|
Bu gündən dünyada miqrantlarla bağlı sərt qadağalar qüvvəyə minir

Macarıstan qaçqınlara münasibətdə sınaqdan çıxmadı, bəs digərləri?

Avropaya üz tutan qaçqınlarla bağlı durum ciddiyyətini qoruyur. "Hansı ölkə sınaqdan necə çıxdı..." deyə o məşhur sualı vermək istəməsək də, faktlar öz sözünü deyir. Belə ki, sentyabrın 15-dən etibarən Macarıstan sərhədləri miqrantların üzünə bağlı olacaq. Hazırda qaçqınlar Macarıstan sərhədlərini maneəsiz keçə bilirlər. Lakin Macarıstan hökumətinin rəsmi nümayəndəsi Zoltan Dəmirçininn sözlərinə əsasən, sentyabrın 15-dən Serbiyadan Macarıstana artıq bir miqrant belə buraxılmayacaq.

Zolton Dəmirçi deyir ki, “indi qaçqınlar sərhədi istədikləri vaxt keçə bilirlər. Hər gün Avropa Birliyi ölkələrinə üç min insan daxil olur. Onlar əvvəlcə polisin müvəqqəti miqrasiya məntəqəsinə, oradan sonra isə qaçqınlar üçün nəzərdə tutulan düşərgəyə gedirlər”.

“Miqrantlarla bağlı yeni hüquq layihəsi sentyabrın 15-dən etibarən tətbiq olunacaq. Sərhəddən keçən qeyri-leqal insanlar cinayətə cəlb olunacaq. Bundan başqa, sərhəd divarlarına ziyan vuran qaçqınlara qarşı da xüsusi tədbirlər nəzərdə tutulur”, - deyə spiker əlavə edib.
 
Hökumətin rəsmi nümayəndəsinin sözlərinə görə, yeni hazırlanan qanun layihəsindən başqa, sərhədi qorumaq üçün bu işə xüsusi gücləndirilmiş polislər cəlb olunacaq. Əsgərlərdə silah olacaq və onlar həyatları təhlükə altına düşərsə, silahdan istifadə etmək hüququna da malik olacaqlar.
 
2015-ci ilin əvvəlindən bu günə qədər Avropa Birliyi ərazisinə təxminən 350 min miqrant gəlib. Lakin onların sıralarına hər gün minlərlə qaçqın da qatılır. Avropa Komissiyası bilidirir ki, bu gün yaşanan miqrasiya böhranı, İkinci Dünya müharibəsi zamanı yaşanan böhrandan daha dərindir. 
 
Avropa Komissiyasının nümayəndəsi Aleksandr Vintersteyn onu da bildirib ki, komissiya fonddan miqrasiya böhranı ilə əlaqədar Avstriyaya 4 milyon, Macarıstana isə 5 milyon avro ayırıb.
 
Bu ilin sentyabrın 2-də isə Almaniya və digər Qərbi Avropa ölkələrində sığınacaq axtarmaq istəyən minlərlə miqrant Budapeştin əsas dəmiryol vağzalı ətrafında etiraz aksiyası keçirirlər. Belə ki, polis sentyabrın 1-də Qərbi Almaniya və Avstriyaya getmək istəyən 2 minə yaxın qaçqını vağzaldan çıxarıb və miqrantlar bundan sonra stansiyanın ətrafında etiraz aksiyası keçirirlər.
 
Hökumətin sözçüsü miqrantların buraxılıb-buraxılmayacağı barədə sualı cavablandırarkən bildirib ki, Avropa Birliyinin qanunlarına əməl olunmalıdır.
 
“Qanunsuz miqrantlar Avropa Birliyi ərazisində səfəri yalnız qanuni sənədlər və birliyin qanunları çərçivəsində davam etdirə bilərlər”-deyə o vurğulayıb.
 
Avropa Birliyi ölkələri Suriya, İraq, Əfqanıstan və digər Şərq ölkələrindən böyük qaçqın axını ilə üzləşib. Təkcə avqustda Macarıstana 50 min qaçqın gəlib. Onların əksəriyyəti Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.
 
Slovakiya Avropa İttifaqının (Aİ) yerləşdirmə proqramı çərçivəsində Suriyadan yalnız xristian qaçqınları qəbul edə biləcəyini açıqlayıb.
 
