Nizami Kino Mərkəzi daha bir yeniliyə imza atıb.
Nizami Kino Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsaslanaraq "AF.Media – Azərbaycan" şirkəti ilə birgə ilkin olaraq türk filmlərinin Azərbaycan dilində subtitrlərlə nümayişinə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən Cia.az-a bildirilib ki, bundan sonra adıçəkilən şirkət təqdim etdiyi bütün filmləri Azərbaycan dilində subtitrlərlə təqdim edəcək. Bu yenilik digər ölkələrin distributorları ilə planlaşdırılan danışıqlardan sonra kinoprokata daxil olan Amerika, Avropa və Rusiya filmlərində də əksini tapacaq. Həmçinin yeni mövsümdə Kinomərkəzdə rəsmi tədbirlərlə yanaşı beynəlxalq film festivallarının, kino həftələrin, film təqdimatları və qala gecələrinin, Yeni İl və Novruz bayramı şənliklərinin və artıq ənənəyə çevrilmiş xeyriyyə aksiyalarının keçirilməsi planlaşdırılır.
Cia.az
