|
Ankaranın kürd siyasətinin dəyişməsi Azərbaycanın maraqlarına uyğunduria

Türkiyənin PKK və İŞİD terrora qarşı başlatdığı savaşın miqyası günü gündən böyüyür. Savaşın dərinləşməsi, vəziyyətin getdikcə daha da gərginləşməsi Ankaranın xarici siyasətinə də təsirsiz ötüşmür. Təbii ki, bu sırada Azərbaycan da var. Hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik artıb və Azərbaycan öz silahlı qüvvələrini irimiqyaslı manevrlərə cəlb edib.

Belə bir vəziyyətdə Türkiyənin başının daxili vəziyyətə, antiterror kampaniyasına qarsıması Azərbaycanın gözlədiyi Qarabağ dəstəyini almasına mane ola bilər. Bəzi müşahidəçilərə görə, Ankaranın bu vəziyyətdə Bakıya dəstəyi azala bilər. 

Ümumilikdə Türkiyədə antiterror müharibəsinin Azərbaycan üçün, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsirini ekspert, Yeni Türkiyə Araşdırmaları Mərkəzinin əməkdaşı Orxan Qafarlıdan soruşduq. 

O.Qafarlı deyir ki, Türkiyənin kürd məsələsi ilə bağlı siyasəti dəyişib və bu Azərbaycanın da maraqlarına cavab verir: “Türkiyədə PKK əleyhinə başlayan antiterror əməliyyatları Azərbaycanın maraqlarına cavab verir. Bunu məsələni daxili siyasət analiz səviyyəsində, bu şəkildə izah etmək olar: birincisi, AKP kürd məsələsində liberal siyasət xəttindən imtina edib və daha çox Türkiyə dövlətinin kürd məsələsinə ənənəvi yanaşmasına geri döndü. Bir çoxları bunu AKP-nin dövlət bürokratiyasının ənənəvi siyasətinə təslim olması kimi görürlər. Yəni AKP liberal perspektivli kürd məsələsi siyasətinə geri dönməsi yaxın vaxtda artıq gözlənilmir. Əlbəttə AKP-nin bu siyasi xətti götürməsinin faydası parlament seçkilərindən sonra hiss olunmasa, AKP-CHP koalisiyası gündəmə gəlsə, o zaman durum fərqli olacaq”.
 
O.Qafarlı deyir ki, kürd məsələsi ilə bağlı liberal siyasətdən imtina eyni zamanda erməni məsələsinə da öz təsirini göstərəcək. Onun fikrincə, buna qədər AKP hökuməti kürd və erməni “açılımları” siyasətini paralel şəkildə aparıb: “Bunlardan birinin iflas olması ikincinin də çox böyük ehtimal masadan qalxması demək olacaq. Bu mənada yaxın gələcəkdə erməni məsələsi ilə bağlı ”soyqırım" və ya Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsinin gündəmə gəlməsi çətin olsun - yenə də təkrar etmək istəyirəm ki, əgər seçkilərin nəticəsində AKP tək partiya olaraq iqtidar ola bilsə. CHP ilə koalisiya olarsa, bu o demək olacaq, AKP yenidən liberal siyasətə geri dönüş edə bilər". 
Türkiyədə başlayan antiterror savaşının regional siyasət baxımından da Azərbaycanın maraqlarına cavab verdiyini deyən O.Qafarlıya görə, bu vəziyyətdə iki ölkə münasibətərinin yaxşı vəziyyətdə olaraq qalması gözlənilir: “Məsələnin regional səviyyədə analizinə baxsaq, burada da durum Azərbaycanin rəsmi siyasətinə uyğundur. Türkiyənin dövlət bürokratiyası regional siyasəti Yaxın Şərqdə və Cənubu Qafqazda sərhədlərin və liderlərin qalmasını hesablanmış bir yanaşmadır. Bu iki regionda sərhədlərin dəyişməsinin deyil, status-kvonun saxlanmasına tərəfdardır. Ankara hər hansı bir yeni kürd və ikinci erməni dövlətinin ortaya çıxmasına razı ola bilməz. Azərbaycan və Türkiyə münasibətlərinin erməni məsələsindən dolayı pozulmasına qarşıdırlar. Ermənistanla sərhədlərin açılmasının əleyhinədir. Tam olaraq Azərbaycan iqtidarının istədiyi hər bir məsələdə müttəfiqdir”.
 
O.Qafarlıya görə, yeni siyasi dönəmdə Türkiyənin Rusiya ilə münasibətləri soyuya bilər və bu da Azərbaycana öz təsirini göstərə bilər: “Bürokratiya AKP qədər Rusiya ilə Cənubu Qafqazda təhlükəsizlik məsələlərində Moskva ilə dialoq tərəfdarı deyil. Bunun üçün son zamanlar Azərbaycan, Türkiyə və Rusiyanın üçlü yaxınlaşmasını Ankaranın milli maraqlarına cavab vermədiyini düşünürlər. Bu istiqamətdə geopolitik məsələlərdə sıxıntılar ortaya çıxa bilər. Bir tərəfdən baxanda Azərbaycanın maraqlarına cavab verir kimi görünür. Amma diqqətə almaq lazımdır ki, Moskva-Ankara dialoqunun kəsilməsi Rusiyanın Azərbaycana təzyiqlərinin artırmasına səbəb olacaq.  Adətən Rusiyanın isterikada olduğu və onun xəbəri olmadan hər hansı bir proseslərin getdiyindən narahat olur. Bunun üçün məsələnin bu istiqamətində problemlər ola bilər. Böyük ehtimal bu istiqamətdə siyasət Türkiyədə davam edərsə ”Türk axını" qaz kəməri layihəsinin reallaşması da çətinləşəcək. O zaman bir düşünün, Rusiya necə bir isteriyada olacaq TANAP və TAP-dan dolayı. Təbii ki, Azərbaycana təzyiq edəcəklər. Çünki “Türk axnı” olmadan TANAP və TAP reallaşsa bu o deməkdir ki, Rusiya Şərqi Avropada qaz müştərilərinin itirəcək. Bu isə Rusiyanin bugünkü iqtidarının müəyyən etdiyi milli maraqlar çərçivəsinə təhlükədir".
Cia.az