Bir müddət öncə Moskvanın Ermənistana 200 milyonluq silah-sursat verəcəyi ilə bağlı xəbərlər Azərbaycanda narahatlıq doğurmuşdu. Əslində Rusiya Cənubi Qafqazdakı forpostuna bu məbləğdə kredit verəcəyini demişdi, lakin ekspertlər sanksiyalar girdabında olan şimal qonşumuzun Ermənistana nağd pul əvəzinə, silah verəcəyini daha ağlabatan hesab edir.
Bu arada Rusiya Azərbaycandakı narahatlığı səngitmək üçün növbəti gediş edib. Məlumata görə, Rusiya Azərbaycanın sifariş etdiyi BMP-3 piyada döyüş maşınlarının sonuncu partiyasını - 50 maşını yola salmağa hazırlaşır. Bu barədə Rusiyanın TASS rəsmi xəbər agentliyi hərbi-texniki əməkdaşlıq sferasındakı mənbələrə istinadən məlumat yayıb. Mənbə haqda Nijni Tagildə işə başlayan “Arms Expo-2015" hərbi sərgisi zamanı danışıb. ”Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq. Hazırda təxminən 50 maşından ibarət olan sonuncu partiyanın yola salınmasına hazırlıq gedir" - mənbə deyib. Agentlik xatırladır ki, Rusiya Azərbaycanın sifariş etdiyi T-90S tanklarının çatdırılmasını da yekunlaşdırmaq üzrədir. “Rosoboroneksport”dan bildiriblər ki, Rusiya Azərbaycanın 2010-cu ildə sifariş etdiyi hərbi texnikanın və silahların çatdırılmasını 2017-ci ilədək tam yekunlaşdıracaq. KİV-lərin məlumatına görə, həmin müqaviləyə 3 batalyonu silahlandırmağa bəs edəcək T-90S tankları (100 tank) və eyni sayda BMP-3 daxildir. Həmçinin Azərbaycan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemlərini, ağır odsaçan sistemləri və digər silahları alıb.

Virtualaz.org saytının məlumatına görə, bu müqavilənin davamı olaraq Azərbaycan Rusiyadan daha 100 T-90S tankı sifariş verib. Bunlar dünyanın ən güclü tankı hesab olunur. Həmçinin “Rosoboroneksport”dakı mənbələr deyiblər ki, hərbi sərgi çərçivəsində Azərbaycan Rusiyadan yeni T-90S tankları, reaktiv yaylım atəşi sistemləri və digər hərbi texnikanın alınmasına dair təkliflərini verib.
ATƏT-in Minsk Qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin guya tənzimlənməsi ilə məşğul olan Rusiya əslində işğalçıya nəinki öz yerini göstərmir, üstəlik, silahlanma ilə bağlı beynəlxalq kvotanın pozulması bahasına da olsa, Ermənistanı silahlandırır. Belə bir durumda paralel olaraq Azərbaycandan böyük pullar qoparmaq bahasına ölkəmizə silah satır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a dedi ki, Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı münaqişənin silahla çözülməsi üçün həyata keçirilən məkrli plan deyil: “Hər halda, dünyaya hər il 32 milyard dollardan artıq silah və hərbi texnika satan bir ölkənin ixrac potensialına görə beynəlxalq sıralanmada ilk yerləri tutması sübut edir ki, şimal qonşumuz bunu strateji bir kurs olaraq həyata keçirir və külli miqdarda qazanc götürür. Azərbaycan NATO üzvü olmadığından, üstəlik, bir sıra Qərb dövlətlərinin açıq qadağa qərarlarından sonra regionda təhlükəsizliyini təmin etmək istəyən ölkələrin, sizcə, hansı alternativ yolu qalır? Bununla bərabər, unutmaq olmaz ki, biz beynəlxalq siyasi arxitekturanı müəyyənləşdirmək üçün çox böyük hədəfləri qarşıya qoyan və iddialarla yaşayan dövlətlərin hərbi siyasətini deyil, sırf regional güc mərkəzi kimi ərazi bütövlüyünü təmin etməyə can atan bir tərəfin hərbi siyasətini yürüdürük. Yəni uzaqmənzilli raketlər və sualtı tankerlərlə silahlanmış, həmçinin müxtəlif qitələrdə hərbi bazalara malik olan dövlətlərdən fərqli olaraq Azərbaycan bu coğrafiyanın relyefinə, ərazi quruluşuna, qonşu dövlətlərin hərbi-siyasi potensialına və digər mühüm parametrlərə uyğun olaraq, müxtəlif texnika və texnologiyanın alınmasına gedir”.
Əslində Azərbaycan ordusuna satılan BMP-3 və T-90s tankları, həmçinin ”Smerç" reaktiv qurğuları dünyanın harasında satılsa, onu almaq bizim üçün prioritet olardı. O cümlədən SU-29 təyyarələri və müxtəlif döyüş vertolyotları da ölkəmizin hərbi gücünü artırır. Ona görə də Azərbaycanın Rusiya ilə hərbi əlaqələri Ermənistana gerçək zərbə vurur, onların müttəfiqliyini köklü bir şəkildə zədələyir, regionda hərbi-siyasi balansı bizim xeyrimizə tamamilə dəyişir. Qarşı tərəfə verilmiş 200 milyon dollar kredit borcdur, digər tərəfdən, erməni hökuməti onu elə qaz və enerji borcları şəklində geri qaytaracaq, üstəlik, Gümrüdə “İskəndər” raketlərinin heç bir modifikasiyası yerləşdirilməyib. Ona görə siyasi baxımdan da Azərbaycanın xeyrinə işləyən belə əməkdaşlıqdan imtina etmək və burada süni qərbpərəstlik ritorikası seçmək öz təhlükəsizliyindən imtina etmək demək olardı".
Ermənistana edilən yardımlara gəldikdə, komitə üzvü bildirdi ki, bu, Qərblə nüfuz dairəsi uğrunda aparılan mübarizənin tərkib hissəsidir: “Əks halda, Rusiya Cənubi Qafqazda mühüm bir platsdarmını itirər. Kreml tərəfindən İrəvana doğru atılan hər bir addımı əleyhimizə qəbul etmək yanlışdır. Çünki Moskvanın məxfi sənədlərində Ermənistanın hərbi təyinatı mühüm qovşaqda ”cənub cinahı" kimi tövsif olunub və burada toplanan silah kütləsi Qərbə, həmçinin Türkiyəyə qarşıdır".
Cia.az
