“Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın Natalya Kərimovaya məxsus əmlakları özününküləşdirməsi haqda yazmışdıq. Belə əmlaklardan biri də Natalya Kərimovanın mənzili olub. P.Novruzovanın təhdidləri ilə üz-üzə qalan N.Kərimova Azərbaycanı tərk edəndən 5 il sonra “Gəncəbank” rəhbəri Kəpəz Rayon Məhkəməsinə müraciət edib. İddiasında göstərib ki, N.Kərimova ondan 30 min dollar borc alıb və qaytara bilmir. Məhkəmədən xahiş edib ki, borcun əvəzinə N.Kərimovanın Gəncədəki mənzilinin onun adına rəsmiləşdirilməsi haqda qətnamə çıxarılsın. 2006-cı ildə baş tutan prosesdə P.Novruzovanın iddiası təmin olunub.
N.Kərimovanın vəkili Əziz Qənbərov qəzetimizə açıqlamasında deyib ki, həmin qətnamə saxta şahidlərin ifadələri əsasında çıxarılıb: “Natalya Kərimova Pərvanə Novruzovanın təqiblərinə görə uzun illər ölkə xaricində yaşayıb. Bu illər ərzində ölkəyə qayıda bilməyib. Azərbaycanda aparılan ardıcıl islahatlar Natalya Kərimovanın ölkəyə dönərək qanunlara uyğun şəkildə ondan zorakılıqla alınan əmlakları ilə bağlı məhkəmələrdə dava açmağına imkan verib. Biz Natalya Kərimovanın mənzilinin qanunsuzluqla Pərvanə Novruzovanın adına keçirilməsi haqda qətnamədən apelyasiya şikayəti vermişik. Həmin qətnamə saxta şahidlərin ifadələrinə əsaslanır. Ortada borc müqaviləsi də yoxdur. Sentyabrın 11-də Gəncə Apelyasiya Məhkəməsində hakim Azər Bayramovun sədrliyi ilə şikayətə baxılacaq. İnanırıq ki, həmin qətnamə qanunsuz və əsassız olduğuna görə ləğv olunacaq, haqq-ədalət bərpa ediləcək”.
Qeyd edək ki, P.Novruzova N.Kərimovanın digər bir mənzilini, hazırda “Afrodita” adlanan, faktiki isə adı “Nataşa” olan gözəllik salonunu da özününküləşdirib. Bu məsələlərlə bağlı da məhkəmə davaları açılıb.
Cia.az
