|
"Zeynəb Xanlarova hələlik deputatlığa namizədliyini verməyib"
Xalq artisti, deputat Zeynəb Xanlarova bu il keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün Dairə Seçki Komissiyasına müraciət etməyib. 
Cia.az-ın məlumatına görə, bu barədə "Report"a hazırda Z.Xanlarovanın deputat olduğu 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin sədri Rafəddin Nağdaliyev deyib. 
O bildirib ki, deputatlığa namizəd olmaq üçün indiyədək 50 saylı Dairə Seçki Komissiyasına beş nəfər müraciət edib, onlardan dördünə imza vərəqi verilib: 
"Amma Zeynəb Xanlarova müraciət etməyib". 
Xatırladaq ki, Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. 
Qeyd edək ki, Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədliyin irəli sürülmə proseduru seçkiyə start verilən gündən - avqustun 29-dan oktyabrın 2-nə qədər davam edir. 

İmzatoplama kampaniyası da bu müddət ərzində aparılır. Sentyabrın 12-dən isə seçkilərdə iştirak edəcək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanılıb.
Cia.az