Azərbaycan PEN-Klubunun sədri, xalq yazıçısı Çingiz Abdullayev Avropa Parlamentinin ölkəmiz barəsində qəbul etdiyi qərəzli qətnaməni kəskin şəkildə pisləyib.
PEN-Klubun bəyanatında deyilir: “Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Avropa Birliyinin özünün bütün normaları açıq-aydın pozulub. Ölkəmizə qarşı irəli sürülən ittihamlar Avropa demokratiyasının hüquq normalarını pozur. Jurnalistin öldürülməsi faciədir və bu faciəyə görə biz, əlbəttə, kədərlənirik. Lakin indi təhqiqat aparılır və təqsirkarların hamısı cinayət məsuliyyətinə cəlb edilib. Beynəlxalq qurumların təzyiqlərinə baxmayaraq biz hesab etdik ki, sivil və demokratik ölkələrdə qəbul edildiyi kimi, təhqiqat başa çatana qədər gözləmək mümkündür. Həlak olmuş jurnalistlə bağlı faciədən siyasi dividendlər qazanmaq üçün istifadə olunmasını yolverilməz hesab etdik. Lakin indi ölkəmizə qarşı qəbul edilən qətnamədə bu faciəli faktdan da istifadə edilib.
Başqa jurnalistlərin məhkum edilməsinə dair məhkəmə qərarları çıxarılması məsələsinə gəldikdə isə, burada da Avropa hüququnun bütün normaları aşkar şəkildə pozulub, prosesin tam başa çatmasını gözləmədən tələsik qərar qəbul edilib, ölkəmiz pislənilib. Axı barələrində ittiham hökmləri çıxarılmış jurnalistlərin bu cür qərarlardan, o cümlədən Avropa hüquq strukturları səviyyəsində, şikayət vermək hüququ və imkanı var, lakin burada da anlaşılmaz tələskənliyə yol verilib. Seksual azlıqların hüquqlarının pozulması ilə bağlı ittihamlar ümumiyyətlə əsassızdır. Azərbaycanda seksual azlıqlar təqib edilmir və Sovet İttifaqı dağılandan dərhal sonra cinayət məcəlləsinin müvafiq maddələri bu sənəddən çıxarılıb. Avropa Parlamenti ölkəmizdə seksual azlıqların nümayəndələrindən hər hansı birinin məhkum edilməsi ilə bağlı bircə nümunə də göstərə bilməz”.
Bəyanatda daha sonra vurğulanır ki, bu cür qətnamə qəbul etməklə bəzi beynəlxalq təşkilatlar və Avropa Parlamentinin özü ölkəmizə qarşı qərəzli münasibətlərini yalnız təsdiqləyiblər. Sənəddə deyilir: “Avropa Parlamenti Azərbaycanın məhkəmə-hüquq sisteminə, hüququn bütün başqa hallardan və ölkənin özünün oxşar hüquqi münasibətləri tənzimləyən qanunlarından üstünlüyü prinsipinə elementar hörmətə aşkar etinasızlıq nümayiş etdirərək tələsik və birtərəfli qətnamə qəbul edib. Azərbaycan hüququn aliliyinin mövcud olduğu demokratik ölkədir. Burada biz yalnız bir sual vermək istəyirik: “Avropa Birliyinin aparıcı ölkələri barəsində bu cür qətnamənin belə hallarda nəzərdə tutulan bütün prosessual hüquq normaları başa çatmayınca qəbul edilməsi mümkün idimi? Bu cür qətnamə qəbul edilməsi ölkəmizə qarşı qərəzli münasibətin təsdiqi deyildirmi?”
Azərbaycan PEN-Klubunun bəyanatında deyilir: “Avropa Parlamenti çoxsaylı beynəlxalq strukturların filiallarının açılmasını ultimativ şəkildə tələb etməklə bir məqamı görmək istəmir ki, bu təşkilatların çoxu ölkəmizə münasibətdə açıq-aydın bədxah mövqe tutur. Müsəlman dünyasında yeganə sabit dövləti görmürlər. Unudurlar ki, burada ölüm hökmü hələ 1998-ci ilin fevral ayında ləğv edilib, prezident və parlament seçkiləri keçirilir, müxalifət qəzet və jurnalları nəşr edilir. Burada digər müsəlman ölkələri üçün problemə çevrilmiş şiə-sünni qarşıdurması yoxdur. Buna baxmayaraq, elə həmin təşkilatların özlərinin qəbul etdiyi, qonşu dövlət tərəfindən təcavüzü pisləyən qərarlara nümayişkaranə şəkildə etinasızlıq göstərilir, öz ölkəsində qaçqın vəziyyətinə düşmüş yüz minlərlə insanın hüquqları qorunmur.
Nəhayət, ən kədərli məqam. Qonşu dövlət tərəfindən təcavüz şəraitində Azərbaycandan Avropa Məhkəməsinin bütün qərarlarının, o cümlədən qonşu respublikanın vətəndaşlarının iddiaları üzrə çıxarılmış qərarların yerinə yetirilməsini tələb etmək vətəndaşların hüquq bərabərliyi ideyasının özünü məzhəkə həddinə çatdırmaq deməkdir. Bu halda bir milyon qaçqını olan, öz ərazisinin beşdə bir hissəsini itirmiş ölkə təcavüzkar ölkənin iddia tələblərini təmin etməlidir. Biz istəyirik ki, Avropa ölkələrindən olan həmkarlarımız bizi düzgün başa düşsünlər. Biz jurnalistlərin və yazıçıların öldürülməsinə və ya təqib edilməsinə əsla tərəfdar deyilik. Biz yalnız, öz ölkəmizi həqiqəti qəbul etməyən və Azərbaycana qarşı yönəlmiş hər hansı qətnamələr qəbul etməyə qabaqcadan hazır olan bəzi beynəlxalq təşkilatların ədalətsiz hücumlarından və əsassız qətnamələrindən qorumağa çalışırıq”.
Cia.az