Rəsmi məlumatlar isə göstərir ki, bu ölkə Aİ-nin yeni “40 min nəfər qaçqını yerləşdirmə planı” çərçivəsində Türkiyə, İtaliya və Yunanıstandakı düşərgələrdən yalnız 200 nəfəri və xristian olanları qəbul edəcəyini deyib. Slovakiya Daxili İşlər Nazirliyinin sözçüsü İvan Netik BBC-yə açıqlayıb ki, ölkəsi müsəlmanları qəbul etməyəvək. İ. Netik bunu onların Slovakiyada “özlərini vətənlərindəki kimi hiss etməyəcəkləri” ilə əsaslandırıb: “Biz yalnız tranzit ölkəyik və insanlar Slovakiyada qalmaq istəmirlər. Biz 800 müsəlman qəbul edə bilərik, lakin bizim Slovakiyada heç bir məscidimiz yoxdur və onlar toplaşmaq istəsələr, bunu necə edəcəklər?”
Aİ sözçüsü Anika Breyzhard  Slovakiya rəsmisinin açıqlamasına münasibət bildirməkdən imtina edib. O qeyd edib ki, Avropa İttifaqı ölkələrinə istənilən növ ayrı-seçkilik nümayiş etdirmək qadağan edilib. Eyni zamanda BMT Qaçqınlarla iş üzrə Ali Komissarlığının Mərkəzi Avropa üzrə sözçüsü Babar Baloç bildirib ki, yerləşdirmə dünyanın ən həssas qrupları arasında son dərəcədə çətin vəziyyətdə olan qaçqınlar üçün çox vacibdir: “Biz ölkələri qaçqınları yerləşdirilməsi məsələsinə kompleks yanaşma nümayiş etdirməyə və öz seçimlərin ayrı-seçkiliyə yol verməməyə çağırırıq”.
 
Qeyd edək ki, Aİ sərhədlərində son aylar qaçqınlar daha da artıb. İyul ayında bu rəqəm rekord səviyyəyə- 107 500 nəfərə çatıb. Onların əksəriyyəti suriyalılar, əfqanlar, qeyri-stabillik və yoxsulluqdan əziyyət çəkən Tropik Afrika sakinləridir. Ötən ay Aİ ölkələri son iki ildə İtaliya və Yunanıstana gəlmiş 32 min sığınacaq axtaran şəxsi qəbul etmək barədə qərar qəbul edib.  Slovakiya kimi ölkələr müəyyən edilmiş kvotadan imtina etdikdən sonra proqram könüllülük şəklində həyata keçirilib.
 
Xatırladaq ki, 240 min miqrant bu il ərzində Aralıq dənizini keçib və digər ölkələrə getməzdən qabaq İtaliya və Yunanıstan sahillərinə çatıb.
 
Macarıstanın miqrantların hərəkətinə məhdudiyyəti yüngülləşdirməsinin ardından, yüzlərlə miqrant Almaniyaya doğru Avstriya vasitəsilə yollarına davam edir.
 
Bazar günü səhəri Münhen dəmiryol vağzalına bir neçə qatar gəlib. Bir çox miqrant isə qeydiyyatdan keçmək üçün Almaniyanın başqa şəhərlərinə gedir.
 
Yüzlərlə miqrant həmçinin Avstriyanın Macarıstanla sərhədindən qatarla Vyanaya gedir.
Alman və avstriyalı fəalların idarə etdiyi maşın konvoyu Macarıstana keçərək miqrantların Qərbi Avropaya çatmasına kömək edir.
 
Roma papası bildirib ki, Avropadakı hər bir Katolik kilsəsi miqrant ailəsini qəbul etməlidir.
Papa Francis bildirib ki, bəşəriyyət “ölümdən qaçan” və “daha yaxşı həyat üçün müharibə və aclıqdan yaxa qurtarmış” insanlara kömək etməlidir.  Şənbə günü əsasən Suriyadan olan miqrantlar avtobusla, qatarla və piyada əvvəlcə Avstriya ilə sərhədə, oradansa Vyana, Münhen və digər Almaniya şəhərlərinə səyahət edib.
 
