|
"Dervish Travel”dən haqqındakı ittihamlara cavab gəldi
Qəzetimizin 5 sentyabr sayında “Turizm şirkəti vətəndaşı aldadıb” başlıqlı yazı dərc edilib. Yazıda Türkiyəyə istirahətə getmək istəyən Bakı şəhər sakini Tapdıq İmanov “Dervish Travel” şirkəti tərəfindən aldadıldığını iddia etmişdi. Şikayətçi istirahətinin sanki bir əzab olduğunu və pullarının batdığını bildirmişdi. 

Yazı dərc edildikdən sonra “Dervish Travel” turizm şirkətinin direktoru Nadir Nadirov redaksiyamıza gələrək T.İmanovun dediklərinin əsassız olduğunu bildirib: “Bizim şirkətimiz 10 ildir fəaliyyət göstərir. Turizm üzrə də 10 illik bir müddət az deyil. Biz müştərilərimiz arasında fərq qoymuruq. Tapdıq İmanov bizə zəng edəndə ilk sualı pulu bank köçürməsi vasitəsilə qəbul edib-etmədiyimiz haqda oldu. Bir çox turizm şirkətləri bunu qəbul etmədiyi halda, biz razılaşdıq. Tapdıq İmanov avqustun ortasında Bodrumda 1 həftəlik 5 ulduz hoteldə 5 nəfərlik ailə üzvləri ilə birlikdə istirahət etmək istədiyini bildirdi. Bilənlər bilir ki, bütün dünyada avqust ən bahalı vaxtdır. Əvvəlki aylara nisbətən avqustda biletlərin, hotellərin qiyməti 2-3 qat baha olur. Turpaketin qiymətinin 5 min manatdan artıq olmamasını istədi. Biz ona yalnız avqustun 16-da hotel və təyyarəyə yer olduğunu bildirdik. T.İmanov bu tarixlə razılaşdı və bron olunmasını xahiş etdi. Mən ona 5 min 250 manata ”Royal Arena" və “Royal Asarlic” təklif etdim. Bu hotellərdə də standart otaqları məsləhət gördük. Standart otaqlar yan-yana olacaqdı. Bir otaqda iki böyük, bir balaca uşaq, digərində isə 2 böyük qalacaqdı. Mən Tapdıq İmanova “Royal Aserlic” hotelini məsləhət gördüm, amma o, “Royal Arena”nı istədiyini dedi. Biz də öz növbəmizdə Türkiyədə yerləşən və bizimlə əməkdaşlıq edən “Alyaska” şirkəti ilə əlaqə saxlayıb Bodrumda yerləşən “Royal Arena” hotelində iki standart nömrə bron etdik. 

Turpaketi hazırlayıb verdik. Bu şəxs mənə bazar günü, avqustun 16-sı zəng etdi. Türkiyə saatı ilə haradasa 5-6 arası idi. Dedi ki, bizə verdikləri nömrə bir otaqlıdır. Bildirdim ki, hotelin qəbul şöbəsində desin ki, onun turpaketində iki standart nömrə var. Hotel nəyə görə standart nömrələr vermədiyini izah etməlidir. Onlara sonradan həmin hoteldə iki standart nömrə verilib. Dediyinə görə, həmin nömrələr camaşırxananın yanında yerləşib. Bu nömrələr də onun xoşuna gəlməyib. Tapdıq İmanov mənə bazar günü saat 19:30-da zəng etmişdi. Artıq Türkiyə vaxtı ilə saat 17:30 idi. İstənilən yerə gedəndə tur lider olur. Tur lider sizə ekskursiyalar haqqında məlumat verir və turistlərin problemlərini həll edir. Tur lider turistlərə onlarla əlaqə saxlaya bilmələri üçün telefon nömrəsi verir. Soruşdum ki, o nömrə sizdə varmı, dedi, hə. Dedim, həmin nömrələrə zəng etsin. “Alyaska” şirkətinin tur lideri Seymur adlı şəxsə zəng edib. Tapdıq İmanovun dediyinə görə, Seymur onlara bu işi həll etməyəcəyini deyib. Mən yenidən zəng etməyi məsləhət gördüm. Seymur işlədiyi “Alyaska” şirkəti ilə əlaqə saxladıqdan sonra şirkət tərəfindən hotelə zəng edilib və hotel Tapdıq İmanova nömrələrinin sabah dəyişəcəyini bildirib. Mənə zəng edib dedi ki, gün ərzində otaq dəyişilməsə, hoteli tərk edəcək. Ona hoteldən çıxmamağı söylədim və dedim ki, sabaha dəyişəcəklər, söz verilib. Bu adam heç kimə demədən hoteldən çıxıb hava limanına gedib. Dediyinə görə, Bakıya qayıtmaq istəsə də bilet tapa bilməyib. Özü bir mini hotel tapır və mənə zəng etmir. Həmin hoteldən Seymura zəng edərək “Royal Arena” hotelindən çıxdığını və ora qayıtmayacağını bildirib. “Alyaska” şirkətinin əməkdaşı olan Seymurdan ona başqa hotel tapmasını istəyib. Seymur bir neçə saatdan sonra T.İmanova zəng edərək ona  “Amara” adlı otel tapdığını bildirib".
 
