Hazırda həbsdə olan Müsavat başqanının müavini Fərəc Kərimli və qardaşı Sirac Kərimlinin atası Raqif Kərimli infarkt keçirib. Bakı Sağlamlıq Mərkəzində müalicə olunan vicdan məhbuslarının atasının vəziyyəti qənaətbəxş deyil.
Bu barədə müsavat.com-a Sirac Kərimlinin həyat yoldaşı Günay Kazımova məlumat verib.
O, qayınatasının səhhətindən ciddi narahat olduqlarını bildirib: “Raqif müəllim əvvəlcədən də ürək ağrılarından tez-tez şikayətlənirdi. Arada deyirdi ki, kürəyim və sinəmdə ağrılar var. Problemlərini yalnız mənə deyirdi. Sentyabrın 5-i idi. Səhər tezdən balaca qızım Əminə təzə aldığımız paltarı götürərək, Raqif müəllimin yanına gedib, deyib ki, baba, bu paltarı mənə atam alıb, atam yaxşı atadır. Sonra da soruşub ki, atam nə vaxt gələcək. Raqif müəllim də tezliklə gələcəyini söyləyib. Uşaq qayıdıb deyib ki, həmişə belə deyirsən, amma atam və əmim gəlmir. Bundan sonra halı pisləşib. Sonradan xəstəxanada bizə dedi ki, uşaq o sözləri söyləyəndə sinəmdə istilik hiss etdim. Maraqlıdır ki, ağrı hiss etsə də, mağazaya getdi. Orada qəflətən vəziyyəti pis olub. Satıcılar kömək ediblər. Dərman içəndən sonra özünə gəlib. Evə gəldi. Baxdım ki, rəngi ağappaq olub. Soyuq su içdi, bir az özünə gəldi. Qarpız almaq üçün aşağı düşdüm. Qayıdanda gördüm ki, binanın qarşısında təcili tibbi yardım maşını dayanıb. Onda anladım. Evə girəndə mənə dedi ki, xəstəxanaya gedirəm. Həkimlər infarktın əlamətlərini aşkar etdiklərini bildirdilər. Çox ağladım. Onun bizim üçün çox əziyyətləri olub. İki oğlu birdən həbs olundu, bir dəfə olsun ki, özünü sındırmadı. Bizi dözümlü edən də onun qüruru oldu. Biri var ki, övladlarının günahı ola-ola həbsə getsinlər. Biri də var ki, heç bir günahları olmadan iki övladın bir vaxtda həbs olunsun. Ata üçün çox ağırdır”.
Kərimlilər ailəsinin gəlini qayınatasının ürəyinin arxa nahiyəsində çat əmələ gəldiyini də qeyd etdi: “Tanrı onu bizə bağışladı. Təsəvvür edin ki, dəqiqələr söhbəti olub. Bir az da həkim gec gəlsəydi, itirə bilərdik. Diaqnozdan sonra aydın oldu ki, ürəyin arxa hissəsində çat əmələ gəlib. Həkim 10 gün müddətində xəstəxanadan çıxarılacağını dedi. Həkimlər son müayinədən sonra vəziyyətinə baxıb qərar verəcəklər. Amma tez-tez ağrılardan əziyyət çəkir. Həkimlər deyib ki, Raqif müəllimə sakit, rahat bir yer lazımdır. Bu da mümkün deyil”.
Qeyd edək ki, Fərəc və Sirac Kərimli qardaşları ötən ilin iyulunda həbs ediliblər. Hər iki qardaşa qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Fərəc Kərimli 6 il 6 ay, Sirac Kərimli isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Nüfuzlu beynəlxalq təşkilatlar hər iki qardaşı “vicdan məhbusu” kimi tanıyırlar.
Cia.az
