|
Ədəbiyyatımızda yeni nəsil köhnələrə qarşı...
Gənc yazar Kəramət Böyükçölün Bəxtiyar Vahabzadə və Əhməd Cavad haqqındakı fikirləri ciddi etiraz doğurub. O, hər iki şairin yaradıcılığının zəif olduğunu bildirib. Xüsusilə onun şair atası Qəşəm Nəcəfzadənin oğlunu müdafiə etməsi yaranan narazılığı daha da dərinləşdirib. Gənc şairi tənqid atəşinə tutanlar, müdafiə edənlərdən çoxluq təşkil edirlər.

Tanınmış şair Salam Sarvan gənc şairi müdafiə edib. O, sosial şəbəkələrdə paylaşdığı statusda K.Böyükçölün fikirlərinin tam doğru olduğunu bildirib: “Sözü deyəndə birbaşa deyin, burcutmayın. Kəramət Böyükçölün Bəxtiyar Vahabzadə və Əhməd Cavad haqda fikirləri yüzdə yüz düzdü. Özü də heç kəsi təhqir etmədən deyib. Mən cavanlıqda xarratlıqla məşğul olmuşam deyə, ağacları bir-birindən ayıra bilirəm. Sonra yaradıcılıqla məşğul olduğumdan yazını da tanıya bilirəm. Yəni Kəramətin o fikirlərində hətta ironiya da yox idi. Yaxşı, bunları buraxın bir yana, keçək Mirzə Ələkbər Sabirə...
 
Əziz həmvətənlər, əgər dostlarımızdan biri Əhməd Cavad haqda qəti bir fikir deyibsə, deməli, o arxayındır düşüncələrində, yəni onu axıracan oxuyub. İndi mən sizə desəm ki, Mirzə Ələkbər Sabir bizə təqdim olunduğuna rəğmən talantsız və faydasız şair olub, o dəqiqə məni söyməyə girişməyin. Əvvəla, mənim kimi zəhmət çəkib, Sabiri axıracan oxuyun. Oxuduz? Hə, indi qayıdın ilk səhifəyə və təzədən oxumağa başlayın. Bu zaman baş barmağınızı şəhadət barmağınıza birləşdirin. Vəssalam, qalanı ilə işiniz olmasın, öz-özünə çırtma alınacaq. Və siz Sabiri oxumağa davam etdikcə, bu dəhşətli çırtma səslərini eşidəcəksiz.
 
Ona görə də biz deyəndə ki, Mirzə Sabirin də yaradıcılığı aldanışdı, biz deyəndə ki, indiki meyxanaçılar onun düşünüb yazdığını indi bədahətən deyə bilirlər, əsəbləşməyin".
 
 
BDU-nun professoru Almaz Əliqızı dövlət himnini yazan bir şairə “zəif” deməyin vicdansızlıq olduğunu bildirdi: “Nə Əhməd Cavad, nə də Bəxtiyar Vahabzadə zəif şair deyil. Dövlətimizin himnini yazan bir şairə zəif demək olar? Azərbaycanın istiqlalına, müstəqilliyinə, üçrəngli bayrağına ən gözəl şeirləri Əhməd Cavad yazıb. O, elə bir sənətkar idi ki, zamanında diri ikən əyninə kəfən geyinib, yalın yumruqları ilə zülmün qapısını döyəcləyirdi. Bunu hər adam bacarmazdı, amma Əhməd Cavad bacardı. Ölümünün axırlarına yaxın ”Susmaram" şeirini yazdı. Onun ən sonuncu şeiri budur. Ona deyirdilər ki, heç olmasa, həyatının sonlarında sus. Amma vətən sevgisi ona susmağa imkan vermirdi. Belə şairə zəif demək ən azından vicdansızlıqdır. Yaxud Bəxtiyar Vahabzadə olsun. 60-70-ci illərdə şəxsiyyətə pərəstiş dövründə “Gülüstan” poemasını yazan, millətə, torpağa canı ilə bağlı olan bir insan haqqında da bu sözləri demək vicdansızlıqdır. Daim gəncliyin tərəfində olmuşam. Amma gənclər də bilməlidir ki, onların yaradıcılığı şəxsiyyət vəsiqələridir. Kimlər də nə deyirsə desin, boş şeylərdir".
 
 
Yazıçı Seyran Səxavət isə bu cür mövzuları gündəmdə saxlayan mətbuatı tənqid atəşinə tutdu: “Bu tipli məsələlər neçə ildir gündəmdədir. Təkcə ədəbiyyatı əhatə etmir. Bu məsələni gündəmdə saxlayan mətbuata deyirəm ki, sizlər belə etməklə, həmin şəxslərə işlərini davam etdirməyə rəvac verirsiniz. Gələcəkdə də bütün sahələrə müdaxilə edəcəklər. Bunlara ən yaxşı cavab susmaqdır. Bu cür suallara cavab verməkdən artıq bezmişəm. Məni təəccübləndirən odur ki, mətbuatın başqa iş-gücü yoxdur. Kim nə deyirsə desin, əsas sözü tarix deyir. Hər şairin, alimin öz yeri var. Onların biletlərini zaman verib. Bunlar ancaq zamanın kassalarında satılan biletlərdir. Hərə özünə uyğun dəvətnamə yaxud bilet alır. Sabiri bəyənməyən kimi, nəsə olur ki? Dərdlərimiz çoxdur. Belə işlər boş şeylərdir. Ən yaxşısı tədqiq etməkdir. Hər deyilən sözə reaksiya vermək lazım deyil. Ondan sonra görəcəksiniz ki, susacaqlar. Çünki özləri deyib, özləri eşitdiklərini görəcəklər. Ən gözəl yolu budur”.
Cia.az