|
Bankirin işində gözlənilən ifadələr verildi
Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə “Unibank” KB ASC-nin Nərimanov filialında çalışaraq həbs olunmuş Sahib Ağayevin işi üzrə proses davam edir. S.Ağayev ona elan olunan dələduzluq ittihamı üzrə bəraət alsa da, çalışdığı bankı rəhbərliyi bundan narazı qalıb və ona verilmiş borcun dələduzluq yolu ilə ələ keçirilməsinin tanınmasında israr edib. 
Hazırkı məhkəmə prosesi də bu məqamın araşdırılmasına xidmət edir. Son məhkəmə prosesində iş üzrə adları zərərçəkən kimi keçən şəxslərdən yalnız 2 nəfər iştirak edib. Zərəçəkənlər məhkəmənin diqqətinə çatdırıb ki, ittiham aktında adları zərərçəkmiş kimi yazılsa da onlar heç vaxt Sahib Ağayevdən şikayətçi olmayıblar. Onlar izahatlarında pulu borc qismində verdiklərini bildiriblər. 

S.Ağayev hakimlərə müraciətində deyib: “Yəni şəxslərin ifadələri də onu göstərir ki, mənim işim sırf mülki hüquq münasibətləri müstəvisində həll olunmalı idi. Məhkəmədə iştirak edən şəxslərdən biri ifadəsində qeyd etdi ki, kredit onun adına rəsmiləşdirilsə də, həmin kredit məbləği mənim tərəfimdən ”Unibank" KB ASC-nin hazırki şikayətindən çox əvvəl bağlanıb. Eyni zamanda qeyd etdi ki, mənim barəmdə heç bir şikayəti yoxdur.
Digər şəxs də ifadəsində qeyd etdi ki, mənə pulu borc qismində və öz razılığı ilə verib. Məhkəmə iştirakçıları da bu ifadənin şahidi oldu".
 
Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin məhkəmədə iştirak etmək istəmədiklərini və iştirak edən şəxslərin də əvvəlki məhkəmələrdə verdikləri ifadələrə uyğun ifadə verdiklərini nəzərə alaraq məhkəmə araşdırmasını yekunlaşdırıblar. 
 
Sentyabrın 22-nə təyin olunan prosesdə qərar veriləcəyi gözlənilir.
Cia.az