N.Nadirovun sözlərinə görə, Tapdıq İmanov bilməli idi ki, yüksək sezon olanda 7 günlük hotel tutub və birinci günü qalıb çıxarsansa, sənin digər günlərinin pulunu qaytarılmır: “”Alyaska" T.İmanova bildirib ki, “Royal Arena” hoteli sizdən 3 gecənin pulunu çıxacaq. Bu da normaldır. Qalan 4 gecənin qalmaq pulu “Amara” hotelinə keçir. Mən səhər, avqustun 17-si “Alyaska” şirkətinə zəng etdim ki, göndərdiyim T.İmanovun ailəsinin nömrələrini dəyişdirsinlər. Çünki hotel bir gün sonra nömrələrin dəyişəcəyinə söz vermişdi. Bu zaman bildim ki, onlar hoteli tərk ediblər. “Alyaska” şirkətindən bildirdilər ki, artıq onlara “Amara” adlı başqa hotel tapıblar və buna görə onlar əlavə 1700 dollar pul ödəyib. Tapdıq İmanova zəng etdim, soruşdum ki, hər şeyi ödəmişdiniz, otağınızı dəyişəcəkdilər, niyə başqa hotelə getmisiniz? Cavab verdi ki, həmin hoteldən xoşu gəlməyib. “Amara”ya əlavə 1700 dollar ödəyib".

“Dervish Travel”ın direktoru N.Nadirov T.İmanovun Bakıya qayıtdıqdan sonra onun yanına gəldiyini dedi:“10 gün keçdikdən sonra Tapdıq İmanov bizim ofisə gəldi. Dedi ki, mənə pul qaytarmalısınız. Nə qədər qaytarmalı olduğumuzu soruşdum. Dedi ki, nə qədər fikriniz varsa, o qədər də qaytarın. Mən də bildirdim ki, mən sizə heç bir məbləğ qaytarmamalıyam. O isə mənə 1700 dollar qaytarmalı olduğumu söylədi. Dedim ki, siz məndən ”Royal Arena" hotelini, uçuşu, qarşılanmanı, sığortanı tələb etmişdiniz. “Dervish Travel” də tələblərinizin hamısını həyata keçirib. Onun yanında “Alyaska”nın direktoru Nizamiyə zəng etdim. Dedim ki, sizin “Amara” hotelə köçürdüyünüz müştərim məndən hotelə verdiyi 1700 dolları tələb edir. O da dedi ki, hoteli özü dəyişib, əlavə pulu da özü verib". 
 
N.Nadirov “Amara” hotelində T.İmanovun ailə üzvlərinin zəhərlənməsi iddiasına da aydınlıq gətirdi: “Bu adam deyir, hoteldə zəhərlənmə olub, hotel karantinə düşüb. Amma bu, yalandır. Zəhərlənmə kütləvi deyil. Tapdıq İmanov 1700 dolları mənə yox, ”Alyaska"ya verib. “Alyaska”nın direktoru da dedi ki, o pul bizə gəlməyib, pul hotelə verilib. Onu da qaytarmağa heç bir ixtiyarım yoxdur". 
Cia.az