|
YAP-ın siyahısından kənarda qalanlar müstəqil namizəd olacaqlarmı?
Noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı əksər siyasi qurumlar qərarlarını açıqlayıblar. Yalnız hakim partiya olan YAP-dan başqa. 
 
Belə iddialar səsləndirilir ki, hakim partiya bu ilki seçkilərə əvvəlkilərə nisbətən tam yenilənmiş siyahı ilə gedəcək. Siyahıda daha çox gənclərə üstünlük veriləcəyi də yayılan xəbərlər sırasındadır. Bütün bunlar öz əskini taparsa, çoxlu sayda YAP-çı deputatın, sabiq YAP-çı deputatların, o cümlədən, millət vəkilliyinə can atan bəzi hakim partiya üzvləri siyahıdan kənarda qalacaqlar. Siyahıya düşməyən YAP üzvləri müstəqil namizəd qismində seçkilərə qatılacaqlarmı?
 
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən YAP-ın deputatı olan, son parlament seçkilərində müəmmalı şəkildə iddiasını geri götürən iş adamı Nazim Məmmədov sualımıza belə cavab verdi: “YAP kifayət qədər nüfuzlu siyasi partiyadır. Onun resurslarından yararlanmaq hər namizəd üçün əlavə üstünlükdür. Hər rayonda 3-4 min, bəlkə də, daha çox üzvü olan təşkilatın namizədinin seçkini qazanmaq şansı daha çoxdur.
 
Namizədliyimlə bağlı bir daha onu deyim ki, həm Gədəbəy, həm də Tovuzda təşəbbüs qrupları yaranıb və namizədliyimə razılıqla bağlı mənə müraciət ediblər. Onlara da tövsiyyə etmişəm ki, YAP-ın qərarını gözləsinlər. Mənim namizədliyimi dəstəkləmək haqqında siyasi rəhbərliyin 2010-cu ildə verdiyi vəd yerinə yetirilsə, mən partiyanın dəstəyinə üstünlük verəcəm”.

10 il hakim partiyanın deputatı olan YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərov seçkilərə ümumiyyətlə qatılmaq fikrində deyil: “Mətbuata bu barədə məlumat vermişəm. Parlament seçkilərində iştirak etmək istəmirəm. Kifayət qədər Milli Məclisdə olmuşam. 10 il qısa zaman deyil. Bu mənə bəs edər. Açığı özümü parlamentdə yaradıcı kimi görmürəm. Qəti sürətdə namizəd olmayacam”.
Cia.az