97 il öncə Qafqaz İslam Ordusu paytaxtımızı düşmənlərdən azad edib; ölkə müxalifəti tədbirlər keçirəcək
15 sentyabr Bakının erməni-bolşevik işğalından azad edildiyi gündür. 97 il öncə Osmanlı türklərindən təşkil olunmuş Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu böyük şücaət göstərərək, bu tarixi missiyanı, yəni Azərbaycanın düşmənlərdən azad edilməsi prosesini başa çatdırdı.
Baş verən döyüşlərdə qardaş ölkə 1200-dən çox şəhid verdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunarkən, ölkəmizin böyük hissəsi düşmənlərin əlində idi. Birinci Dünya müharibəsində məğlub olmalarına baxmayaraq, Osmanlı Türkiyəsi Azərbaycanı azad etmək üçün 14 minlik ordu göndərdi. Azərbaycan və Dağıstan türklərinin də daxil olduğu, ümumi sayı 20 mindən çox olan Qafqaz İslam Ordusu qısa müddətdə AXC-nin sərhədlərinin bərpa olunmasında, torpaqlarımızın azad edilməsində xüsusi qəhrəmanlıq göstərdi. 1918-ci ilin noyabr ayına qədər türk ordusu Azərbaycanda qaldı.
Hazırda Bakıda ərazi bütövlüyümüz uğrunda canından keçən türk əsgərlərinin xatirəsinə Türk Şəhidliyi abidəsi ucaldılıb. Azərbaycanın müxtəlif yerlərində də bu tipli abidələr var.
Hər il olduğu kimi, bu il də bu günlə bağlı tədbirlər, Bakıdakı Türk Şəhidliyinə ziyarətlər təşkil olunacaq. Ölkə müxalifətinin geniş tədbirlər planı var.
Müsavat Partiyasının bu günlə bağlı xüsusi planları var. Belə ki, partiya saat 11:00-da Türk Şəhidliyini ziyarət edəcək. Ardınca isə qərargahda tədbir keçirəcək.
Bu barədə Müsavat başqanının müavini Elman Fəttah məlumat verdi: “15 sentyabr Bakının qurtuluş günü Azərbaycan suverenliyinin və cümhuriyyətçiliyinin, dövlətçiliyinin təməlində yatan hadisələrdən biridir. Bakının işğaldan azad edilməsi Müsavat hökuməti və türk ordusunun əsgərlərinin birgə keçirdiyi uğurlu əməliyyatdır. Çox böyük əhəmiyyəti olan hadisədir. Müsavat Partiyası üçün bu gün tariximiz baxımından ən şərəfli günlərdən biridir. Biz bu dəfə xüsusi şəkildə 15 sentyabrı qeyd etmək istəyirik. Saat 11:00-da Türk Şəhidliyində ziyarətimizə start veriləcək.

Daha sonra Qobustanda yerləşən türk əsgərinin məzarını ziyarət edəcəyik. Axşamüstü isə, saat 17:00-da Müsavat qərargahında həmin mövzunun davamı kimi konfrans şəklində tədbir keçirəcəyik. ”Bakının qurtuluşu və türk qardaşlığı" mövzusunda konfrans olacaq. Tarixçi alim Nəsiman Yaqublu geniş çıxış edəcək. Həmin hadisələri daha dərindən bilən biri kimi. Digər çıxışlar da olacaq. Siyasi təşkilatlar və ictimai fəallar dəvət olunub. Mətbuatdan xahiş etmişik ki, tədbirin işıqlandırılmasına böyük əhəmiyyət versinlər".
125-lər Siyasi Klubunun rəhbəri İlhamiyyə Rza seçki kampaniyasının başlaması ilə əlaqədar bu günü sosial şəbəkələrdə geniş şəkildə xatırlayacaqlarını qeyd etdi: “Bildiyimiz kimi, hazırda seçki kampaniyası başlayıb. İmzatoplama işləri gedir. Üzvlərimizin çoxu bölgələrdədir. Ona görə də tədbir planlaşdırmamışıq. Amma qeyd edim ki, sosial şəbəkələrdə bu günü geniş şəkildə təbliğ edəcəyik. Hər halda, bu günə önəm vermək hər bir vətəndaş kimi, bizim də borcumuzdur. Tariximizdə böyük əhəmiyyəti olan bir gündür.
Keçən ilin bu günlərində 15 sentyabrın Bakı günü kimi qeyd olunması ilə bağlı ölkə başçısına müraciət etdik. Hesab etdik ki, belə tarixi günlərin dəyərləndirilməsi, yadda qalması, paytaxtımızın və ümumilikdə ölkəmizin təbliği baxımından da Bakının azad edilməsi gününün təqvimdə Bakı günü (şəhər günü) olaraq qeyd edilməsi faydalı bir addım olardı”.
KXCP sədrinin müavini Xəzər Teyyublu da tədbirlər planlarından danışdı: “Bu günlə bağlı xüsusi planımız var. Türk Şəhidliyini ziyarət edəcəyik. Hər il olduğu kimi, bu il də KXCP bu günü xatırlayacaq. Bu qəhrəmanlıq salnaməsi tariximiz baxımından olduqca önəmlidir. Cümhuriyyətimizin qurulması üçün önəmi yüksəkdir. Bu tədbiri keçirmək vətəndaş olaraq, mənəvi borcumuzdur”
VHP İcra Aparatının rəhbəri Samir Əsədli saat 12-də Türk Şəhidliyini ziyarət edəcəklərini bildirdi.
Cia.az
