Bir neçə gün əvvəl paytaxtın Yasamal rayonunda, “İnşaatçılar” metrosunun yaxınlığında yüzlərlə kitab zibil yeşiyinə atılıb. Zibil yeşiyinə atılan kitablar arasında Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Nizami Gəncəvi, Anar və digər ədiblərimizin kitabları, elmi ədəbiyyatlar, habelə ensiklopediya cildlikləri yer alıb.
Bu kitabların zibil yeşiklərinə atılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Xatırladaq ki, sovet dönəmində kitabsız ev təsəvvür etmək çətin idi. Hətta elə kitablar vardı ki, əl-əl gəzirdi. İnsanlar evlərindəki kitabxanaların zənginliyi ilə fəxr edirdi.
20-25 il bundan əvvəl, demək olar ki, hər kənddə, qəsəbədə heç olmasa bir kitabxana var idi. Rayon mərkəzlərində isə bir neçə kitabxana və kitab mağazaları olurdu. İndi isə əvvəllər kitab mağazası kimi fəaliyyət göstərən yerlər təyinatını dəyişib. Eyni sözü kitabxanalar barədə də demək olar. İndi gənclərdən kitab oxumamaqlarının səbəblərini soruşduqda onlar istədikləri kitabı internet vasitəsilə oxuduqlarını bildirirlər.

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev internet resurslarının kitabı heç vaxt əvəz edə bilməyəcəyini dedi: “Bütün tanınmış intellektuallar, alimlər açıq şəkildə etiraf edirlər ki, internet resursları heç vaxt kitabı əvəz edə bilməyəcək. Kitab başqa fəlsəfəyə malikdir. Kitaba münasibət məsələsi sovetlər süquta uğradıqdan sonra başladı. Bakı şəhərinin hər tinində böyük bir kitab mağazası var idi. İndi o kitab mağazalarının yerində ticarət obyektləri var. Bakı şəhərinin təkcə mərkəzində olan kitab mağazalarının 90 faizi yerlə yeksan olundu. Bu yaxınlarda Sumqayıtda idim və mən orada bir dənə də olsa kitab mağazası tapa bilmədim. Kim ki deyir hər şey internetdə var, bilin ki, o adamlar çox savadsız və kitab oxumağa meylli olmayan adamlardır. Qalan kitab şəbəkələrinə, ”Əli və Nino" kitab mağazasına diqqət etsəniz görərsiniz ki, tanınmış kütlə kitab almır. Bu mənada da demək olar ki, kitab artıq gözdən düşüb. Kitab gözdən düşdüyünə görə kitabları zibil yeşiklərinə atırlar. Kitab müqəddəs bir dəyərdir və ona toxunmaq olmaz".
E.Əliyev kitaba münasibətin gələcəkdə də müsbət istiqamətə dəyişəcəyinə inanmadığını bildirdi: “Bundan sonra kitaba münasibətin pozitiv istiqamətə dəyişəcəyinə inanmıram. Bütün böyük elmi əsərlərin, istər elmi ədəbiyyat, istər populyar, bədii ədəbiyyatın heç birini elektron resurslardan oxumaq mümkün deyil. Kitab oxuyan ölkələrin heç birində kitaba münasibət dəyişməyib. Yalnızca kitaba hörməti və sevgisi olmayan ölkələrdə kitablar zibil yeşiklərinə atılır. Bir məqam da var ki, orta və yaşlı nəsil də artıq kitab oxumur. Orta və yaşlı nəslin kitaba münasibəti mənfidirsə, gənclərin də münasibəti mənfi olacaq. Akademiklər, professorların ya şəxsi kitabxanaları yoxdur, ya şkaflarında 5-6 kitab var. Bunun özü də kitaba laqeyd münasibətdir. Əgər kitabı zibil qutusuna atarkən oradan keçən hansısa ağıllı adam onların bu hərəkətinə ”dayan" desəydi, bu, dayandırıla bilərdi. Buradan da görünür ki, kitaba həvəs o formadadır ki, heç kim bu məsələyə reaksiya verməyib".

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid gənc nəslin daha çox kompyüterdən kitab oxumağa üstünlük verdiyini dedi: “Kiril əlifbası ilə çıxan çoxlu sayda kitablar var ki, onları yeni nəsil oxuya bilmir. Ona görə də evlərdə yük olmasın deyə bu kitablar atılır. Həmçinin yaşlı insanların evində o qədər köhnəlmiş sovet ideologiyasına xidmət edən kitablar var ki, yeni nəsil onları gərəksiz hesab etdiyinə görə tullayır. Ümumiyyətlə isə yeni nəslin kitaba marağının azlığı ciddi problemdir. Bununla bağlı biz həmişə demişik ki, faciəvi bir haldır ki, Azərbaycanın bir sıra rayonlarında kitab mağazaları yoxdur. Gənclərin kitab oxumağa marağının az olmasının da səbəbləri var. İnsanlar görürlər ki, kitab oxuyan adamla kitab oxumayan adamın fərqi yoxdur. Kitab oxuyan adam cəmiyyətdə o qədər də uğur qazana bilmir, xırda-xuruş maaşla akademiyada yaxud digər müəssisələrdə müəllim kimi işləyir. Kitab oxumayan isə hər hansısa ticarət, biznes sahəsində uğurlar qazanır. Amma ümumi götürəndə son 5 ildə cavanların kitaba marağı xeyli dərəcədə artıb. Biz kağız kitaba öyrəşmişik və sevirik. Kitabı kağız variantdan oxumağa üstünlük veririk. Amma yeni nəsil üçün də elektron variantda oxumaq o dərəcədə zövqverici və xoş bir prosesdir. Mən hansı formada olur-olsun əsas oxumağa üstünlük verirəm. Mən özüm də hərdən kompyüterdə kitablar oxuyuram və insan getdikcə buna adət edir. Əsas məsələ hansı formada oxumaqda deyil, əsas odur ki, oxusunlar”.
Cia.az
