Xarici işlər Nazirliyində baş verənlər ölkə gündəminin əsas mövzularından birinə çevrilib. İyun ayında səfir Arif Məmmədovun çıxışları və geri çağırılmasından sonra bu dəfə Avstraliyadakı səfirliyimizdə iki diplomat Azərbaycana qayıtmaqdan imtina edib.
Əvvəlcə səfirliyin 3-cü katibi Anar Həsənovun səfir Rövşən Cəmşidov və səfirliyin mühasibinin yol verdiyi korrupsiya əməlləri barədə ifşaedici sənədləri yayan A.Həsənovun geri qayıtmadığı və Avstraliya hökumətindən sığınacaq istədiyi bildirilir. Bundan az sonra isə yenə Avstraliyadakı səfirliyimizin 3-cü katibi Fərid Sübhanverdiyev diplomatik xidmətdən azad edilsə də, ölkəsinə qayıtmaqdan imtina edib. Fərid Sübhanverdiyevin 2 aya yaxındır ki, Avstraliyada təhsil almaq üçün lazımi vizanı gözlədiyi bildirilir.
Diplomatların bu addımı artıq hökuməti də narahat etməyə başlayıb. Nazir Elmar Məmmədyarov isə deyib ki, Xarici İşlər Nazirliyində tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcək.
Ancaq hökumət hansı addımları atacaq? Bu proses davamlı olacaqmı? Dövlətin elitar, yüksək intellektli, savadlı və əsasən təminatlı ailələrdən çıxan insanların çalışdığı diplomatik korpusda baş verənlərin gerçək səbəbləri nədir? Bu sualları keçmiş səfir, politoloq Hikmət Hacızadəyə ünvanladıq. Hikmət bəy deyir ki, diplomatlar ölkədə baş verənlərdən təsirlənirlər:
- Bu, yalnız XİN sistemində deyil, bütün ölkədə baş verən bir prosesdir. Məsələ ondadır ki, bütün ölkədəki ovqat gedib ora da çıxıb. Ölkədə nə baş verir, hansı biabırçılıqlar olur, diplomatlar hamısı bunu bilir. Özləri isə çox gözəl, azad, firavan ölkələrdə yaşayıb işləyirlər. Yəni gündəlik oranı da görürlər. Və əlbəttə ki, bunlar hamısı kontrastdır. Sən hansısa cənnətdə qalırsan, ancaq öz ölkən pis gündədir və bir gün ora qayıtmalı olacaqsan. Bütün bunlar hamısı diplomatları düşündürür. Gələcəklərini görmürlər və başlayırlar belə addımlar atmağa. Bunlar hamısı bizim daxili siyasətin davamıdır.
- Ancaq XİN sistemi elədir ki, ora, belə desək, “təsadüfi” adamlar düşmür. Ciddi kadr seçimi aparılır və həm də daha çox hakim elitaya yaxın dairələrdən diplomatik korpusa düşürlər. Bu cür bir yerdə işləyən kadrların etiraz etməsi sıradan hadisə deyil.
- Yox, elə deyil. Orda, belə deyək, rejimə sadiq, bağlı adamlar da, qohum-qardaş da var. Amma neytral adamlar da var. Aparat böyükdür axı... O qədər adamı qohum-qardaş içərisindən tapa bilməzsən. Bu neytral adamlar baxırlar, götür-qoy edirlər, vəziyyətə görə narahat olurlar. Burdakı mübarizəyə baxırlar. Eyni zamanda orda qəzetlərdə Azərbaycan haqqında, burdakı hökumət haqqında yazılanları oxuyurlar. Bütün bunların nəticəsi olaraq belə qərarlar qəbul edirlər.
- Məlumdur ki, XİN o qədər də korrupsiyaya bulaşmamış, belə desək, neft pullarının çatmadığı bir qurumdur. Həm də yüksək savadlı, intellektli kadrların çalışdığı bir nazirlikdir. Əgər burda diplomatlar rəhbərliyə qarşı etiraza qalxırsa, hətta sığınacaq üçün müraciət edirsə, bu onu göstərir ki, XİN sistemində ciddi böhran var.
- Siz doğru qeyd etdiniz. Əslində vəziyyət belədir ki, harda düzgünlük var, orda azadlıq və düzgünlük tələbi çox olacaq. Bu mənada burda durum fərqlidir. Əgər gömrük sistemindən məmurlar qaçmağa başlasaydı, onda artıq fərqli vəziyyət olardı, yəni sistemin sonunu göstərirdi. Ancaq siz qeyd etdiyiniz kimi, bu idarə müəyyən mənada korrupsiyadan uzaqdır, öz aləmlərində vicdanlarının təmiz olduğuna inanırlar. Ona görə də hesab edirlər ki, azadlıq, ədalətli münasibət tələb edə bilərlər".
- Belə bir fikir var ki, diplomatların bu cür imtinaları, xarici ölkələrdən sığınacaq istəmələri tendensiyaya çevrilə bilər. Necə düşünürsünüz, hökumət bu prosesin qarşısını ala bilərmi? Elmar Məmmədyarov da araşdırmaların başlandığını, neqativlərin aradan qaldırılacağını dedi. Nəzərə alsaq ki, bu, nazir səviyyəsində ilk belə açıqlamadır, belə görünür ki, hökumət narahatdır, hansısa addımlar atmaq istəyir.
- Bu artıq tendensiyadır. Bundan artıq nə ola bilər ki? Bu tendensiya cəmiyyətdə var idi, indi də məmurlar arasında yayılır. Ola bilər ki, yenə başqaları da belə addımlar atacaq.
- Amma diplomatlar adətən ölkələrinə bağlı, vətənpərvər olurlar...
- Yox, bu belə deyil, bu əksinədir. Diplomatlar bütün ölkələrdə belədir, gah o tərəfə, gah bu tərəfə keçirlər. Belə şeylər çox olub, xüsusən də sovet dönəmində belə faktlar olub ki, bir neçə diplomat Amerikaya, Britaniyaya qaçıb. Düşünürəm ki, burdakı rəzalət davam eləsə, bu proses də davam edəcək.
Cia.az
