Salyan rayonunun Qaraçala qəsəbəsinin Çadırlı və Pambıqkənd kəndlərində mavi yanacaq yoxdur. Bu barədə "Bizim Yol"a müraciət edən sakinlərə 2015-ci ildə bu problemin həll olunacağı deyilib. Əhali vədin gerçəkləşmədiyini deyərək aidiyyatlı dövlət qurumlarından şikayət edirlər. "Qışa az bir vaxt qalsa da, evlərimizə qaz çəkilməyib. Bu onu göstərir ki, şaxtalı qış günlərində problemlərlə qarşılaşacağıq. Ümid elektrik enerjisinə qalır. Bu sahədə də narahatlığımız var. Elektrik enerjisinin xərclərini ödəyə bilmirik. Biz rayonda qazlaşma prosesinin sürətləndirilməsini tələb edirik",-deyə kənd əhalisinin müraciətində qeyd olunur.

Sakinlər vurğulayır ki, 2014-cü ildə Salyanın bəzi yolətrafı kəndlərində, o cümlədən, Çadırlı, Pambıqkənd kəndlərində evlərin bir hissəsinə qaz çəkilsə də, digərləri hələ də qazsız qalıb. Kənd əhalisi məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə bir neçə dəfə müraciət edib, amma nəticə əldə edilməyib. Sonuncu dəfə bir neçə ay əvvəl kənd sakinləri "Azəriqaz"ın Salyan Regional Qaz İstismar İdarəsinə qış fəslinə kimi kəndə qaz verilməsi üçün müraciət ediblər. İdarədən isə bildirilib ki, kəndə qaz plan üzrə veriləcək.
Kənd sakinləri iddia edirlər ki, kəndlərə qaz çəkilişi ötən il üçün nəzərdə tutulsa da, aidiyyatı qurumlar qazlaşmanı natamam aparıblar. Hazırda kəndin bir tərəfində qaz var, digər tərəfində isə yoxdur. Amma kəndlərə verilməli olan mavi yanacağın iş adamlarına məxsus olan və kəndin yaxınlığındakı istixanalara ötürüldüyü bildirilir. Həmin istixanalarda isə pomidor, xiyar yetişdirilir.
Çadırlı və Pambıqkənd sakinlərinin şikayəti əsasında "Azəriqaz" İB-inə ünvanlanan sorğuya bu qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbəlayev cavab verdi: "Sakinlərin sizə verdiyi məlumata görə, kəndin bir hissəsi qazlaşdırılıb. Amma "Azəriqaz" tərəfindən bu kəndlərdə qazlaşma prosesi hələ başlanılmayıb. Ola bilsin, fərdlər öz imkanları daxilində bu prosesi həyata keçiriblər. Pambıqkəndin qazlaşdırılması dövlət proqramında nəzərdə tutulub. Çadırlı dövlət proqramına salınmamışdı. Əhalinin müraciəti əsasında şirkət tərəfindən bu kəndin də qazlaşdırılması layihəsi hazırlanır. Yəni o da dövlət proqramına salınıb. Hər iki kəndin qazlaşdırılması tərəfimizdən təmin olunacaq. Bu proses bu ildən başlayacaq".

İ.Kərbəlayev onu da bildirdi ki, bu ilin yanvar-avqust ayları ərzində "Azəriqaz"a daxil olan hüquqi və fiziki şəxslərin müraciəti araşdırılıb, müvafiq sənədləri təqdim edən 278 çoxmərtəbəli binaya təbii qaz verilib və bu binalarda ümumilikdə 5169 ailə yaşayır.
Bildirək ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu sahəyə irihəcmli dövlət investisiyalarının yönəldildiyi bildirilir. Dövlət Proqramında o da qeyd olunub ki, yaşayış evlərinin qazlaşma səviyyəsi 34 faizdən 83,4 faizə çatıb və regionlarda qaz təchizatının daha da yaxşılaşdırılması tədbirlərinn davam etdiriləcək.
Həmin proqramda Salyan rayonunun qaz təchizatı üçün də müvafiq tədbirlərin görüləcəyi bildirilir. Belə ki, Dövlət Neft Şirkəti rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərini 2018-ci ilə qədər bitirməlidir.
Cia.az
