|
Mingəçevirdə 47- ci teatr mövsümünün açılışı olub
Mingəçevir Dövlət Dram Teatrı özünün 47- ci teatr mövsümünü açıq elan edib. 
Teatrın mətbuat xidmətindən Cia.az-a daxil olan məlumata görə, sentyabrın 12-də xeyli sayda teatrsevərin Türkiyədən,  Azərbaycanın müxtəlif bölgələrindən gələn dostlarının iştirakı ilə teatr öz növbəti mövsümünu açıq elan edib.
 
Məlumata görə, ilk olaraq Mingəçevir şəhər İcra Hakimiyyəti teatrın 6 əməkdaşını diplom və fəxri fərmanla təltif edib. Bunlar xalq artisti Zülfüqar Abbasov, əməktar artist Ella Yaqubova, quruluşçu rəssam Yusif İmamverdiyev, sevilən aktyorlar Şıxı Yaqubov, Asim Məmmədov və gənc aktyor Paşa Salmanovdur.
 
Türkiyədən qonaq gələn ali dərəcəli zabitlər də teatrın kollektivini diplomla təltif ediblər. Çıxış edənlər teatra bol - bol uğurlar arzu ediblər. Teatrın direktoru Səxavət Məmmədov öz çıxışında bildirib ki, bu ilin sonuna kimi 3 tamaşa hazırlayacağıq. Bunlardan biri xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi "Cəsurlar" uşaq tamaşasıdır. Daha sonra isə sevilən rejissor Bəhrəm Osmanovun quruluş verdiyi "Son reportaj" və "Xalidənin taleyi" adlı 2 yeni tamaşa bu ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək.  
 
Bundan sonra isə, mövsümün açılışını Xalq artisti Vaqif Əsədovun hazırladığı "İki yetimin taleyi" tamaşası ilə açıq elan edib. Tamaşada əsas rolları əməkdar artistlər Ella Yaqubova, Akif Mirabov, gənc aktrisa Fəridə Məmmədova, sevilən aktrisa Afət Əliyeva, aktyorlar Asim Məmmədov və Hüseyn Mustafayev iştirak edib. Tamaşadan sonra isə, teatr kollektivi şirniyyat süfrəsi ətrafında öz bayramlarını qeyd ediblər.
Cia.az