|
“Heç vaxt deputat olmayacağıma söz vermişəm”
Sentyabrın 14-də ölkə başçısı bir neçə mədəniyyət xadiminə fəxri adlar verdi.  Onların arasında “Bakılı oğlanlar” (KVN) komandasının məşhur üzvləri Bəhram Bağırzadə və Cabir İmanov da var. 

Rejissor, şoumen, yazıçı, rəssam olan Bəhram Bağırzadə “Yeni Müsavat”a müsahibə verib.
 
Maraqlı müsahibəni təqdim edirik:
 
- Bəhram bəy, öncə sizi əməkdar artist adı almağınız münasibətilə təbrik edirik. 

- Biz bu adı almadıq, qazandıq (gülür). “Bakılı oğlanlar”dan 4 il öncə Tahir İmanov, rəhmətlik Elçin Həmidov əməkdar artist adını qazanmışdılar. Murad Dadaşov keçən il, bu il isə mənimlə Cabir İmanov bu ada layiq görüldü.
 
Mən bir şeyi dəqiq bilirəm ki, Allah insanların heç bir zəhmətini, əməyini yerdə qoymur. Mən də maşallah, 90-cı illərdən bu günədək, 25 ildir ki, öz xalqım, millətim üçün çalışıram. Allahımdan çox arzu edirdim ki, mən də fəxri ada layiq görülüm və bu baş verdi.
 
Prezidentimizə təşəkkür edirəm ki, bu sərəncamı imzaladı. Allah onun balalarını sevindirsin, necə ki, dünən mənim evdə balalarım çox sevindi...
 
Bundan sonra da öz millətim üçün daha da yüksək nailiyyətlər əldə  etməyə çalışacam, çıxışlarımla, sərgilərimlə tamaşaçılarımı, oxucularımı, böyük çıxmasın, millətimi sevindirəcəm.
Mən vətənimin əsgəriyəm. Müxtəlif adlar ala bilərəm, amma  heç vaxt özümü başqalarından, müxtəlif peşədən olan insanlardan, məsələn, çoban, mühəndis, fəhlə və s. üstün tutmamışam. Bütün peşələrdən olan insanlara böyük hörmətim var və onların  zəhmətləri qarşısında baş əyirəm. 

- Hazırkı KVN-in fəaliyyəti sizi qane edirmi?
 
- Edir. Hazırkı KVN üzvləri Moskvada, Sankt-Peterburqda iştirak edirlər. Deyim ki, çox savadlı, intellektli uşaqlardır. Məncə, onlar nəsə əldə edə biləcəklər. Əgər lazım gələrsə biz də köməkliyimizi edəcəyik. Amma fikrimcə, bizim köməyimizə heç bir ehtiyac yoxdur, çünki onlar artıq bu yolda “bişmiş” güclü komandadırlar. Sadəcə, zaman, vaxt lazımdır ki, onların qələbələrinin şahidi olaq. 
 
- Qarşıdan parlament seçkiləri gəlir, deputatlığa namizədliyinizi vermək istərdinizmi?
 
- Bir vətəndaş kimi seçkilərə gedib səs verəcəm. O ki qaldı mənim deputatlığa namizədliyim, bu heç vaxt olmayacaq, çünki rəhmətlik atama söz vermişəm ki, qətiyyən siyasətə qarışmayacam. Hər bir insan vətəni üçün əsgər olmalı, öz sahəsində var gücü ilə çalışmalıdır. Mən də öz sahəmdə Allah ömür verdiyi qədər çalışacam.
 
-Son zamanlar “Azdrama”da xoşagəlməz olaylar yaşanır. Əməkdar artist kimi buna münasibətiniz?
 
- Bu barədə elə də məlumatım yoxdur. Ümumiyyətlə, mən yalnız öz sənətimlə məşğulam. Nə qalmaqallarla maraqlanıram, nə başqaları kimi çayxanalara gedib nərd, kart oynayıram. Bir sözlə, öz işimlə məşğulam. 

- Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlanmış “Merə məktublar” kitabınızı dərc etdirdiniz. Qarşı tərəfdən reaksiya gəldimi?
 
- Bilmirəm. Xəbərim yoxdur ki, mənim o kitabımı oxuyub ya yox... Hələ ki hər hansı bir reaksiya olduğunu görməmişəm.

- Paytaxt Bakının son görkəmini bəyənirsinizmi?
 
- Bəzi məqamlarda bəli, bəyənirəm. Lakin memarlıqdan bir az anlayışım olduğu üçün müəyyən şeylər var ki, hələ də xoşuma gəlmir.
 
- Mütaliə edirsinizmi? Sevdiyiniz gənc yazarlar varmı?
 
- Əlbəttə. Gənclərdən Elçin Səfərlinin, Qaraqan, Natəvan Osmanlının, Anar müəllimin və Natiq Rəsulzadənin kitablarını oxuyuram.  Deyim ki, Anar müəllimin əsasən 70-ci illərdə yazdığı əsərləri daha çox sevirəm və onları dəfələrlə oxumaqdan yorulmuram. Xüsusən də xaricə istirahətə gedəndə Anar müəllimin və Çingiz Abdullayevin kitabları mənim çamadanımda yer alır. Xaricdə rusdilli insanlara həmin kitabları hədiyyə edib poeziyamızı, mədəniyyətimizi təbliğ edirəm.

- Pərəstişkarlarınıza nə demək istərdiniz?
 
- Qarşıdan gələn Qurban bayramı münasibətilə dünya müsəlmanlarını, o cümlədən xalqımı təbrik edirəm, Allah millətimizi qorusun, edilən dualar qəbul olunsun. Bütün dünyada sülh olsun ki, biz də rahat yaşayaq, problemlərlə üzləşməyək. 
Cia.az