Avstriya və Almaniya axının öhdəsindən gəlmək üçün miqrantları daha çox qatarla təmin edir. Günlərlə davam etmiş qarşıdurma və xaosun ardından, Macarıstan Avstriya ilə sərhədini açaraq minlərlə miqrantı ora daşıyıb.
 
Budapeştdə qatarlara minməsinin qarşısı alınmış bir çox miqrant avtomobil yolu ilə Avstriya sərhədinə doğru piyada yeriməyə başlayıb. Təxminən 48 saat içində 10 minə qədər miqrant Avstriya ilə sərhədi keçib. Avstriya rəsmiləri daxil olanların qarşısını almaq niyyətində olmadıqlarını deyiblər. 
 
Təxminən 1000 nəfər şənbə gecəni Avstriya tərəfdə, açıq havada keçirməli olub, rəsmilər deyir. Avstriyaya çatmış miqrantlardan bir çoxu birbaşa Almaniyanın Münhen şəhərinə gedib. Orada yerlilər miqrantları alqışlarla qarşılayıb və miqrantların arasındakı uşaqlara şirniyyat veriblər. Şənbə günü Münhen stansiyasına təxminən 7000 miqrant gəlib, polis bildirir.
Onlar qeydiyyata alınmaq, yemək və paltarla təmin olunmaq üçün Almaniyadakı müxtəlif qəbul məntəqələrinə göndərilib.
 
Miqrantlardan bir çoxu Macarıstana çatmaq üçün Balkan ölkələrindən keçməli olub. Təkcə Macarıstanın içində 200-300 arası miqrant qeydiyyatdan imtina edərək Almaniyaya getmələrinə icazənin verilməsini tələb ediblər, Macarıstan mətbuatı xəbər verir. Həm Almaniya, həm də Macarıstan bildirib ki, görülən tədbirlər humanitar böhranın qarşısının alınmasına yönəlib.
 
Almaniyada isə bu məsələ ilə bağlı hələ konkret bir mövqe yoxdur. Almaniya kansleri Angela Merkel bildirib ki, Almaniya yeni miqrant axınının öhdəsindən gələ bilər, lakin onun koalisiya hökuməti tərkibində məsələ ilə bağlı fikir ayrılığı mövcuddur.
 
Bəzi sağçıların fikrincə, bu qədər miqrantın qəbul edilməsi yanlış mesaj verir, lakin sosial demokratlar bu addımı alqışlayıb.
 
Avropadakı miqrantların əsas hədəfi Almaniyaya çatmaqdı və ölkənin bu il 800 min insanı qəbul edəcəyi gözlənilir.
 
Vətəndaş müharibəsindən yaxa qurtaran suriyalılar səyahət edən ən böyük qrupdur. Bundan sonra isə əfqanlar və eritreyalılar gəlir.
 
2015-ci ildə 350 mindən çox miqrant Avropa İttifaqı sərhədlərini keçib.
Avropaya keçməyə çalışan müsəlman miqrantlar xristianlığı qəbul edərək, Almaniyadan sığınacaq alma şanslarını artırmağa çalışırlar.
 
Yunanıstan sahillərində də müsəlman ölkələrindən minlərlə miqrant toplaşıb. Avropa liderləri hələ də Avropaya keçməyə çalışan miqrantlara necə yardım ediləcəyi haqqında açıqlama vermirlər. BMT isə Avropa sahillərinə indiyə qədər 400 min miqrantın gəldiyi haqqında proqnoz yayıb. Təşkilat 2016-cı ilə qədər bu rəqəmin 850 min nəfərə çatacağını bəyan edib. 
Bu il Avropaya 430000-dən çox mühacir gəlib. 
 
Son həftə sonu Niderland Krallığına müraciət edənlərin sayı 3100 civarında olub. Şənbə günündən bazar gününə keçən gecə 600 nəfər ölkənin bir neçə qəbul ofislərindən tək birinə müraciət edib. 
 
Amma Avropanın sıradan insanları miqrantlara münasibətdə daha tolerantdılar. Uzaqdan soyuq, praqmatik, yadlara qarşı məsafəli görünən qərblilərin miqrantlarla bağlı mövqeyi, tutumu daha isti olub. 

Cia.az