərə karbon nanostrukturlarını çox kiçik miqdarda əlavə etməklə möhkəmliyi dəfələrlə artırılmış nanokompozitlər alınmışdır. Nanokompozitlərin neft sənayesində və inşaatda istifadə olunan polimer boruların və eləcə də digər inşaat materiallarının hazırlanmasında istifadə olunması nəzərdə tutulur. Alınan nanostrukturların maşınqayırma, elektronika və ekologiya sahəsində də (geniş profilli nanofiltrlər) tətbiqi mümkün olacaqdır.

Bir sözlə, elmin, təhsilin tənəzzüldə olduğu bir vaxtda ölkədə bu cür tədqiqat mərkəzinin mövcudluğu, orada aparılan elmi araşdırmalar və əldə edilən innovativ nəticələr Azərbaycanda yüksək texnologiyaların inkişafı baxımından ciddi dönüş hesab edilə bilər. Bir şərtlə ki, bu tədqiqatlar bürokratik əngəllərin, ayrı-ayrı məmurların kommersiya maraqlarının və elmə biganəliyin güdzazına getməsin...

Virtualaz.org