|
ATƏT-in qərarı:

İqbal Ağazadə: “Biz seçkidə ona görə iştirak edirik ki, mətn, düşüncə, fikir, mübarizə prosesləri aparılsın”; Sərdar Cəlaloğlu: “Əgər biz antidemokratik ölkədə yaşamağa razılaşırıqsa, antidemokratik seçkidə də iştirak etməyə məcburuq” 

Elman Fəttah: Heç bir halda seçkidən imtina etmək niyyətində deyilik”

 

Xəbər verildiyi kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu sentyabrın 11-də yaydığı rəsmi məlumatda Azərbaycanda keçiriləcək parlament seçkilərindən imtina etdi. Avropa Şurası Parlament Assambleyası daxil olmaqla, digər xarici təşkilatların da bu cür qərarları gözlənilir.

Avropa Parlamentinin qətnaməsinin ardından sərgilənən bu mövqelərdən sonra belə iddialar ortaya atılıb ki, noyabrın 1-də keçiriləcək seçkilərdə iştirak edəcək müxalif qurumlar qərarlarından imtina edərək, seçki öncəsi boykot taktikasını seçə bilərlər. Xarici müşahidəçilərin olmayacağı bir seçkidə bu cür qərarın veriləcəyi versiyası bir qədər inandırıcı görünür. 
 
Müsavat başqanının müavini Elman Fəttah ATƏT-in qərarını Azərbaycan hakimiyyətinin  yaratdığı maneələrlə əlaqələndirdi: “Avropa Oyunlarında öz xərci hesabına 6 mindən artıq idmançını gətirən hakimiyyət bütün xərcləri ATƏT tərəfindən ödənilən 380 müşahidəçini yerləşdirməkdən imtina edib. Müşahidəçi missiyasının sayına müdaxilələr olub. Bütövlükdə ATƏT-in seçkiləri müşahidə etməsinin qarşısını alan hakimiyyətdir. Açıqlamada bunlar açıq şəkildə göstərilib. Bütün bunlar iqtidarın beynəlxalq birliklərlə münasibətlərini pozmağa yönəlib. Parlament seçkilərinin beynəlxalq aləm tərəfindən tanınmaması yönündə işlər gedir. Seçkilərin demokratik keçirilməsinə cəhdlər, siyasi məhbusların azad olunmasından imtina edilməsi, nəticə etibarı ilə insan haqlarına önəm verən təşkilatlar tərəfindən seçkilərin tanınmaması ilə nəticələnə bilər. Bunlar nəzərə alınmalıdır. Əvvəlki günlərdən qeyd etmişik ki, Müsavat Partiyasının parlament seçkilərindəki iştirakı demokratiya uğrunda mübarizənin ardıcıllığı baxımından önəmlidir. Hədəfimiz seçki kontekstində mübarizəni davam etdirməkdir. Heç bir halda bundan imtina etmək niyyətində deyilik. Hətta deyərdim ki, seçki vaxtı namizədlərə ayrılacağı gözlənilən efir vaxtından həqiqətləri xalqa çatdırmaq üçün istifadə etmək fikrimiz var. Seçkiyə az qalmış son dəfə prosesi dəyərləndirib, iştirak edib-etməmək barədə qərar verəcəyik. Müxalifət və beynəlxalq müşahidəçilərin seçkilərdə iştirak etməməsini arzulayan ən çox ölkə iqtidarıdır”.
 
Ümid Partiyasının sədri İqbal Ağazadə ATƏT-in qərarından təəssüfləndiyini dilə gətirdi: “Seçkilərdə iştirak müşahidə ilə bağlı məsələ deyil. Təəssüf edirəm ki, ATƏT seçkini müşahidə etməkdən imtina etdi. Burada hakimiyyətin bəzi cəhdləri özünü göstərdi. Parlamentin 14 sentyabr iclasında bu məsələləri səsləndirəcəm. Azərbaycanı heç bir halda beynəlxalq aləmdən təcrid etmək olmaz. Nə olursa-olsun, Azərbaycan Avropa ilə bir yerdə olmalıdır. Amma bunlar seçkidə iştirakımıza təsir etmir. Biz seçkidə ona görə iştirak edirik ki, mətn, düşüncə, fikir, mübarizə prosesləri aparılsın. Heç bir halda seçkidən iştirakdan imtina etməyəcəyik”.
 
ADP sədri Sərdar Cəlaloğlu da ATƏT-in qərarının olduqca mənfi hal olduğunu bildirdi: “Seçki prosesinə ciddi zərbədir. Eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərini yerinə yetirməməsini birbaşa təsdiq edir. Bu qərar əvvəlcədən seçkilər barədə qiymətin verilməsi deməkdir. Müşahidə gəlmirsə, bu o deməkdir ki, Azərbaycanda müşahidə edilməli bir proses yoxdur. Amma biz daxili qüvvələr kimi, xaricilərin siyasətini kopyalaya bilmərik. Xarici təşkilatlar onların qarşısında götürülən öhdəliklərə əməl olunmadığına görə bu cür addımlar atırlar. Bizim konstitusiya qarşısında öhdəliklərimiz var. Bunlarda biri də, ölkənin siyasi həyatında iştirak etməkdir. Bu baxımdan seçkilərdə iştirak etməliyik. Əgər biz antidemokratik ölkədə yaşamağa razılaşırıqsa, antidemokratik seçkidə də iştirak etməyə məcburuq. Avropa demokratikdir. Ona görə də razılaşmırlar. Azərbaycanda isə tamam əksidir. İştirakçı prosesdə iştirak etməlidir ki, ATƏT-də inam yaransın. Bəzi qüvvələrin seçkiləri boykot etməsi ATƏT-in gəlişini əngəlləyən faktorlardan biridir. Demokratiyanı ölkəmizə gətirmək istəyiriksə, prosesdə iştirak etməliyik. Biz seçkilərdə aktiv şəkildə iştirak edəcəyik”.
Cia.az