|
Kreml Bakıya qarşı “qamçı-kökə” siyasətini sərtləşdirir

Rusiya qısa fasilədən sonra Xəzərdə növbəti hərbi təlimə başlayıb; Moskva Azərbaycanla həm silah ticarəti içindədir, həm də Bakını hər tərəfdən hədəfdə saxlayır...

Azərbaycanın ölkə miqyasında ilk dəfə olaraq ən iri - 65 minlik hərbi oyunları davam edir. Şübhəsiz ki, bu təlimlər ilk növbədə Ermənistana və onun havadarlarına Bakının öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacağı haqda bir xəbərdarlıq mesajlıdır, güc nümayişidir.

Təsadüfi deyil ki, Azərbaycanın öz hərbi hazırlıqlarını gücləndurməsindən, eyni zamanda onun Türkiyə ilə bu sahədə əməkdaşlığı genişləndirməsindən, o sırada artan birgə təlimlərindən təlaşa düşən Ermənistanın prezidenti Serj Sərkisyan bunu Rusiya prezidenti Vladimir Putinlə sonuncu görüşündə dərhal dilə gətirib və... 
 
Və Sərkisyan İrəvana qayıdar-qayıtmaz Rusiya Xəzər donanmasının 40-a yaxın döyüş gəmisi isə Rusiya Mərkəzi Hərbi Dairəsinin döyüş hazırlığının planlaşdırılmamış yoxlanması tədbirləri çərçivəsində təlimlərə başlayıb. Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. 
 
“Qoşun növləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə Xəzər Donanmasının gəmi birləşmələri və sahil qoşunları yüksək dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilib. Həştərxan və Mahaçqaladakı daimi dislokasiya bazalarından Xəzər dənizində təlimlər keçirilən əraziyə 40-a yaxın döyüş gəmisi və köməkçi gəmilər gəlib”, - Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Dənizçilər mina və təxribatçılara qarşı tədbirlərin həyata keçirilməsi üzrə təlim keçəcəklər. Təlimlərə ümumilikdə 3 min hərbçi və 120-dən artıq hərbi texnika cəlb olunub. Yada salaq ki, Rusiya cəmi bir neçə həftə qabaq Qazaxıstan və Azərbaycanla Xəzərdə ortaq hərbi manevrlər həyata keçirmişdi.   
 
 
***
İki gün öncə isə Rusiya Tiflisin ciddi etirazına rəğmən, separatçı Abxaziya bölgəsində yerləşdirdiyi hərbi hissələrində komanda-qərargah təlimləri başlayıb. Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, hərbi təlimlərə Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) Abxaziyadakı hərbi bazasının 700 hərbi qulluqçusu və 150-dən çox zirehli texnika, reaktiv sistemlər cəlb edilib.
 
 
CHD-nin mətbuat xidmətinin məlumatına görə, təlimlərin əsas hədəfi - müasir avtomatlaşdırılmış idarə sistemləri və yeni hərbi texnikadan istifadə eləməklə dəniz sahilləri, dağ-meşəlik və düzənlik əraziləri şəraitində müxtəlif təlim döyüşləri aparılan zaman birləşmələrin komanda heyətinin idarə vərdişlərini təkmilləşdirməkdir.

 
***
Həm Xəzər dənizində, həm Ermənistanda, həm də Rusiyanın işğal elədiyi Abxaziyada keçirilən və artıq permanent xarakter daşıyan bu təlimlərdə əsas hədəf əlbəttə ki, Qərbdir, Güney Qafqaz ölkələrini, ələlxüsus müstəqil siyasət yürüdən Azərbaycan və Gürcüstanı təhdid altında saxlamaqdır, onların “başını qaldırmasına” imkan verməməkdir. 
 
Azərbaycan hazırda ən iri miqyaslı hərbi təlimlərini davam etdirir. Gürcüstan isə durmadan NATO yönündə inteqrasiya siyasəti aparır. Məlum olduğu kimi, ötən ay Tiflisdə alyansın təlim mərkəzi açılıb ki, bu da Moskvanın qəzəbinə səbəb olub. Bununla belə, əsas hədəf, fikrimizcə, Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi də nəzərə alınarsa, Azərbaycandır.
Maraqlıdır ki, Rusiya Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Belə ki, “Rosoboroneksport” 2017-ci ilədək imzalanmış kontraktlar çərçivəsində Azərbaycana ən müasir hərbi texnika vahidlərinin verilməsini başa çatdıracaq. Demək, Rusiya ənənəvi siyasətinə sadiqdir. Kreml həm əməkdaşlıq edir, həm də bizi hədələyir. “Qamçı və kökə” siyasəti necə olur ki...
Cia.az